Yuxarı

Arvadın döydüyü kişilər...

Arvadın döydüyü kişilər...

Zorakılıq deyəndə ağla ilk gələn qadın olur. Ona görə ki, ölkəmizdə əsasən qadınlar zorakılığa məruz qalır və məişət zorakılığı zərif cinsin nümayəndələrini hər yerdə, hətta küçədə də haqlaya bilər. Statistik rəqəmlərə görə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir. Şiddətlə qarşılaşan hər 100 insandan 51-i yenidən dünyaya gəlsəydi, qarşı cins olmaq istəyərdi. Bunu da özləri etiraf edir. Səbəb isə qarşı cins olsaydılar, zorakılıqdan sığortalana biləcəkləri ehtimalıdır. Azərbaycanda qadınların zorkılığa məruz qalması uzun illərin müzakirəsindən keçən mövzudur. Bütün müzakirələrə, qəbul edilən qanunlara, sərtləşdirilən cəzalara baxmayaraq, qadınlar yenə öldürülür, döyülür, mənəvi, psixoloji və hətta seksual zorakılığa məruz qalır. Üstəlik də ən yaxınları tərəfindən. Amma bu dəfə biz digər maraqlı məqama toxunacağıq- kişilərin zorakılığa məruz qalmasına.

1 ildə 102 kişi arvadı tərəfindən döyülüb

Azərbaycan üçün bu mövzu kifayət qədər "həyəcanlı” və qeyri-adidir. Çünki ölkəmizdə belə hesab edirlər ki, kişi döyməlidir, döyülməli yox. Üstəlik də əgər söhbət ailədaxili zorakılıqdan gedirsə, o zaman qadın və ya övladlar tərəfindən döyülməyə reaksiyalar birmənalıdır: "Kişi döyülməz”. Fakt isə odur ki, kişilər də döyülür və bu rəsmi səviyyədə bəyan olunur. "Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili nəticəsində məlum olub ki, 85,5 faiz qadın zorakılığa məruz qalır”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova mətbuata açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar:

"Ailə daxilində hər bir insan zorakılığa məruz qala bilir, o cümlədən də kişilər..." Bundan öncə isə qurumun İnformasiya və Analitik Araşdırmalar Şöbəsindən bildirilmişdi ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müaciət daxil olub. Müraciət edənlər arasında arvadları tərəfindən döyülən kişilər də olub:

"2014-cü ildə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbəblərə görədir. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilərin döyülmə faktı ilə bağlı da müraciətləri daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.

2016-cı ildə isə ölkəmizdə 897 məişət zorakılığı ilə bağlı cinayət faktı qeydə alınıb. Nəticədə 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb. Məişət zorakılığına məruz qalanlardan 102-si kişidir. Və bu az say deyil. 

Kişilər üçün sığınacaq açılsa...

Ölkəmizdə zorakılığa məruz qalan, insan alverinin qurbanına çevrilən qadınlar üçün sığınacaqlar olsa da, zorakılıqla üzləşən kişilər üçün belə məkan yoxdur. Qadın sığınacağının olduğu "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, ölkədə əgər kişilərin də ailədə zorakılığa məruz qalması faktıları varsa və bu, rəsmi səviyyədə etiraf edilirsə, deməli, sığınacaq mövzusunda da düşünməyə dəyər:

"Ailədə arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da belə hallara rast gəlinir. Qadınlarla yanaşı, ailədə kişinin övladları tərəfindən döyülməsi halları da olur. Bu da zorakılıqdır və bu halla üzləşən şəxslərin müraciət edəcəyi ünvanın olması yaxşı olardı. Amma o da məlumdur ki, mental düşüncə və stereotiplər ailədə zorakılığa məruz qalan kişilərin bunu bəyan etməsinə imkan vermir. Buna görə də sığınacaq açılacağı təqdirdə belə o sığınacağa müraciətin olub-olmayacağını dəqiq söyləmək çətindir”. 

"Boşanmayan qadınlar 
alkoqolik kişini döyür”

M.Zeylanovanın sözlərinə görə, polis əməkdşaları ilə ünsiyyət zamanı ailədə kişilərin zorakılığa məruz qalması faktları açıqlanır:

"Məsələn, Qusarda polislər bildirdilər ki, tufeyli, alkoqol asılılığı olan ailələrdə kişilərin işgəncəyə məruz qalması kimi faktlar olur. Azərbaycanda qızlar kiçik yaşlarından kişiyə hörmət ruhunda tərbiyə edilir ki, bu da ailədə zorakılıq hallarında kişinin üstünlüyünü təmin etmiş olur. Amma istisna da olsa, qadını tərəfindən zorakılığa məruz qalan kişilərin olması müəyyən edilir. Avropada və ya Rusiyada ailədə qadın və kişinin bir-birinə qarşılıqlı şəkildə zorakılıq tətbiq etməsi və ya onu döyən kişiyə fiziki güclə cavab verməsi halları adidir. Ancaq bizdə bu, geniş müşahidə olunmur və hətta fiziki cəhətdən zəif kişiyə belə qadınlar zor tətbiq etməkdən çəkinir. Müşahidələr göstərir ki, qadını tərəfindən zorakılığa məruz qalan, döyülən kişilər əsasən səfil həyat keçirməyə meyilli və yaxud alkoqol asılılığı olan şəxslərdir. Bizə də daxil olan müraciətlərin araşdırılması zamanı görürük ki, bəzən ailədə kişi alkoqol düşkünü olsa da, səfil həyata meyillənsə də, ailələr qızlarının ondan ayrılmasına qarşı çıxırlar. Bu halda isə ailə daxilində kişiyə qarşı zorakılıq baş verə bilir. Yəni, qadın müəyyən səbəblərdən boşanmır, kişini də belə cəzalandırır”. 

"Sən necə kişisən ki...”

Fiziki zorakılıqdan fərqli olaraq, Azərbaycanda qadınların kişilər üzərində psixoloji zorakılığı daha geniş yayılıb. Bu, maliyyə durumundan asılı olmayaraq ailələrdə müşahidə edilir:

"Azərbaycanda qadınların kişilər üzərində psixoloji zorakılıqları faktları daha çoxdur. Müxtəlif ifadələrlə kişini təhqir etmək, onu aşağılamaq, başqalarının yanında alçaltmaq, yaxud evdə öz aralarında onu başqalarıyla, daha imkanlı birilə müqayisə etmək psixoloji zorakılıqdır. Bu hallara daha çox rast gəlinir. Qadınlar arasında ərə müraciətlə "Sən necə kişisən ki...” ifadəsiylə başlayan cümlələr qurulur. Bu da yolverilməzdir və psixi zorakılıq, hətta intihara sürükləyən səbəblərdən biri kimi diqqətə alınmalıdır”. Azərbaycanda məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsində də kişilərdən heç bir müraciət daxil olmur. Qadınlar bu orderi almaq üçün müraciət edir və bu da az haldadır. Orderlə təmin edilən şəxs yenidən zorakılıqla üzləşərsə, bunu törədən şəxs məsuliyyətə cəlb edilir”.

Hökumət kişilərin döyülməsindən narahat oldu və...

Həmsöhbətimiz bildirib ki, dünyanın bir çox ölkələrində qadın sığınacaqları ilə yanaşı kişilər üçün də belə məkanlar fəaliyyət göstərir. Bəzi ölkələrdə bu layihəni dövlət həyata keçirir, bəzilərində isə qeyri-hökumət təşkilatları bunda maraqlı olur. Məsələn, Türkiyədə  2013-cü ildə Ailə və Sosial Siyasət Nazirliyi zorakılığa məruz qalan kişilər üçün İstanbulda sığınacaq açıb. Hökumətin bu məsələyə diqqətinə səbəb isə son zamanlar şiddətə məruz qalan kişilərin sayının artmasıdır. Məhz müraciətlərin artması Türkiyədə Konyadan sonra İstanbulda da belə mərkəzin yaradılmasını vacib edib. 

Kişilər üçün ən son yer...

ABŞ-da, Kanadada, Niderlandda da kişilər üçün sığınacaqlar var. Bu sığınacaqlarda ailədaxili zorakılığa məruz qalan kişilərlə yanaşı, hansısa fəlakətdən çətin vəziyyətə düşənlər, cinsi orientasiyasına görə təzyiqə məruz qalanlar qala bilər.Niderlandda onların sayı daha çoxdur, çünki bu ölkədə kişilərə qaşrı zorakılıq faktları artır.Bu ölkədə hər 5 şiddət faktından biri kişilərə qarşı törədilir.Ancaq burda söhbət daha çox fiziki şiddətdən yox, psixoloji şiddətdən gedir.Cinsiz azlıq nümayəndəsi olan kişilər ailələri, qohumları tərəfindən qəbul edilmədikdə də bu sığınaqcaqlara üz tutur. Niderlandda hər il 70 minə yaxın məişət zorakılığı baş verir və burda kişilərin payına azı 15 faiz düşür. Amma hətta Niderland kimi bir ölkədə belə kişilər sığınacağa ən son anda gəlir və ya polis onları intiharın cəngindən qurtaranda, yaxud xəstəxanadan gətirir. Çünki kişilər üçün sığınacaq ən son yerdir...

Sevil Ağazadə





Həftənin ən çox oxunanları