Yuxarı

Nümayəndəlik institutunun ləğvi: Kimə problem yaradacaq?

Nümayəndəlik institutunun ləğvi: Kimə problem yaradacaq?

Prezident İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutu daha peşəkar - vəkillik institutu ilə əvəzlənib, vəkillik institutu daha da gücləndirilib.

Sənədlərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Mülki Prosessual Məcəlləyə edilən dəyişiklik belədir: "69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir”.

Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək. Sənədlərə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.

Dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Dəyişikliklər məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

Vəkil Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə bildirib ki, Mülki və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər yanvarın 1-dən qüvvəyə minəcək: "Sadəcə, bununla bağlı hüquqi şirkətlərin keyfiyyətinə dəyə biləcək zərərin aradan qaldırılması üçün lazımi tədbirlər görmək lazımdır. Bu da ondan ibarət ola bilər ki, Vəkillər Kollegiyasına sənəd vermiş şəxslərin imtahanını tezləşdirilsin”. Qanuna edilən dəyişikliklə bağlı hüquqşünası bildirib: "Yeganə çıxış yolu təcili olaraq Vəkillər Kollegiyasına sənəd vermiş şəxsləri qısa zamanda kollegiyaya qəbulunu təmin edilsin. Bundan sonra heç olmasa 2018-ci ildə 2-3 dəfə sənəd qəbulunu təşkil etmək lazımdır. Bəlkə də bundan sonra imzalanmış qanunun törətdiyi problemləri aradan qaldırmaq olar”.

Maraqlıdır, bu vaxta qədər nümayəndələrin iştirakı ilə məhkəmələrdə olan cinayət işlərinin aqibəti necə olacaq?

Əsabəli Mustafayev qeyd edib ki, qanunda keçid dövrü nəzərdə tutulub: "Nümayəndələr yanvarın 1-dən yeni işlər götürə bilməz. Ancaq icraatlarında olan işləri yekunlaşdırmalıdırlar. Amma bu necə tətbiq olunacaq, o, ayrı məsələdir. Qanun qüvvəyə minmədən öncə həmin nümayəndələri ofislərinə çağırıb onlardan tələb edirdilər ki, öz fəaliyyətlərini dayandırsınlar. Əslində, məsələnin bu qisminin necə həll olunacağını yanvarın 1-dən sonra praktika göstərəcək”.

Nazirliklərdə, banklarda hüquq şöbələri fəaliyyət göstərir. Həmin hüquqşünasların bəziləri, bəlkə də hamısı Vəkillər Kollegiyasının üzvü deyil. Qanuna edilmiş dəyişiklik onlara necə şamil olacaq?

Hüquqşünas burada söhbətin fiziki şəxslərin nümayəndəsindən getdiyini vurğulayıb: "Hüquqi şəxslərin nümayəndələri məhkəmə prosesində iştirak edə biləcək. Tutaq ki, bələdiyyələrin, bankların və yaxud da dövlət qurumlarının hüquqşünası həmin müəssisənin işi ilə bağı məhkəmədə onu təmsil edə biləcək. Burada söhbət fiziki şəxslərin təmsilçilərindən gedir. Bakıda hüquq şirkətləri fəaliyyət göstərir, hansılar ki, çoxlu sayda işçiləri var və yüksək maaş alırlar. Onlar daha çox nümayəndə şəklində çıxış edirdilər və digər şirkətlərlə, müəssisələrlə müqavilə bağlayıb onları müdafiə edirlər. Problem burada yaranacaq. Çünki, Vəkillər Kollegiyasının üzvü olmayanlar həmin hüquq şirkətlərində işləyə bilməyəcəklər. Həmin hüquq məsləhətxanalarında işçi dəyişikliyi ola bilər”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları