Yuxarı

Dinmə, danışma, gülmə..: Yol polisi sürücüləri...

Dinmə, danışma, gülmə..: Yol polisi sürücüləri...

Dövlət Yol Polisi sükan arxasında olan sürücünü yanındakı sərnişinlə söhbət etməyə görə cərimələyəcək. Həmçinin, nəqliyyat vasitəsi idarə edilərkən avtomobilin hərəkəti zamanı su içmək, musiqiyə qulaq asmaq da qadağandır. Yəni buna görə sürücüləri cərimə gözləyir. Bu qadağalar tam olaraq  "Yol hərəkəti haqqında” Qanunda öz əksini tapmayıb. Sükan arxasında su içmək, musiqi dinləmək qadağası və buna görə sürücülərin cərimələnməsi məsələsi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun açıqlamasında yer alıb. 

Bu barədə məlum qanunvericiliyin tələbinə nəzər salaq: 

"Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nәqliyyat vasitәsini qapıları bağlanmamış vәziyyәtdә yerindәn tәrpәtmәk vә ya onun hәrәkәti zamanı qapıları açmaq, nәqliyyat vasitәsini idarә etmәkdәn diqqәti yayındıra bilәcәk söhbәtdә iştirak etmәk, nәqliyyat vasitәsinin hәrәkәti zamanı telefonu әldә saxlamaqla ondan istifadә etmәk, hәrәkәt zamanı sükanı әlindәn buraxmaq, mühәrriki söndürülmüş nәqliyyat vasitәsini әtalәtlә idarә etmәk, nәqliyyat vasitәsinin tәkәrlәrindә vә ya banında yol örtüyünü zibillәyәn palçıq vә s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, tikinti vә digәr materiallarının axması olarsa, onlarla örtüyü tәkmillәşdirilmiş yollarda hәrәkәt qadağandır.

Göründüyü kimi, sözügedən qanunda sürücünün sükan arxasında yanındakı sərnişinlə söhbət etmək, su içmək və musiqi dinləmək kimi bir qadağa yoxdur. Qanunvericilikdə məhz bu müddəalar yer almır. Sadəcə, diqqəti yayındıra biləcək qadağalar nəzərdə tutulub ki, burada da təhlükəli məqamlardan söhbət gedir. Məlumdur ki, sükan arxasında diqqəti yayındıran müxtəlif işlərlə məşğulluq təhlükəli qəza şəraiti yarada bilər. Ekspertlərin fikrincə, sürücü robot deyil və istənilən halda onun sükan arxasında musiqi dinləmək, su içmək, avtomobildə olan sərnişinlərlə söhbət etmək kimi mümkün tələbatları var. Qanunvericilikdə yer alan tələblərə gəlincə, bu, sadəcə olmaması gərəkən boşluqlardır. Bu boşluqlara görə isə sürücülərin cərimələnməsi düzgün deyil. İlk növbədə yol polisinin sürücüləri bu hərəkətə görə cərimələməsi rüşvət üçün münbit şərait yarada bilər. Bu şəraitdən yararlanmaları üçün isə əsas məlum qanunvericilikdəki boşluqdur. Yol polisi əməkdaşları çox rahatlıqla bu boşluğu əsas gətirib sürücüləri yerli-yersiz cərimələyə bilər. 

Yol nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Cebhe.info-ya bildirib ki, ki, avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, bunun praktikada tətbiq emək mümkün deyil:

"Diqqəti yayındıra biləcək söhbətlərdə iştirak etmək qdağandır. Amma sürücünün sükan arxasında su içmək, müxtəlif qida qəbul etmək, musiqiyə qulaq asmaq kimi qadağası yoxdur. Sadəcə olaraq, avtomobili idarə edən zaman sürücü davamlı diqqəti yayındıran işlərlə məşğul olursa, təhlükə artır, nəqliyyat vasitəsinə nəzarət zəifləyir. "Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 5-ci bəndinə görə müəyyən cərimələr nəzərdə tutulur. Ümumiyyətlə, diqqəti yayındıra biləcək məsələyə görə sürücünün cərimələnməsi praktikası Azərbaycanda yoxdur və olmayacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları