Yuxarı

Dəfn qalmaqalı: Ölülər üzü qibləyə basdırılmır?

Dəfn qalmaqalı: Ölülər üzü qibləyə basdırılmır?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Lənkəranın Gərmətük kənd qəbirstanlığında ölülərin heç də hamısı müsəlman qaydası ilə üzüqibləyə dəfn edilməyib. Ölülərin yanlış istiqamətə dəfni kənd sakinlərinin ciddi narazılığına səbəb olub. Adının çəkilməsini istəməyən və özünü Lənkəran sakini kimi təqdim edən şəxs iddia edir ki, sözügedən qəbirstanlıqda məzarların bir çoxu, xüsusilə, yeni ölənlərin qəbirləri üzüqibləyə tərəf deyil, fərqli istiqamətə baxır. Bu isə şəriətə görə günah hesab olunur...

"Kim icazə verər ki, məzar dəyişsin?”

Lənkəranın Gərmətük kənd bələdiyyəsinin sədri Tamerlan Rzayev "Cümhuriyət” qəzetinə açıqlamasında faktı nə təsdiq, nə də təkzib edib: "Dəqiq deyə bilmərəm, gərək gedib yerində baxım. Belə bir şeyi birinci dəfədir ki, eşidirəm. Hər halda axunddan soruşub, sizə məlumat verəcəm”. "Əgər deyilən iddialar doğru çıxarsa, hansı tədbirlər görüləcək” sualına cavabında bələdiyyə sədri deyib ki, ölü sahibi məzarın dəyişməsinə çətin razılıq verər: "Kim icazə verəcək ki, məzar dəyişsin? Daş qoyulub, onun yiyəsi var. Belə şey olmaz. O ölülərin hamısını axund basdırır. Ola bilsin ki, nə vaxtsa qədimi məzarlar olsun. Basdırılanda həmişə molla gəlib deyir ki, qiblə necədi, hamısı o cür dəfn edilir. Hər halda bunu dəqiqləşdirəndən sonra konkret bir şey deyə biləcəyəm”. Gərmətük kənd qəbirstanlığının axundu Zahid Hüseynov isə deyilənləri təkzib edib və bildirib ki, həmin qəbirstanlıqda ölüləri ruhanilər dəfn edir: "Belə bir şey ola bilməz. İndi də ölüləri ruhanilər dəfn edir və hamısı qibləyə tərəfdir. Belə bir şey mümkün deyil”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məbuat katibi Yaqut Əliyeva məsələnin şəriətlə bağlı olmasını əsas gətirərək, bu barədə qurumun mövqe bildirmək səlahiyyətinin olmadığını deyib. 

Maraqlıdır, şəriət baxımından qibləyə tərəf basdırılmayan ölünün yenidən dəfni mümkündürmü? 

AXCP sədrinin dini məsələlər üzrə müavini Tural İrfan "Cümhuriyət” qəzetinə bu barədə danışıb. O, deyib ki, İslamda belədir ki, mütləq insan dünyasını dəyişəndən sonra torpağa tapşırılmalıdır və torpağa tapşırılarkən də sağ çiyni üstündə qibləyə tərəf, yəni Məkkədə yerləşən Kəbəyə tərəf dəfn olunmalıdır: "Harda olmağından asılı olmayaraq, bu vacib hökmdür. Bu tamamilə şəriətə uyğundu. Bütün İslam dünyasında ölülər bu cür dəfn olunur. İslamın şiəlik məzhəbində əmanət deyilən bir şey var. Bu nə deməkdir? Sağlığında insan vəsiyyət edir ki, məni məsələn, Kərbəlada, Məkkədə dəfn edərsiniz. O dövrdə indiki nəqliyyat vasitələri olmadığından həmin şəxsi saxlamaq, yaxud uzun məsafə qət etmək, onun cəsədinin çürüməsinə səbəb olurdu. Ona görə onlar insanı can verən vəziyyətdə arxası üstə torpağa dəfn edirdilər ki, o çürüsün, sümükləri qalsın. Sümükləri yığıb bir sandıqda, bağlamada saxlayıb Kərbəlada, məsələn, Məkkədə dəfn edirmişlər. Məsələn, məşhur seyidlərimizdən Mir Mövsüm Ağa hazırda əmanət basdırılıb. Bəlkə də çoxları bunu bilmir. Vəsiyyətinə görə Kərbəlada dəfn olunmalıymış. Sovet dövrü olduğu üçün onu vəsiyyət etdiyi yerdə dəfn edə bilməyiblər. Şəriətin hökmünə görə o və onun kimi ölülər çıxarılıb üzüqibləyə tərəf dəfn olunmalıdır. Aldığım məlumata görə Buzovna, Kürdəxanı qəsəbələrində xeyli əmanət dəfn olunmuş ölülər var. Yəni onlar üzüqibləyə dəfn olunmayıb. Amma şəriətdə bu yoxdur. 

Şəriətə bu müxalifdir. Hətta peyğəmbərimizin hədislərində də var ki, insan harada dünyasını dəyişdisə, elə orada da dəfn olunmalıdır. Onu uzaq məsafəyə aparmaq lazım deyil. O ki qaldı Lənkəranda olan məsələyə, yəni qiblədən əks tərəfə basdırılması cəhalət üzündən ola bilər. Yaxud da hansısa din xadiminin, ruhaninin başqa bir ruhani ilə ixtilafı yaranır. Biri deyir qiblə bir az o tərəfədir. 

Ortaq məxrəcə gələ bilmirlər, mübahisəli olur. Amma onun heç bir dinlə, şəriətlə izahı yoxdur. İkinci bir tərəfdən, başqa dinin mənsubları ola bilər ki, onların da qibləsi başqa ola bilər. Məsələn, yəhudilər üzügünbatana, Qüdsə tərəf dəfn edirlər. Bizim də ilk qibləmiz ora olub, sonradan dəyişib. Ümumiyyətlə, birmənalı olaraq İslamda qiblənin əks tərəfinə dəfn olunmaq günahdır”.

Ekspert deyib ki, şəriətin hökmünə görə qibləyə tərəf basdırılmayanların məzarı yenidən açılıb və qibləyə tərəf dəfn olunmalıdır: "Qəbir açmağın bir neçə şərtləri var. Müasir dillə desək, ekspertiza lazım olur və dəfn olunmuş insan hansısa cinayət nəticəsində dünyasını dəyişir. Bu zaman məzarı açmaq məcburidir və şəriət də buna icazə verir. Məsələn, ölüyə məxsus əşyasını onun yanında basdırıblarsa, sonradan məlum olub ki, əşya başqasına məxsusdur. Bu səbəbdən də məzarı açmaq mümkündür. Digər tərfədən isə məzarın açılması ölünün yönünün qibləyə tərəf dəfn olunmaması səbəbindən baş verə bilər. Zamanında həmin şəriətin hökmü ona imkan verir ki, həmin ölünü çıxarıb yenidən dəfn etsinlər”.

Qiblə necə təyin olunur?

Tural İrfan qeyd edib ki, qiblə keçmiş zamanlarda günçıxanla günbatanın arası götürülürdü: "Şərqlə Qərbin arası mənasında bu ifadə edilirdi. İndi artıq kompas mövcuddur. Yəni kompas vasitəsilə qibləni təyin etmək mümkündür. Bu heç də çətin məsələ deyil. Lənkərandakı vəziyyətlə bağlı məsuliyyət birbaşa axundun üzərinə düşür. Digər tərəfdən də mənim üçün də qaranlıq qalır ki, həmin əhali məgər bunun fərqinə varmayıb? Bunun qəbirstanlıqdakı sıxlıqla bağlı olduğunu da düşünmürəm. Rayonlarımızda kifayət qədər qəbirstanlıqlar var. Bu sadəcə, həmin ruhaninin, axundun cəhalətindən, bilməməzliyi ucbatından ola bilər”. Qəbirlərarası məsafəyə gəlincə, Tural İrfan əlavə edib ki, elə bir ara məsafəsi şərti yoxdu: "Hamısının  üzü qibləyə olmalıdır. Heç bir ölçü meyarı yoxdur. Sadəcə, iki nəfəri bir qəbirdə dəfn etmək düzgün deyil. Bu qəbul olunmur. Amma mərtəbəli ola bilər. Bəzi ölkələrdə yer azlığına görə insanları üst-üstə dəfn edirlər. Məsələn, bir nəfəri 5 metr dərinlikdə dəfn ediblər. Ondan sonra övladı dünyadan gedib və onun üstündə basdırılıb. Gəncədə İmamzadə qəbirstanlığında belə məzarlar hələ də qalır. Yeraltı zirzəmilər var ki, hər dəfə dünyasını dəyişəni aparıb qoyublar və onun qarşısını hörüblər. Konkret ölçü yoxdu ki, ölünü bir-birinə yaxın bu məsafədə dəfn edəsən. Hər halda torpağa dəfn olunmaq və üzü qibləyə olmaq vacibdi”.

"Müsəlmanların qibləsi əvvəl Qüds olub”

Müsəlmanların qibləsi əvvəl Qüds olmuşdur. Bu da Allahın hökmü idi. Daha sonra uca Allah qiblənin istiqamətini Məkkəyə tərəf çevirmişdir. Bunun necə baş verməsini qısa şəkildə açıqlayaq. Allah təala Qurani Kərimdə buyurur: "(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: "(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?" (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər" (Bəqərə, 142). Belə bir ayənin nazil edilməsi, ilk vaxtlarda namaz zamanı müsəlmanlara Qüdsə tərəf üz tutmağın əmr edilməsi ilə əlaqədardır. Onlar Məkkədə olduqları zaman və Mədinəyə hicrət etdikdən il yarım sonraya qədər bu, belə davam etmişdir. Yəni müsəlmanlar Qüdsə tərəf namaz qılırdılar. 

Bu hökm özündə böyük hikmətə dəlalət edirdi və onun bir hissəsini Allah bizə açmışdır. Lakin sonralar, Özünün ilahi hikmətinə müvafiq olaraq, Allah müsəlmanlara üzlərini Kəbəyə tərəf çevirmək hökmünü verdi”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları