Yuxarı

Kabinetlərdən görünən sinif otağı

Kabinetlərdən görünən sinif otağı

Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə keçirilən komitə iclaslarında 2018-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarıldı.

İclasda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deputatların maaşının artırılmasını təklif etdi: "Hakim partiyanın üzvü dedi ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin maaşından azdır. "Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin, burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.

Siyavuş Novruzovun istəyi həm maliyyə naziri Samir Şərifov, həm də cəmiyyət tərəfindən narazılıqla qarşılandı. İnsanlar sosial şəbəkələr  üzərindən deputatın bu arzusuna iradlarını bildirdilər. Hətta nümunə gətirildi ki, təqaüdçülər, müəllimlər, həkimlər və ictimai sektorda işləyənlər deputatlardan dəfələrlə az maaş alırlar. Siyavuş Novruzovun bu iradlara mətbuat vasitəsilə cavabı isə belə oldu: "Bu qədər müəllimin pensiyaçının pulunu artırmaq olar? Biz isə cəmi 125 nəfərik”.

"200 manata görə kim gedib əsəblərini korlayar?”

Milli Məclisin komitə sədrlərinin aldığı maaş Azərbaycanda hər bir müəllimin əlçatmayan böyük arzularındandır. Komitə sədrləri 1500 manatdan, depuatatlar isə 1200 manatdan çox, müəllim isə orta hesabla ayda 200-300 manat maaş alır. Yəni, müəllimlərin əmək haqqı depuatatların maaşından 5 dəfədən də azdır.  

Misir Mərdanovun təhsil naziri olarkən "Bu gün Azərbaycanda əllərinin üstündə gəzdirməyə layiq olan müəllimlər var. Amma biz onlara nə veririk? 200 manat pul veririk. 200 manata kim gəlib kiminsə uşağını hazırlayar? Biz hazırlayarıq? Əlbəttə, hazırlamarıq! Sabah müəllimə 2 min manat maaş ver, gör, uşağın repetitorun yanına gedir, ya getmir?! Vermirik axı, əzizim. 

İfadəmə görə üzr istəyirəm, normal, ağlı başında olan adam gedib 200 manata görə əsəblərini korlayarmı? Mənim tanıdığım və hörmət etdiyim adamlar var ki, işlədikləri yerdən rəsmi qaydada ərizə yazıb çıxıblar, üçotaqlı evinin iki otağına partaları düzüb 20 uşaq hazırlayırlar. Ayda da zəhməti ilə 2 min manat pul qazanır. Bazar iqtisadiyyatıdır: pulun varsa, yaşayırsan, olmasa, nə etməlisən?” sözləri ilə vəziyyətin ən yaxşı təsvirini vermişdi.

Kənddən dispanserə

Türkiyənin mərhum aktyoru Kamal Sunalının baş rolunu oynadığı "Müəllim” ("Öğretmen”) adlı film var. Film kəndindən ailəsi ilə birlikdə İstanbul şəhərinə gələn Hüsnü müəllimin (Kamal Sunal) şəhərdə yaşamağa səy göstərməsindən, az maaş müqabilində üzləşdiyi məişət qayğıları ilə mübarizəsindən bəhs edir. Son nəticədə ağlını itirən Hüsnü müəllim dispanserə aparılır.

Hüsnü müəllim şəhərə gəlir və tez bir zamanda başa düşür ki, aldığı az məvaciblə nə kirayə götürdüyü evin pulunu verə biləcək, nə də ailəsini dolandıra biləcək. Xərcləri azaltmaq və ailə büdcəsi formalaşdırmaq üçün kilometrlərlə uzaqda yerləşən məktəbə piyada getməyə məcbur olur. Lakin bu da problemlərin həlli deyildi. Sonda Hüsnü müəllimə məlum olur ki, məktəbdəki digər müəllimlərin ikinci işləri var və problemlərini bu yolla həll edirlər. 

O da ikinci iş tapmağın yollarını axtarır. Beləliklə, restoranlarda qoz ləpəsi satmağa başlayır, lakin işin ilk günündə döyülür və başa düşür ki bacarmayacaq. Simit satır, lakin bu dəfə də bəxt üzünə gülmür. Bələdiyyə zabitləri qanunsuz satışa görə onu qovurlar, ayaqları sürüşüb yıxıldığı çuxurun içində və zabitlərin istehzalı gülüşləri altında Hüsnü müəllim anlayır ki, bundan da bir şey çıxmayacaq. Xırdavat əşyaları satmağa başlayanda o, artıq gecə yuxularında müştəri çağıran, öz-özünə danışan, şagirdlərinə müştəri gözü ilə baxan şizofrenə çevrilmişdi. 

Müəllimlər günündə şagirdləri hədiyyə əvəzinə ərzaq aldığı Hüsnü müəllimi bir neçə saat sonra həkimlər təcili yardım avtomobili ilə dispanserə aparmaq üçün məktəbin qarşısında gözləyirdilər.

Bizim Cəbiş müəllim

Hüsnü müəllimin dispanserə düşməsinə qədər baş verən hadisələr dönəmin Türkiyəsinin həqiqətlərini əks etdirirdi. Lakin Hüsnü müəllim filmdə ağır şərtlər altında yaşamasına baxmayaraq, işinə ləyaqətlə yanaşan bir obrazdır. "Bizim Cəbiş müəllim” kimi... "Bizim Cəbiş müəllim” filmində də müharibəyə görə maaş ala bilməyən Cəbiş müəllim (Süleyman Ələsgərov) buna baxmayaraq, işinə ləyaqətlə yanaşaraq şagirdlərə həqiqətləri çatdırmağa çalışır. Lakin Cəbiş müəllimin ləyaqəti böyük səfalət və dəhşətli aclıq içində olan insanlar üçün məchul bir əxlaq idi, anlaşılan deyildi. Amma film bir müəllimin cəmiyyət üçün hansı rolu oynadığı mesajını çatdırmaq baxımından peşəkarca seçilmiş  vasitəydi. Cəbiş müəllimin simasında cəmiyyətə ötürülən mesaj o idi ki, müəllimlərə bir deputata verilən maaşın 20 qatını versələr də azdır. 

Qaldı ki, hazırda Azərbaycan müəlliminin aldığı maaşa, "xaltura” etməsə, yəni, əlavə qazanc yeri tapmasa, aldıqları məvacib boğazlarından girib qarınlarına çatmaz.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları