Yuxarı

Bakı bələdiyyəsi nə vaxt yaradılacaq?

Bakı bələdiyyəsi nə vaxt yaradılacaq?

Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına üzv olmaq üçün bir sıra öhdəliklər götürüb. Bunlardan biri də Bakı Böyük şəhər bələdiyyəsinin  yaradılması və qurumun rəhbərinin seçki yolu ilə müəyyən edilməsidir. Avropa Şurasına üzv olan dövlətlərin demək olar ki, hamısında bu sistem var. Ötən həftə Gürcüstanda da yerli özünüidarəetmə orqanlarına seçki keçirilib və Kaxa Kaladze Tiflisin meri seçilib. Azərbaycanın da Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə görə eyni sistem yaradılmalıdır. Ancaq artıq 16 ildir ki, Azərbaycan bu sistemə keçə bilmir. Digər tərəfdən, Azərbaycanda bələdiyyələr seçki  yolu ilə formalaşsa da, bu qurum icra hakimiyyətlərinin bir qolu kimi fəaliyyət göstərir. Azərbaycan Avropa Şurası qarşısında üzərində götürdüyü bu öhdəliyin icrasına başlaya bilərmi? 

"Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda bununla bağlı heç bir islahat  aparılmayıb:

"Bununla bağlı dəfələrlə təkliflərimiz olub. Avropa Şurasına üzv olan ölkələrin hamısında paytaxt merini seçki müəyyənləşdirir.   Amma Azərbaycanda hələ ki, mer seçkisi olmayıb.  Bu da idarəetmədə çox ciddi problemlər yaradır. Məsələ burasındadır ki, Azərbaycanda bələdiyyə sədrləri seçilmiş üzvlər sırasından seçilir. Eyni zamanda o, qərarverici orqanın üzvü hesab olunur. Onda belə çıxır ki, bir struktur həm qərar verir, eyni zamanda həmin strukturda təmsil olunan şəxs qərarların icrasına rəhbərlik edir. Burada hakimiyyət bölgüsü prinsipi təmin olunmur. Bu baxımdan idarəetmənin optimallaşdırılması üçün ən azından bələdiyyə sədrləri birbaşa əhali tərəfindən seçilməlidir”.

İcra hakimiyyətlərinin ləğvi, səlahiyyətlərinin bələdiyyələrə verilməsinə gəlincə, ekspert bunun inandırıcı olmadığını deyib:

"Yaxın perspektivdə icra hakimiyyətlərinin ləğv ediləcəyini  gözləmirəm. Amma islahatların mərhələli şəkildə aparılmasını təklif etmişik. Təklif edirik ki, ilk növbədə icra  nümayəndəlikləri  ləğv edilsin və onların səlahiyyətləri bələdiyyələrə verilsin.

Gələcəkdə isə yerli icra strukturlarının bütün səlahiyyətlərini bələdiyyələrə vermək olar. 

Amma ilkin mərhələ olaraq nümayəndəliklərin ləğvi və icra hakimiyyətlərinin saxlanılması mümkündür. Yerli əhəmiyyətli məsələlərin həlli  bütövlükdə bələdiyyələrin səlahiyyətinə verilməlidir. Ancaq bütün hallarda yaxın perspektivdə icra hakimiyyətlərinin ləğv olunması gözlənilmir”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları