Yuxarı

General qohumunun güdazına gedəcək?

General qohumunun güdazına gedəcək?

Bu günlərdə iki məhkumun qaçması ilə bağlı maraqlı iddialar ortaya çıxıb. İddialara görə, Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda paytaxt Bakıya müşayiət olunan məhbuslar - 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağamiyə qaçmaları üçün kənardan dəstək verilib. Ona görə dəstək deyirik ki, təkbaşına, yaxud dustaqların özlərinin köməksiz bunu təşkil etməsi inandırıcı deyil. Bəs məqsəd nədir? 

Bu hadisə niyə, hansı şəraitdə, sifarişləmi, yoxsa təsadüfənmi baş verib? Yoxsa, başqa bir ehtimal var? Təbii ki, bu suallara bir qəzet yazısında cavab tapmaq çətindir. Xüsusilə də xidmət sirrinin yayılmasının gələcəkdə problem yaratmaq ehtimalı böyük olduğundan bu məlumatların açıqlanması da yolverilməzdir. Ona görə də əslində nə baş verdiyini istintaq aydınlaşdıra bilər. 

Haqlı olaraq da, Penitensiar Xidmət tərəfindən Azərbaycanda məhbusların hansı şəraitdə daşınmaları ilə bağlı mətbuata və ictimaiyyətə məlumatlar açıqlanmır. Bu xidməti informasiya kimi qurum tərəfindən məxfi saxlanılır. 

Bunu "Cümhuriyət” qəzetinə açıqlamasında Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov da qeyd edib. O, deyib ki, məhkumların necə daşınması və onların neçə nəfər tərəfindən müşayiət olunması ilə bağlı məlumatlar xidməti informasiya sayıldığından açıqlanmır. 

Yazıçı, istefada olan ədliyyə mayoru Rövşən Yerfi "Cümhuriyət” qəzetinə bildirib ki, bu işlə Penitensiar Xidmətdə ayrıca qurum  "Konvoy taboru” məşğul olur:

"Sualların təlimata uyğun cavablarının ən düzgününü yalnız orada xidmət etmiş qulluqçular verə bilər. Mən o taborda xidmət etməmişəm, digər əməkdaşlar kimi kənardan müşahidə etmişəm. Danışaramsa, nəyisə səhv demiş olaram. Bu səbəbdən ətraflı cavab verə bilməyəcəyimə görə, məni üzürlü sayın”.

Onu qeyd etmək lazımdır ki, dünyada məhbuslar ən pis nəqliyyat şəraitində daşınırlar. Bir çox ölkələrdə bu şərait Avropa Şurasının insan haqları standartlarından aşağıdır. Məsələn, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi aşkarlayıb ki, Fransa, Macarıstan, İrlandiya, Litva, İspaniya, Ukrayna və Böyük Britaniyada məhbus daşınması şərtləri Avropa Şurası standartlarından aşağıdır.

Məhbus necə qaça bilər?

Xəbər verildiyi kimi, adıçəkilən məhkumlar daşınan zaman qatarda Penitensiar Xidmətin bir neçə əməkdaşı olub. Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur. İstintaqa cəlb edilən digər şəxslər qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Hər üç şəxs məsuliyyətə cəlb olunub. Məlumatlara görə məhkumları müşayiət edən daha bir neçə nəfər olayla bağlı hələ də dindirilir. 

Şübhəsiz ki, Azərbaycanda məhkumlar ciddi müşayiət və təhlükəsizlik baxımından mümkün tələblərlə daşınır. İstər avtomobillərdə, istərsə də qatarda məhkumlar xüsusi çərçivələnmiş vəziyyətlərdə aparılır. Yəni, xüsusi şərait elə olur ki, məhbusların hər hansı artıq hərəkət imkanları məhdud olur. Belə olanda məhkumların qaçmasından ümumiyyətlə, danışmaq ağıla gəlmir. Amma fakt baş veribsə və məhkum qaçıbsa, burada başqa nüanslara diqqət çəkmək lazımdır. Bu hadisə də həmin nüansları özündə ehtiva edir. Məntiqlə bu nəticə hasil olur ki, məhkuma qaçış imkanının yaradılması ya sifarişdir, ya məsuliyyətsizlikdir, ya da müəyyən qarşılıqlı anlaşmadır. Hər halda ilkin məlumatlarda da ehtiva edilən kənardan dəstək ciddi bir olaydan xəbər verir. Yoxsa, hər iki məhkum kifayət qədər ciddi müşayiət altında daşınmasına baxmayaraq qaça bilməzdi. 

Amma onu xüsusi qeyd etmək lazımdır ki, qarovul rəisinin Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğlunun olması generalın "vurulacağı” ehtimalını artırır. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları