Yuxarı

İşləməyənlər necə pensiya alacaq?

İşləməyənlər necə pensiya alacaq?

İşləmək qabiliyyəti olub işləməyən şəxslərin əmək pensiyasından məhrum olması ictimaiyyətdə müzakirələr yaradıb. Həmin şəxslər əmək pensiyası ala bilməsələr də  başqa pensiya növlərini ala bilərlər.

Qeyd edək ki, əmək qabiliyyəti olan, ancaq işləməyən şəxslərə qocalıqda da müəyyən təminatlar verilir. Yəni, Konstitusiyaya görə belədir. Məlumat üçün bildirək ki, ölkədə minimum əmək pensiyası 110 manat müəyyən olunub. Eyni zamanda Azərbaycanda pensiya almaq yaşı 12 il nəzərdə tutulub. Əgər şəxs hesabına 15 min manat yox, 30 min manat yığıbsa, bu zaman o, 220 manat əmək pensiyası alacaq. Bu məsələ işləməyənlərə şamil olunmur.

Maraqlıdır, əmək qabiliyyəti olub işləməyənləri hansı növ pensiya gözləyir?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev "Cümhuriyət” qəzetinə deyib ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir:

"Ona görə də vətəndaş əmək qabiliyyəti olmasına baxmayaraq, işləmədiyi və deməli, sosial sığorta ödəyicisi kimi gələcək pensiya təminatı üçün qanunvericilikdə nəzərdə tutulan qədər pensiya kapitalı (yəni, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği) toplamadığı və ya qanunvericilikdə nəzərdə tutulan qədər sığorta stajına malik olmadığı halda onun heç bir halda əmək pensiyası hüququ yaranmır. Bununla belə, qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda onların da sosial təminatı həyata keçirilir.

Belə ki, həmin kateqoriyadan olan insanlar qanunvericilikdə nəzərdə tutulan yaş həddinə, (yəni kişilər 67 yaşına, qadınlar 62 yaşına) çatdıqda "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, onlara yaşa görə aylıq sosial müavinət (66 manat) təyin edilir. Lakin həmin Qanuna görə, qadınlar 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etdikdə, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etdikdə onların 57 yaşına çatdıqda yaşa görə sosial müavinət hüququ yaranır. Həmçinin ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı, yaxud sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən kişilər 62 yaşına çatdıqda yaşa görə sosial müavinət hüququ əldə edirlər”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları