Yuxarı

Səhiyyə Nazirliyi özünü təkzib etdi

Səhiyyə Nazirliyi özünü təkzib etdi

Ötən gün xəbər verdiyimiz kimi, ABŞ Azərbaycana səfər edən, burada yaşayan vətəndaşlarını ölkəmizin səhiyyə xidmətindən istifadə etməməyə səsləyib. 

ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsindən bu haqda məlumat verilib:

"Fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik. Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orijinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün. Bu resept sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.

Ötən gün əməkdaşımızla söhbətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Cümhuriyət” qəzetinə bildirilib ki, ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına verdiyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti yoxdur:

"ABŞ bir çox dövlətlərə dair dəfələrlə belə bəyanatlarla, müraciətlərlə çıxış edib. Bu, onların öz vətəndaşlarına bir növ yanaşma tərzidir. Bu da onların öz işidir. Yəni, tövsiyənin bizim ölkə səhiyyəsinə qətiyyən aidiyyatı yoxdur. Bu gün Azərbaycandakı tibb müəssisələrinin indiki vəziyyəti, mütəxəssislərin peşəkarlığı xarici dövlətlər tərəfindən qəbul edilib. Bu gün yüzlərlə xarici ölkə vətəndaşı Azərbaycana gələrək, yüksək səviyyədə müalicə alır və əməliyyat olunurlar”.

Göründüyü kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, bu gün yüzlərlə xarici ölkə vətəndaşı müalicə və əməliyyat olunmaq üçün ölkəmizə üz tutur. Maraqlıdır, bu məqsədlə ölkəmizə gələn xarici ölkə vətəndaşlarının sayı nə qədərdir?

Yüzlərlə xarici ölkə vətəndaşının Azərbaycana müalicə və əmliyyat üçün gəldiyini deyən Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bu gün Cebhe.info-ya verilən açıqlamada bildirilib ki, onlarda belə bir statistika yoxdur. 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində də belə bir məlumat yoxdur. Lazım olan informasiyaları toplamaq üçün dövlət qurumuna sorğu yolladıq. Hər halda yaxın günlərdə sorğuya cavab veriləcək. 

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları