Yuxarı

Bakının "pulyeyən” dayanacaqları

Bakının

Bakıda 300 yeni avtobus dayanacağı quraşdırılacaq. Bakı Nəqliyyat Agentliyi (BNA) 300 dayanacaq pavilyonu alıb. Bu məqsədlə dövlət büdcəsindən 5,7 milyon manatdan çox vəsait ayrılıb. Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib. O qeyd edib ki, dayanacaq pavilyonlarının 150-si orta, qalan yarısı isə iri ölçülüdür. Onların hamısını bir şirkət - "Sar Qrup” MMC hazırlayacaq. Pavilyonların quraşdırılmasıyla "Etnas-1” MMC məşğul olacaq. Quraşdırma işləri təxminən 200 min manata başa gələcək.

Qeyd edək ki, bu müqavilə "Etnas-1” şirkətinin dövlət satınalmalarında ilk təcrübəsi deyil. Bu il o, həm də Mədəniyyət və Turizm Nazirliyinin Xaçmaz Turizm İnformasiya Mərkəzinə 8 min 500 manatlıq CD disklər satıb. "Etnas-1” MMC ilə eyni gündə (27 dekabr 2016-cı il) yaradılmış "Arsinal Holdinq” şirkəti isə BNA üçün ümumi dəyəri 85 min manat olan yol nişanları hazırlayacaq. Mais Ağayev deyir ki, yol nişanları agentliyin mütəxəssislərinin araşdırmalarına əsasən, "harada zərurət aşkar olunarsa, orda quraşdırılacaq”.

Əvvəlki illərdə paytaxtda avtobus dayanacaqlarının quraşdırılması ilə Bakı şəhər İcra Hakimiyyəti məşğul olurdu. Yeni dayanacaq pavilyonlarının dislokasiyası barədə məlumat verilmir. 2017-ci ildə Sumqayıt şəhərində də dayanacaq pavilyonlarının yenilənməsinə başlanıb.

Dayanacaqların standartlara uyğun olmaması ictimai nəqliyyatın əsas problemlərindən biri olaraq qalır. Şəhərdaxili marşrutlarda intervalın pozulması, sürücülərin intizamı, xidmətin səviyyəsi ilə bağlı məsələlər,  dayanacaqlarda quraşdırılan monitorların işləməməsi və digər məsələlər  hələ də tam həllini tapmayıb. Qeyd edilən problem özünü daha çox Bakıətrafı qəsəbə və kəndlərə işləyən marşrutların fəaliyyətində göstərir. Bəzən sakinlər mənzil başına çatmaq üçün kilometrlərlə yolu piyada qət etməli olur. Əsasən səhər saatlarında iri intervallarla işləyən avtobuslara minmək üçün dayanacaqlarda "ölüm-dirim mübarizəsi” gedir. Qəsəbələrə xəttə buraxılan marşrutlar demək olar ki, köhnə, yararsız və çirklidir. Bəzən avtobusların sayı əhalini daşımağa adekvat olmur. İctimai nəqliyyatın ümumi problemi sərnişinləri təngə gətirir. Bəzən vəziyyət o həddə çatır ki, işə gedən vətəndaşlar  taksi xidmətindən istifadə etmək zorunda qalır.  Əlavə xərclərin yaranması da, əhalinin haqlı narazılığına səbəb olur.

Həmçinin bir müddət əvvəl marşrutların elektron ödəniş sisteminin, yəni "Bakı Kart”la işləməsi ilə bağlı məsələ qaldırılsa da, bu məsələ də tam həllini tapmayıb. Lakin elektron ödəniş sisteminə keçən marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqların hamısında kartdoldurma məntəqələri quraşdırılmayıb.

Bundan əlavə sərnişindaşıma nəqliyyatında daha bir problem özünü havaların isti və ya soyuq olduğu müddətdə büruzə verir. Belə ki, əksər avtobuslarda kondisioner olsa da, onlar işlək vəziyyətdə olmur. Sürücülərə problemin səbəbini marşrut sahibləri ilə əlaqələndirir. Göründüyü kimi, şəhərdaxili marşrutlarda işləyən bəzi avtobuslarda vəziyyət ürəkaçan deyil. Sözügedən problemlərin həllində aidiyyəti qurumlar sanki acizdir.

Maraqlıdır, dayanacaqların yenilənməsi Bakıda ictimai nəqliyyat problemini həll edəcəkmi? Əslində BNA nədən başlamalı idi?

Yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, sadalanan problemlərin həlli paralel istiqamətdə aparılmalıdır: 

"Çatışmazlıqların aradan qaldırılması istiqamətində atılan addımlar aparılan işin tərkib hissəsidir. Burada filan işdən başlayaq,  sonra başqa problemi həll edərik kimi bir yanaşma yoxdur. Dayanacaqlar da qurulmalıdır, sürücülər də hazırlanmalıdır, elektron ödəniş sisteminə də keçilməlidir. Bütün bunların arxasında maddi məsələlər dayanır. Bu məsələlərin həlli üçün güclü maliyyə vəsaiti lazımdır. Bu vəsaiti də dövlət ayıra bilmir. Çünki sərnişindaşıma özəl fəaliyyət növüdür. Bu fəaliyyət növü ilə məşğul olan özəl şirkətlər də deyir ki, pulumuz yoxdur və sair. Hesab edirəm ki, problemlərə paralel yanaşılmalıdır”.

Ekspertin sözlərinə görə, ictimai nəqliyyatda interval, avtobusların gec gəlməsi kimi problemlər 20 ildən artıqdır ki, mövcuddur: 

"Bu məsələlər son vaxtlar ona görə qabarıq formada görünür ki, iqtisadi vəziyyət stabil deyil. Əvvəllər valyuta stabil olanda, iqtisadi sabitlik də olurdu. Bu zaman sahibkar haradan olsa, vəsait tapıb, öz avtobusunu yeniləyə bilirdi. Amma son illər bu vəsaiti tapa bilmir. Avtobus da elədir ki, ya təmir etməlisən, ya da yenisini almalısan. Bunu edə bilməyəndə də xətt üzrə hərəkət edən avtobusun biri sıradan çıxır. Xətdən çıxan marşrut da intervala, sıxlığın yaranmasına, bir sözlə, narazılığa səbəb olur. 

Bu problemlərin heç biri sözlə, qanuna dəyişiklik etməklə həll olunmur. Bu cür məsələlərə ciddi, əsaslı sərmayə qoyuluşu olmalıdır. Bu sərmayə qoyuluşunda dövlət mərkəzləşdirilmiş büdcədən vəsait ayırmalıdır. Bunun üçün sərnişindaşıma fəaliyyəti ya özəl şirkətlərin əlindən alınmalı, ya da özəl şirkətlər üçün elə həvəsləndirici şərait yaradılmalıdır ki, bu işləri onlar özləri görə bilsin. Yəni, maliyyə vəsait tapsınlar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları