Yuxarı

Deputatdan boşanmaların artmasına ilginc yanaşma

Deputatdan boşanmaların artmasına ilginc yanaşma

Bu ilin əvvəlində 8 ayında Azərbaycanda 10 minə yaxın boşanma qeyd alınıb.Statistika Komitəsinin məlumatında belə deyilir. Belə ki, 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. 

Araşdırma zamanı bəlli olub ki, boşanmalar ən müxtəlif səbəblərdən baş verir ki, onların sırasında xarakter uyğunsuzluğu və sosial məsələlər ön sırada durur.Boşananlar arasında uşaqlı ailələrin sayı üstünlük təşkil edir.Ekspertlər boşanmalarının sayının pik həddə çatması barədə narahatlıqlarını ifadə edərək, getdikcə bu problemin qarşısının alınmasının çətin olacağını deyiblər.Bununla yanaşı ailə institutlarının əsas dağılma səbəblərini sosial-iqtisadi səbəblə əsaslandırırlar.Bildirirlər ki, ailədaxili konfliktlər daha çox sosial-iqtisadi böhranla əlaqədar yaranır. Ailə daixlində mütəmadi mübahisələr,  şikayətlər və etirazlar çoxalır. Əsasən qadınlar işsizliklə üzləşən həyat yoldaşlarına etiraz edir,  evə qazanc gətirmədiklərinə görə narazılıq bildirirlər.  Ailə maddi ehtiyaclar üzündən xeyli çətinlik çəkir və bununla da söz-söhbətlər kəskinləşir.Ailə institutlarının dağılmasına səbəb olan amillərdən biri də psixoloji baxımdan nikaha hazır olmamaqdır.Həmçinin  ünsiyyətsizlik , birgə maraq dairəsinin olmaması da boşanmaya ən böyük təsirlərdən biridir. 

Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb.Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur.2015-ci ildə boşanmış uşaqlı ailələrdə 9378 uşaq olub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev "Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, bu məsələ hər kəsi narahat etməlidir:

"Bir ailənin dağılması, bir uşağın valideyn himayəsindən məhrum olması, onun natamam ailədə böyüməsi belə cəmiyyət içində problemlər yaradır. Hər kəsi bu məsələ narahat edir.Amma dünyada müşahidə olunan meyillərə baxanda Azərbaycanda ailə institutunun kifayət qədər möhkəm olduğunu da söyləməliyik. Elə ölkələr var ki, orada il ərzində qurulan nikahların təxminən 70 faizə yaxını pozulur. Azərbaycanda isə bu 20 faizi keçmir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda boşanmaya meyillər artmaqdadır:

"Bu meyillərin qarşısını necə ala bilərik? Bunları düşünməliyik... Köhnə adət-ənənə, ailə institutunu saxlamaq üçün nələr etməliyik?Yeni çağırışlar var. Azərbaycan dünyaya inteqrasiya edir və etməlidir, ayrı yol yoxdur. Yeni informasiya və kommunikasiya texnologiyalarının ortaya çıxması, sosial şəbəkələr, internet, yerli və dünya televiziyalarının verilişləri, düzgün və uyğun olmayan halların təbliğ olunması, eyni zamanda gender siyasətinin həyata keçirilməsi nəticəsində qadınların daha çox iqtisadi, sosial müstəqilliyinin artması  ənənəvi ailə institutunun sarsılmasına təsir edən amillərdir. Çalışmaq lazımdır ki, nikah kəsiləndə möhkəm olsun.Yaxşı olar ki, ailə qurularkən ölçülüb-biçilsin, xarakterlər, mədəniyyətlər, intellektlər, dünyagörüşləri üst-üstə düşsün və ailə nəyinsə xatirinə, hətta sosial və maddi imtiyazlar üçün qurulmasın.Ailəyə müdaxilələr olunmasın. Bütün bunların hamısı sosial, ictimai  institut olaraq ödənilməlidir. Dövlətin müvafiq qurumları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, yerli icra orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları Azərbaycanda ailə institutunun təməl möhkəmliyini qorumaq üçün ortaq proqramla çıxış etməlidirlər. Bu məsələdə digər bir məqam da var. Bir var ailə dağılsın, yəni tərəflər boşansın.Bir də var ki, daim təhdid və təhlükələr altında "bizim ailəmiz var” deyə yaşasınlar.Bunların hansı daha doğrudur?Hansı daha səmimidir və hansı xoş deyil? Bunları da götür-qoy etməliyik...”.

Alçina Amilqızı







Həftənin ən çox oxunanları