Yuxarı

Çin səfirliyinə qarşı viza iddiası

Çin səfirliyinə qarşı viza iddiası

Viza verilməsi niyə problemə çevrilib?

Hər bir ölkənin ərazisində müxtəlif dövlətlərin səfirlikləri və konsulluqları fəaliyyət göstərir. Səfirliklər və konsulluqlar öz növbəsində həmin ölkələrə gedən turistlər üçün vizaların verilməsi işi ilə məşğuldurlar. Ortalama götürdükdə istər Avropa ölkələrinə, istərsə də Şərqi Asiya ölkələrinə vizaların qiyməti 1 ay müddətinə təxminən 40-50 dollar intervalında dəyişilir.

"Cümhuriyət” qəzetinə müraciət edən bir qrup iş adamı bildirib ki, təxminən 1 ilə yaxındır ki, Azərbaycandan Çin Xalq Respublikasına viza açılışında fantastik qiymətlər müəyyənləşdirilir.

Onlar iddia edir ki, Çinə viza almaq problemə çevrilib: 

"Normalda Çinə 1 ay müddətinə getmək üçün vətəndaşlara vizalar 40-50 dollara verilir. Təbii ki, əgər qrup şəklində gedilərsə, bu interval dəyişilir. Təxminən 1 ilə yaxındır ki, bu istiqamətdə "aktiv” fəaliyyət gedir və bəlkə də hansısa  şəbəkə bunu monopoliyaya almaq istəyir. Dəfələrlə Azərbaycanda dövlət səviyyəsində iş adamlarına, sahibkarlara və digər ticarət fəaliyyəti ilə məşğul olan vətəndaşlara müəyyən güzəştlər tətbiq edilməsi barədə göstərişlər verilir. Biznes mühitinin inkişaf etdirilməsi üçün müəyyən şərait yaradılır. Amma gəl ki, bəzi "işbazlar” buna imkan vermir. 

Vaxt baxımından iş adamlarının viza alması üçün səfirliyə müraciət etməyə zamanı olmur. Buna vaxt tapanlar da olur, amma iş adamlarının 90-95 faizi rahat və tez olması baxımından bu işi turizm şirkətlərinin birilə görür. Sahibkar pasportunu verir, biletini sifariş edir, vizasını açdırır. Bir sözlə, hər şeyi turizm şirkəti öz üzərinə götürür. Tutaq ki, Çinə gedən iş adamı viza almaq üçün hansısa bir turist firmasına müraciət edir. Bu zaman ona bildirirlər ki, əgər qrup şəklində gedirsə, 1 aylıq müddətə 150 dollara, fərdi olarsa - 300 dollara, 6 aylıq - 1500 dollara, 1 illik - 2500 dollara viza açılır. İnkişaf etmiş Avropa, Qərb ölkələrinə vizalar 40-50 dollara açıldığı halda, Çinə vizaların qiymətinin bu qədər baha olması sual doğurur”. 

Sahibkarların sözlərinə görə, Azərbaycandan Çin istiqamətində uçuş həyata keçirən aviareyslərə nəzər saldıqda ölkəmizdən Pekinə həftədə 3 dəfə səfərlər edildiyi  müşahidə olunur:

"Demək olar ki, təyyarələr dolu gedib-gəlir. Təbii ki, vizaların qiymətlərini səfirlik müəyyən etmir. Əgər vizanın qiymətini doğrudan da,  Çin səfirliyi müəyyən edirsə, o zaman niyə qonşu Gürcüstanda həmin qiymətlər tətbiq olunmur? Əgər Gürcüstanda aylıq fərdi vizanın qiyməti 40 dollardırsa, bəs Azərbaycanda həmin fərdi vizanın qiyməti niyə bahadır? Gürcüstandan Çinə ən baha viza 70-80 dollar civarındadır”. 

Biznesmenlər digər ölkələrdən verilən vizalara və onun şərtlərindən də danışıb:

"Rusiya Federasiyasında çox yüngül şərtlərlə və cüzi qiymətə viza açırlar. Bir dəfə açılmış viza ilə rus vətəndaşı Çinə iki dəfə səfər edə bilər. Hətta multivizalar var ki, Rusiya vətəndaşları çox asanlıqla onu əldə edə bilirlər. Multiviza alan vətəndaş 1 il ərzində istədiyi qədər həmin ölkəyə gedib-gəlmək üstünlüyü qazanır. Məlumdur ki, Çin bəzi müsəlman ölkələrinə viza verilməsini sərtləşdirib. Amma bu sərtləşmə qiymətin qalxmasına da təsir edibmi, bax, bunu kimsə demir. 17 müsəlman ölkəsinə isə viza verməsinə ümumiyyətlə, qadağalar qoyulub”.

"Cümhuriyət” qəzeti sözügedən məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çinin viza sistemi haqqında şərh verə bilmədiyini deyib:

"Çin müstəqil dövlətdir, özünün viza sistemi var. Yaxşı olar ki, məsələni aydınlaşdırmaq üçün Çin səfirliyinə müraciət edəsiz”.

Telefonla açıqlama vermək istəmədikləri üçün üz tutduq Çinin Azərbaycandakı səfirliyinə. Səfirliyin viza şöbəsi münasibət bildirməkdən dolayı yolla imtina etdi. Onların qənaətincə, bu barədə danışmaları üçün redaksiya ilk öncə Azərbaycanın Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət etməlidir. Əgər nazirlik rəsmi şəkildə səfirliyə açıqlama verməyə icazə verərsə də, konsul açıqlama verib-verməmək məsələsini yenidən götür-qoy edəcəkmiş. Yəni, məsələ barədə açıqlama verə də bilər, verməyə də...

Mövzunun birtərəfli olmaması baxımından mümkün variantlara əl atdıq. Amma gördük ki, səfirliyə üz tutmağımız "samanlıqda iynə axtarmaq”dan başqa bir şey deyilmiş. Adətən, bu cür yazıların sonunda "qarşı tərəfin mövqeyini də dərc edəcəyik” yazırıq. Bu dəfə buna gərək duyulmadı. Səfirliyin mövqeyi ortadadır...

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları