Yuxarı

Həbsxanalar boşalacaq

Həbsxanalar boşalacaq

Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsinə dəyişiklik və əlavələr edilir. Belə ki, ömürlük məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması  ilə bağlı dəyişiklik təklif olunur. Bundan əlavə yetkinlik yaşına çatmayanlara verilən cəzalar yüngülləşdirilir. Digər qərar görə narkomanlar cinayət məsuliyyətinə cəlb edilməyəcək.   Cinayət Məcəlləsinin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) dəyişiklik edilir. Bununla əlaqədar Məcəlləyə yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur. 

Digər məsələ Məcəlləyə yeni, 90-1 maddəsinin (Yetkinlik yaşına çatmayanların cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi) əlavə olunmasıdır.
Qanun layihəsində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini bu məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad olunması mümkündür.
 
Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. 
Azərbaycanda narkomanların cinayət məsuliyyətinə cəlb edilməyəcəyi məsələsinə gəlincə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.
 
Yeniliyə görə, Məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
 
Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisənin müdiriyyətinin məlumatı əsasında bu Məcəllənin 75.1 maddəsində göstərilən müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilmir. Hər üç dəyişiklik ictimai dinləmələr keçirildikdən sonra müzakirə üçün Milli Məclisin iclasına tövsiyyə ediləcək.

Hüquqşünas Ələsgər Məmmədli Cebhe.info-ya açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər humanist addımlardan xəbər verir: "Ömürlük məhkum olunmuş şəxslərin bəlli bir vaxtdan sonra azad olunması düşünürəm ki, humanist yanaşmadır. Bu baxımdan addımı yüksək qiymətləndirirəm.  Digər məsələ narkomanların cinayət məsuliyyətinə cəlb olunmamasıdır. Narkotik aludəçiliyi daha çox xəstəlikdir. Dövlətin vəzifəsi həm də vətəndaşın normal yaşam şəraitini təmin etməkdir. Bu xəstələrin cəmiyyətə tamamilə sərbəst buraxılması məsələsi deyil, onların məcburi müalicəyə göndərilməsidir. Burada cəza əgər ləğv olunursa, onların keyfiyyətli yardım alaraq, belə vərdişlərindən kənarlaşdırılaraq cəmiyyətə qazandırılması yüksək dəyərləndirilməlidir”.

Ekspertlər hesab edirlər ki, Cinayət Məcəlləsində gözlənilən dəyişikliklər gələcəkdə cinayət hadisələrinin sayını daha da artırmış olacaq. Hüquqşünas bu məsələyə də toxunub. O deyib ki, qeyd edilən dəyişikliklər cinayət hadisələrinin sayını artırmayacaq: "Vaxtilə Azərbaycan Avropa Şurasına daxil olarkən edam cəzasının qaldırılması ilə bağlı deyilirdi ki,  bu, cinayət hadisələrinin sayını artıracaq. Amma bu, heç də belə olmadı. Statistika göstərdi ki, ondan sonra adam öldürmə faktları azaldı, nəinki artdı... Zaman-zaman ağır cəzaların effekti olmur. Bəzən bu məsələdə humanist addımlar daha effektli olur. Hesab edirəm ki, Cinayət Məcəlləsinə ağır hökmlər qoymaqla toplumu cinayətlərdən arındırmaq olmaz. Daha çox insani keyfiyyətlər və humanist addımlar atmaq insanları bu cinayətlərə meylini azaldar”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları