Yuxarı

18 manata yağ, 9 manata pendir, 12 manata ət...

18 manata yağ, 9 manata pendir, 12 manata ət...

Ölkələr arasında siyasi və ya digər səbəblərdən gərginlik yarananda ilk növbədə iqtisadi əlaqələrə son qoyulur.İdxal edilən məhsulların boykot edilməsi bəzi vətəndaşlar tərəfindən həmin dövlətləri cəzalandırmaq özü tətbiq edilməsi mümkün olan ən effektiv "qisas variantlarından” biri hesab edilməkdədir.Boykot etirazın qeyri-zorakı formasıdır və istər sosial, istər də siyasi problemlərin dinc həlli vasitəsi kimi qəbul olunur, bəzən hətta böyük siyasətə təsir göstərir.Məsələn, Fransa ABŞ-ın İraqa müdaxiləsinə qarşı çıxan kimi amerikalılar nümayişkaranə şəkildə fransız mallarını almaqdan imtina etdilər.

Hətta bəzi siyasətçilər şəhər, qraflıq və ştatların qanunlarına bu haqda xüsusi dəyişiklik təklifləri verdilər.Eyni zamanda uzunmüddətli olmasa da, Rusiya Türkiyə nümunəsini də göstərmək olar.Rusiya hərbi təyyarəsinin Suriya sərhədi yaxınlığında Türkiyə tərəfindən vurulandan sonra ruslar adətən, türk mallarına embarqo tətbiq etdi.Uzun sürməsə də, Türkiyədən gələn malların Rusiya sərhədini keçməsi mümkünsüz idi.Xüsusi diqqət çəkən və uzunmüddətli nəticələrə gətirib çıxaran, tarixdə iz buraxan boykotlar da çox olub.

Vətəndaşların öz hökumətlərini boykot etməsi halları da mövcuddur. Bəzən gömrük keçid xidmətlərindən istifadə edən sahibkardan qanunsuz ödəniş tələb edəndə yerli və xarici iş adamları ölkədən qaçaq düşür. Bu isə ölkədə həyata keçirilən iqtisadi layihələri boykot edir.Digər bir boykot növü də var ki, bunu yaxşı maariflənmiş istehlakçılar həyata keçirir.Onlar pis malları boykot etməklə, öz hüquqları uğrunda mübarizə aparır.Doğrudur, Azərbaycanda istehlakçı boykotu heç vaxt baş verməyib.Görünür bu da, ölkə iqtisadiyyatının idxaldan asılı olmasından başqa sözlə, alternativ variantların olmamasından irəli gəlir.

Hazırda Azərbaycanda kərə yağları ilə bağlı kəskin qiymət artımı müşahidə olunur. Kərə yağının idxalı ilə məşğul olan iş adamları bu tendensiyanın hələ davam etməsi barədə xəbərdarlıq da yayıb. Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə sentyabr ayında dünya bazarında duru yağların qiyməti 4.6 faiz artıb. Bahalaşma əsasən palma, soya, raps və günəbaxan yağlarının qiymətində müşahidə olunub. Qiymət artımına digər səbəb dünya bazarında süd məhsullarının qiymətində baş verən bahalaşma ilə bağlıdır.Avqust ayı ilə müqayisədə yağın və pendirin qiymətində 2.1 faiz artım qeydə alınıb.Bu, vəziyyət Avstraliya, Yeni Zelandiya və Avropa Birliyi tərəfindən təklifin məhdud saxlanılması ilə izah edilir.Kərə yağlarının qiymətində müşahidə olunan bahalaşma isə təklifin qeyd edilən həddə qalması və ABŞ-da tələbin cüzi artması ilə izah olunur.

İqtisadı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, boykot beynəlxalq iqtisadi sanksiyaların başında gəlir:

"Bundan əlavə, əks cavab reaksiyası, zərərə eyni ilə qarşılıq vermə, blokada (izolyasiya etmə) və embarqo kimi iqtisadi sanksiya növləri də mövcuddur. Boykot - bir dövlətin digər bir dövlətlə ticari və iqtisadi münasibətlərini kəsməsi istiqamətində verdiyi müştərək qərar və iradədir.Boykot ümumi bir dövlət siyasəti olaraq həyata keçirildiyi kimi, dövlət tərəfindən dəstəkli şəkildə də həyata keçirilə bilir. O cümlədən, bir ölkənin bütün mal və xidmətlərinə və ya spesifik seçilmiş bir sıra mal və xidmətlərə tətbiq olunur. Dünya üzrə bir sıra nümunələrə nəzər salsaq görərik ki, bu yaxınlarda ərəb ölkələri ilə Qətər arasında yaşanan diplomatik böhran zamanı Türkiyənin Qətərə dəstək olması, başda Səudiyyə Ərəbistanı olmaq üzrə bir çox ərəb ölkələrində Türkiyədən idxal olunan məhsullara yönəlik boykot çağırışlarına səbəb oldu. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətər dövləti ilə diplomatik əlaqələrini kəsdiklərini açıqlamalarının ardınca başlayan kriz və sonrasında Türkiyə Böyük Millət Məclisinin Qətərə əsgər göndərməyə yönəlik qərar qəbul etməsi nəticəsində ərəblər Türkiyəni Qətər dövlətinin yanında olmaqda ittiham etdilər. Türk mallarına yönəlik boykot çağırışları əsasən sosial şəbəkələr vasitəsilə həyata keçirilirdi.Bundan başqa yaxın tarixə nəzər salsaq, Fransanın "Sözdə erməni soyqırımını qəbul etməməyi cinayət sayan” qanun layihəsinə qarşı Türkiyə tərəfindən Fransız istehsalı olan avtomobillər də daxil olmaqla geniş spektrdə mallar boykot edilmişdi”.

İqtisadçının qənaətincə, iqtisadiyyatı güclü olmayan bir dövlət boykot çağırışı etməzdən əvvəl boykotun məqsədini, hədəflərini və sərhədlərini doğru müəyyən etməlidir:

"Ölkədə yerli istehsalın olmadığı bir şəraitdə boykotdan öncə həmin malların idxal əvəzləyicilərinin tapılması vacibdir. Əks təqdirdə ölkədə qıtlıq yarana bilər və daha çox bahalaşma ilə üzləşə bilərik.Yoxsa hər hansı bir transmilli şirkətin məhsulunun boykot edilməsi ilə kiçik bir Azərbaycan bazarını itirməsi həmin şirkət üçün heç nəyi dəyişməyəcək.İqtisadi boykotdan əvvəl alternativ istehsal və istehlakın hansı formada qurula biləcəyi üzərində düşünmək tələb olunur.Ümumiyyətlə, ölkədə istehsal olunan məhsulların genişləndirilməsi üçün istehsalçılar və istehlakçılar arasında əməkdaşlıqların, istehsalçı və istehlakçı kooperativlərinin qurulması məqsədə uyğundur.Ekoloji kənd təsərrüfatı malları istehsal edən kiçik istehsalçıların məhsullarının xalq tərəfindən tez və vasitəçisiz əldə edilməsi üçün istehsalçı kooperativlərinin qurulması vacibdir.Yerli kiçik istehsalçılardan birbaşa və kollektiv formada məhsul əldə edilməsi təşkil oluna bilər.Kəndli fermerlər və ekoloji əkinçilik dəstəklənməli, kiçik kənd təsərrüfatlarına ailə üzvlərindən başqa digər şəxslərin müdaxiləsinə izin verilməməlidir.Meyvə və tərəvəzlərin internet saytları və sosial şəbəkələr vasitəsilə sifarişi, satışı və marketinqi həyata keçirilə bilər.İnternet və sosial şəbəkələr vasitəsilə edilmiş sifarişlər toplanmalı, istehsalçıya çatdırılmalı, istehsalçılardan toplanmış məhsullar isə əvvəlcədən müəyyən edilmiş tarixdə istehlakçılara paylanmalıdır.Bu formada ailə təsərrüfatları dəstəklənə bilər”.

Vüsalə Əhmədova onu da qeyd edib ki, hər hansı bir boykotun həyata keçirilməsi üçün ölkədəki istehlakçıların da birgə iradələrini ortaya qoymaları, bir sıra şərtlərə əməl etmələri vacibdir:

"İlk öncə ölkədə istehlak vərdişləri dəyişməlidir. Məcburi ehtiyaclarımız xaricində heç nə almamaq. Şəxsi avtomobillərdən mümkün olduğu qədər az istifadə etmək. İctimai nəqliyyata üstünlük vermək, bəzi hökumətləri və ya siyasi sistemləri dəstəkləyən məhsulları alınmamasına səy göstərmək, alış-verişi həftəlik və ya aylıq olaraq həyata keçirmək hər gün marketlərə girilməsi lüzumsuz bir sıra məhsulun alınmasına səbəb olur.Ət və süd məhsullarını, meyvə və tərəvəzi yerli kəndli fermerlərdən almağa səy göstərmək, xarici turistik səfərlərdən daha çox, yerli təbiətə səfərlər təşkil etməyə üstünlük vermək lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın əleyhinə siyasi bəyanatlar səsləndirən ölkələrin mallarının boykot edilməsi barədə dəfələrlə dövlət orqanlarına rəsmi müraciət edib:

"Boykot dövlət tərəfindən edilə bilməz. Azərbaycan zəif dövlətdir, Rusiya kimi güclü deyil ki, mallara embarqo qoysun.Azərbaycan kimi həssas bölgədə yerləşən bir dövlət beynəlxalq arenada siyasi məsələdə onu dəstəkləməyən dövlətlərin mallarına embarqo qoymaq üçün istehlakçı təşkilatlarından mükəmməl istifadə etməlidir.Lakin hələ də dövlət məmurları istehlakçı təşkilatın gücünü və əhəmiyyətini dərk edə bilmir.Dövlətin istehlakçı siyasəti mükəmməl olmalıdır. Burda da istehlakçı təşkilatın böyük rolu ola bilər. Azərbaycanda yüksək çinli məmurun cəsarəti yoxdur ki, böyük ölkələrin mallarına embarqo qoysun”.

Ekspert onu da qeyd edib ki, Azad İstehlakçılar Birliyi insan həyatı üçün zərərli olan 20 növə qədər malları boykot etməklə sıradan çıxardıb:

"Bunun arxasında heç bir siyasi ambisiya durmayıb. Bu məhsullar sadəcə olaraq təhlükəli olub. Kərə yağı ilə heç bir əlaqəsi olmayan ekoloji təmiz yazılmış ərinmiş "kərə yağ”larının sıradan çıxmasına, filtrsiz siqaret istehsal edən 7 müəssisənin bağlanmasına, o cümlədən, Zığ arağının istehsalının dayanmasına nail olmuşuq. Çox sayda bu cür mallar var ki, istehlakçı boykotu ilə istehsalını dayandırmışıq.Təəssüflər olsun ki, istehlakçı hüquqlarını qoruduğumuz bir şəraitdə bu hüquqları qoruyan dövlət xidməti bizə özünün alternativi kimi baxır və cəmiyyətdə ictimai təşkilatın rolunu dərk edə bilmir.Azad İstehlakçılar Birliyi daim hazırdır ki, Azərbaycanın siyasətinə zidd olan dövlətlərin mallarına qarşı boykot siyasəti yerinə yetirsin.Əminliklə deyə bilərik ki, İstehlakçılar Birliyin çağırışına adekvat cavab verər.Bu halda dövlət orqanlarının bizə iqtisadi yox, mənəvi dəstəyi lazımdır”.

Son günlər ölkədə kərə yağının bahalaşmasına münasibət bildirən Eyyub Hüseynov, bunu birmənalı olaraq dünya bazarında kərə yağlarının qiymətinin artması ilə əlaqələndirib:

"Çox təəssüf ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunmayıb. Dünya bazarında malın qiyməti artanda  Azərbaycanda da artır, enəndə isə enmir. Bu, anormal haldır.Ölkədə monopoliya var, təəssüf ki, dövlət orqanları bunun qarşısını almır. Kərə yağını boykot etməklə heç nəyə nail olmaq olmaz. Dünya bazarını kərə yağı ilə Avstraliya, Yeni Zelandiya, Amerika və Hollandiya kimi ölkələr təmin edir.Dəqiq deyə bilərəm ki, dünya bazarında qiymətlər ensə də, Azərbaycanda enməyəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları