Yuxarı

Yaşamaq üçün 700 manat

Yaşamaq üçün 700 manat

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub. Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. Ötən il bu rəqəm 136 manat olub. 2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 488,1 manat olub. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə belə formalaşdırılır:

* ərzaq mallarının minimum toplusu
* fərdi və ailəvi istifadə olunan qeyri - ərzaq mallarının minimum toplusu
* xidmətlərin minimum toplusu

Minimum istehlak səbətinin hesablanması üçün əhalinin 3 sosial-demoqrafik qrupu üzrə, yəni əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlara görə müəyyənləşdirilir.

Ərzaq mallarının minimum toplusu dedikdə, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məmulatları, bitki yağı, marqarin və digər piylər, kərə yağı və digər məhsullar nəzərdə tutulur.

Qeyri-ərzaq mallarına palto tipli üst geyimləri qrupu, kostyum tipli üst geyimləri, alt geyimləri, corab məmulatları, baş geyimləri və xırdavat məmulatları, ayaqqabı, məktəb-yazı ləvazimatları, yataq ləvazimatları, mədəni məişət və təsərrüfat malları, ilkin tələbat və sanitariya əşyaları, dərmanlar aid edilir.

Xidmətlərin minimum toplusuna isə mənzil - kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni - maarif, müalicə - istirahət xidmətləri və digərləri daxildir.

Ümumiyyətlə, son vaxtlar Milli Məclisdə qəbul olunan qərarlar sosial narazılığa səbəb olur. Fərqli maaş və pensiya hesablanması halları əmək qabiliyyətli əhali, eyni zamanda pensiyaçılar arasında haqlı narazılığa səbəb olur. Son iki ildə ölkədə kütləvi yoxsullaşma prosesi gedir.Sıravi vətəndaşlar və iqtisadiyyat üçün gərəkli olmayan beynəlxalq oyunlara külli miqdarda vəsaitlər xərclənir, amma insanların əmək haqqının artırılmasına gəlincə, pul sərf etmək istənilmir.Sanki insanın boynuna yaxşı yaşamaq yükü qoyulub.Azərbaycanda uzun illərdir davam edən sosial ədalətsizliyə, harın dövlət məmurlarının "alovlu” çıxışları son nöqtəni qoyur.

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov müsahibəsində bildirib ki, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi. Qurum rəsmisi onu da qeyd edib ki, əgər bir şəxs ömür boyu az maaşla işləyibsə, bu onun öz günahıdır: "Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidir. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsəydi, əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi. Bilirsiz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür.Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin.Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır.İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır”.

Görünür, İsa müəllim 120 manata qane olmadığı üçün öz üzərində çox çalışıb.Hər zaman ölkədə harın məmurların kasıb, aztəminatlı əhali qrupunu tapdaması ənənəsi olub.Cəza tədbirləri isə sıfıra bərabərdir.Vətəndaş problemlərini dilə gətirir, hökumətdən yardım istəyir.Lakin dövlət qurumlarına təyin edilən icra məmurları ölkə başçısının hədələrindən qorxmurlar, vətəndaşla lazımsız əşya kimi davranır.Görünür, cəmiyyətimizdə əhali mədəni və mənəvi təhqir olunmağa dözümlü yanaşmağa adət etməlidir. Axı Azərbaycanda çiçəklənən təkcə iqtisadiyyat deyil, həm də harınlıqlar, kobudluqlardır...

"173 manat bugünkü ehtiyacları ödəmir”

İqtisadçı-ekspert Nazim Bəydəmirli "Cümhuriyət” qəzetinə bildirib ki, hər il növbəti ilin dövlət büdcəsi qəbul olunan zaman yaşayış minimumu gündəmə gəlir:

"Hətta dolların kursu 0.78 manat olan zamanda yaşayış minimumu 180 manat qeyd olunurdu. Həmkarlar İttifaqının araşdırması və müstəqil ekspertlər bu məbləği bir qədər çox deyirdi. O zamana kimi  dolların kursu aşağı idi, bir nəfərin ortalama yaşaması üçün 180 manat məqbul hesab olunurdu. İndiki durumda qiymətlər təqribən iki dəfədən çox artıb, manatın kursu zəifləyib.Təbii ki, 173 manat bugünkü ehtiyacları ödəmir.Tutaq ki, 4 nəfərlik ailədə cəmi bir nəfər çalışır.Azərbaycanda orta aylıq əməkhaqqı təqribən 500 manat civarındadır.Bu ailənin tək yaşayış minimumunu təyin etmək üçün 700 manata yaxın vəsait lazımdır.Ancaq Azərbaycan reallığında 700 manata yaxın orta aylıq əməkhaqqı yoxdur.Bu baxımdan hesab edirəm ki, real göstəricilər hesablanmalı və istehlak səbətinə yenidən baxılamlıdır”.

İqtisadçı onu da qeyd edib ki, ailə yaşayış minimumu ilə istehlak malları almır, istirahətə getmir, heç bir mədəni və mənəvi ehtiyaclarını ödəmir:

"Tək qidalanmaq üçün nəzərdə tutulmuş vəsait azdır. Hesab edirəm ki, bunu qarşılamağa hökumətin imkanı yoxdur.Ancaq iqtisadi fəaliyyəti artırmaqla, sahibkarlığı inkişaf etdirməklə, Azərbaycanda mal bolluğu yaratmaqla, həm xaricdən ölkəyə idxal olunan məhsulların qarşısını almaq olar, həm də məhsulların ucuzlaşmasına zəmin yaratmaq olar.Milli Məclis üzvləri diqqəti daha çox ona yönəltməlidir ki, inhisarlaşma aradan qaldırılsın.Vətəndaşların daha çox pul qazanması üçün şərait yaratmaq lazımdır”.

Nazim Bəydəmirlinin qənaətincə, istənilən ölkədə hökumət pul paylamaqla əhalisini xoşbəxt edə bilməz:

"Buna hökumət resurs da çatdıra bilməz. Ona görə də hökumətə ən ağıllı məsləhətim o ola bilər ki, insanların özlərinin iş yerləri açmasına, iqtisadi fəaliyyətlə məşğul olub öz ailələrini dolandırmağa təşəbbüs göstərsin. Həmçinin regionlarda boşalan kəndlərdəki əhalinin geri qayıtmasına cəhd etsin.Regionlarda kommunal xidmətlər əlçatan olmalıdır.Ümumiyyətlə, vətəndaşların kənd təsərrüfatı ilə məşğul olmasına şərait yaradılmalıdır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları