Yuxarı

Qəlyana da qadağa gəlir

Qəlyana da qadağa gəlir

Bu gün qəlyan gənclərin ən sevimli məşğuliyyətinə çevrilib. İki addımdan bir qəlyan salonlarına rast gəlinir. Gənclərin isə bu salonlara üz tutması adi hal alıb. Qəlyanın siqaretdən də təhlükəli olduğunun fərqinə varmayan valideynlər övladlarına bu məsələdə azadlıq veriblər. Amma sirr deyil ki, qəlyan narkotik qəbuluna yol açan ilk mərhələdir. 

Qeyd edək ki, qəlyanın istirahət və əyləncə məkanlarından yığışdırılması məsələsi bir müddət əvvəl Milli Məclisin gündəliyinə çıxarılmışdı. Milli Məclisin "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova demişdi ki, təhsil müəssisələrinə yaxın yerlərdə qapalı məkanlar olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir. Millət vəkili bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməsinin vacibliyini irəli sürərək, yeniyetmə gənclərin qəlyana maraq göstərməməsi üçün ciddi addımlar atılmasının vacibliyini bildirmişdi. Bundan əlavə millət vəkili Araz Əlizadə də qəlyanın çəkilməsinə qarşı çıxaraq qeyd etmişdi ki, Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir.
Yenidən Milli Məclis ölkədə narkotik vasitə kimi sulu qəlyanın qadağan edilməsini tələb edib. Belə ki, deputat Araz Əlizadə sulu qəlyanın tam qadağan edilməməsinin səbəbini araşdırmağı tələb edib, bunun arxasında kimlərinsə olduğunu iddia edib. O qeyd edib ki, ötən sessiya zamanı qəbul edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda sulu qəlyandan istifadənin bir sıra yerlərdə məhdudlaşdırılması yer alsa da, bu, kifayət deyil. Millət vəkili sulu qəlyanın birdəfəlik qadağan edilməsini vacib sayıb. Bunun arxasında müəyyən lobbilərin dayandığını deyib. 

Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini Musa Quliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Qanun Sosial Siyasət Komitəsində işlənilib. Birinci oxunuşdan keçib: "Payiz sessiyası başlayanda da növbəti oxunuşdan keçəcək və qanun qəbul olunacaq. Bu qanunda qaydalar sulu qəlyanlar, siqaret və digər tütün məhsulları ilə bərabər tutulur. Siqaret çəkilməsi yasaq olan bütün qapalı məkanlarda sulu qəlyan çəkilməsinə də qadağa qoyulacaq. Amma açıq məkanlarda icazə var. Açıq kafelər də sulu qəlyanlara qadağa olmayacaq. Dünyanın bütün ölkələrində bu təcrübə var. Məndən olsa, buna bütövlükdə qadağa qoyulardı. Amma cəmiyyətin də öz tələbləri, istəkləri var ki, onların hamısına qarşı getmək olmaz”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları