Yuxarı

Uşaqları işlədənləri cəza gözləyir

Uşaqları işlədənləri cəza gözləyir

Bu gün Azərbaycanda azyaşlı uşaqların əməyinin istismarı ilə bağlı ciddi faktlar var."Uşaq hüquqları haqqında” Qanunun 24-cü maddəsində göstərilir ki, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ var. Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir. Təxminən dünya üzrə il ərzində 60 milyona yaxın uşaq məcburi əməyə cəlb olunur. Onların içərisində fahişəlik məqsədilə istismar edilənlər, həmçinin insan alverinin qurbanı olanlar da yer alır.

Müşahidələr göstərir ki, Azərbaycanda son illər uşaqların əməyə cəlb olunması halları artıb.Bunun da əsas səbəbi sosial-iqtisadi durumun çətinləşməsidir. Azyaşlı uşaqları daha çox sərnişin avtobuslarında kontuktor, bazarlarda satıcı,  toylarda rəqqasə və küçədə müxtəlif qarışıq malların satışı ilə məşğul olan görürük. Həmin uşaqları dindirəndə isə məlum olur ki, çoxları valideynləri tərəfindən məcburi işə yönəldilir.Spirtli içki verilən restoran, bar və gecə klublarında uşaqların əməyə cəlb olunması hallarına da rast gəlinir.İstər məktəb vaxtı, istərsə də dərsdən sonra azyaşlıların işləməsi qanunvericliyə görə qadağandır.Amma Azərbaycanda bu məsələyə nəzarət mexanizmi yoxdur.Bir tərəfdən də sosial durumu çətin, yataq xəstəsi olan ailələrə hər hansı yardım, filan edilmədiyindən uşaqların belə işlərə cəlb olunmasına haqq qazandırmaq hardasa mümkün olur.Çünki ailənin başqa gəlir gətirəni olmur.Bu səbəbdən ailənin yeganə üzvü kiçik bizneslə və ya fəhləliklə məşğul olub dolanışıq üçün qazanc əldə etməyə çalışır.

Azərbaycan Uşaqlar Birliyinin nəzdində yaradılmış "Uşaq sığınacağı”nın direktoru Dadaş Əhmədov "Cümhuriyət”ə açıqlamasında deyib ki, uşaqların əməyə cəlb olunması bütün sahələrdə müşahidə edilir:

"Əgər uşağın 16 yaşı yoxdursa, qanunvericilik onların əməyinin istismar olunmasını qadağan edir. Amma 16 yaşı tamam olubsa, o xüsusi hallarda işləyə bilər.Bu zaman böyüklər 8 saat işlədiyi vaxtda, uşaqlar onun yarısı qədər işləməlidir.Amma işlədiyi yerdə müqavilə bağlanmalı və böyüklərin ala biləcəyi əməkhaqqını almalıdırlar.Baxmayaraq ki, qanunvericilikdə bu göstərilir, amma buna Azərbaycanda əməl olunmur.Heç bir müəssisə uşağa yarım günün müqabilində bütöv günün maaşını vermək istəmir.Heç bu məsələnin üstünə də düşülmür.Beləliklə də uşaqların əməyi istismar olunur.Bu məsələlər xüsusi olaraq dövlət tərəfindən tənzimlənməlidir.Hər bir icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaları var. O komissiyaların özləri kifayət qədər personala malik deyillər.Həmin komissiyada cəmi bir və ya iki nəfər çalışır ki, onlar da gündəlik işləri güclə çatdırırlar. Bundan əlavə bu məsələ ilə hər bir rayonun hüquq-mühafizə orqanlarında uşaq bölmələri məşğul ola bilər. Amma bəzən onların özləri buna süni şərait yaradır, bəzən də valideynlər bu və ya başqa formada onlarla dil tapırlar ki, uşaqları müəyyən formalarda işləyə bilsin.Bu acınacaqlı haldır və bununla mübarizə aparmaq çox çətindir.Bu halla mübarizə apara biləcək dövlət orqanları mübarizə aparmırlar, QHT-lərin isə imkanları məhdudlaşdırılıb.Müəyyən monitorinq və mübarizə apara bilmirlər.Hesab edirəm ki, dövlət bu məsələdə hansısa tədbirlər həyata keçirməli və QHT-lərin imkanlarını artırmalıdır.Bununla yanaşı medianın da imkanları artırılmalıdır.Uşaqlar dərs vaxtı məktəbdə olmalıdırlar.Məktəblər özləri də bu işlərə kifayət qədər nəzarət etmirlər.Belə uşaqlar ümumiyyətlə, məktəbdən kənarlaşmış olurlar, ya da dərsə getmir, sonradan məlum olur ki, gündəlik dərsdə olmaması ilə bağlı qeydlər var. Bu təəssüf doğurur, amma reallıqdır.Bu isə birbaşa sosial-iqtisadi çətinliklə bağlıdır.Kimsə ailənin dolanışığını təmin etməlidir, ya da atanın-ananın maaşı imkan vermir ki, ailə dolansın.Buna görə də uşaq məcbur olub işləməyə gedir.Belə hallar dünyanın bütün ölkələrində baş verir.Uşaq Konvensiyasına görə uşağın ən yaxşı marağı təmin edilməlidir”.

Dadaş Əhmədovun sözlərinə görə, sosial vəziyyət məcbur edir ki, ailə uşaq əməyindən istifadə etsin:

"Dərsdən sonra müəyyən qədər uşaq ailə təsərrüfatına kömək edə bilər. Bunu uşağın əməyə alışması kimi qiymətləndirmək olar.Amma məktəb vaxtı gedib hansısa təsərrüfat işləri ilə məşğul olursa, bu artıq əməyin istismaridir. Amma Avropada, Amerikada və bir çox inkişaf etmiş ölkələrdə hər bir bölgədə özəl qurumlar var. Eyni zamanda sosial işçilər bu məsələyə daim nəzarət edirlər. Uşaq bu və ya digər işlərə cəlb edilibsə, yaxud onunla pis rəftar edilirsə, bununla bağlı dövlət qurumları xəbərdar olunur.Onlar isə ciddi tədbirlər görürlər.Təəssüf ki, Azərbaycanda uşaq hüquqları lazımi səviyyədə qorunmur.Bu bir qədər də sosial vəziyyətin ağırlığından irəli gəlir.Hamı fikirləşir ki, uşaq ailəyə kömək etməlidir. Heç kim buna qəbahət kimi baxmır. Bu bir ailədə deyil, demək olar ki, çox ailələrdə mövcuddur.Yəni normal hal kimi qəbul olunur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları