Yuxarı

Rusiyada böhran axın yarada bilər

Rusiyada böhran axın yarada bilər

Rusiyada iqtisadi böhran ticarət sektoruna da mənfi təsir edib. İş adamlarının müflisolma halları rekord səviyyəyə yaxınlaşıb. Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin məlumatına əsasən, bu ilin üçüncü rübündəki müflisolma halları ikinci rüblə müqayisədə 3 faiz artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə isə 12,4 faiz artma müşahidə edilir. Bildirilir ki, müflisləşmə 2015-ci ilin böhran göstəricilərini üstələyib. Yalnız 2009-cu ilin tarixi maksimum az geri qalır. İqtisadçılar hesab edir ki, bunun əsas səbəblərindən biri müştərilərin tələbatının zəifləməsidir. Ölkə əhalisinin gəlir səviyyəsi 12 rüb dalbadal azalmaqdadır. Statistika Komitəsinin məlumatına görə, təkcə bu ilin əvvəlindən ölkə əhalisinin gəlirləri 1,2 faiz azalıb.

Məlumat üçün bildirək ki, Rusiya Mərkəzi Bankı  2016-cı ilin birinci yarısında bank köçürmələri yolu ilə MDB respublikalarına pul köçürmələrinin həcmini açıqlamışdı. Mərkəzi Bankın məlumatına əsasən Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlar ilin ikinci kvartalının yekunlarına əsasən vətənə cəmi 203 milyon dollar göndəriblər. Hesabata əsasən bütün MDB respublikalarına Rusiyadan göndərilən pullar kəskin azalıb.

Rusiya Mərkəzi Bankının açıqladığı rəqəmlər bu ölkəyə qazanc dalınca gedənlərdən Azərbaycana daxil olan pulların dollar ekvivalentində ilbəil azaldığı öz əksini tapmışdı. Belə ki, azərbaycanlı miqrantlar 2014-cü ildə vətənə 1.3 milyard dollara yaxın pul göndərmişdilər. 2015-ci ildə isə bu göstərici iki dəfə aşağı düşərək 650 milyon dollara yaxın olub. Bunun əsas səbəbi Rusiya rublunun dollar qarşısında kəskin dəyər itirməsi və bu ölkədə iqtisadi şərtlərin ağırlaşmasıdır. Maraqlıdır, Rusiyada mövcud iqtisadi böhran, müflis olanların sayının artması orada yaşayan azərbaycanlılara necə təsir edəcək?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycandan Rusiyaya gedib işləmək və bu proqram əsasında ailəni dolandırmaq bir ənənə halını alıb:

"Bu, sovet hökuməti dövründə də olub, indi də var və yəqin ki, gələcəkdə də davam edəcək. Bunun müxtəlif səbəbləri var. Rusiya həm qonşu dövlətdir, həm də dilini bilib tez uyğunlaşa biləcəyimiz bir ölkədir. Bundan əlavə, uzun illər bir dövlətin içərisində birlikdə yaşamışıq. Sözsüz ki, bütün dünyada, eləcə də MDB məkanında iqtisadi böhran həm əhalinin gəlirlərini aşağı salır, həm müflisləşməni artırır, həm də kapital axınını sürətləndirir. Rusiyada müflisləşmə hallarının rekord səviyyəyə çatması, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin aşağı düşməsi orada ticarətlə məşğul olan azərbaycanlıların da işini çətinləşdirir. Yaranan mənfi təsirlər nəticəsində Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycandakı ailə üzvlərinə göndərdikləri vəsaitin həcmi də azalır. Son 3 ildə Rusiyadan Azərbaycana həm rəsmi, həm də qeyri-rəsmi yolla göndərilən pulların həcmi kifayət qədər azalıb. Bu proses belə davam etsə, daha geniş fəsadlara yol aça bilər. İlk növbədə Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə Azərbaycana axını baş verə bilər. Hələ ki, proses o mərhələyə çatmayıb. Məlumdur ki, Azərbaycanda iqtisadi vəziyyət o qədər də cəlbedici deyil. Buna görə də həmin şəxslər müəyyən mənada analiz edib düşünürlər ki, onlar Azərbaycana gəlsələr, ümumiyyətlə, dolana bilməzlər”.

Ekspert hesab edir ki, növbəti mərhələlərdə Rusiyada iqtisadi böhran daha da dərinləşəcək:

"Ola bilsin ki, qarşıdakı illərdə Rusiyadakı azərbaycanlıların kütləvi axını baş versin. Hazırda Azərbaycandan gedib Rusiyada iqtisadi sahədə çalışan əhalinin böyük əksəriyyəti gündəlik tələbat mallarının alveri ilə məşğuldur. Həmyerlilərin böyük əksəriyyəti elə seqmenti seçib ki, onu ixtisar etmək mümkün deyil. Ərzaq məhsullarını, meyvə-tərəvəzi hər gün qəbul etmək lazımdır. Azərbaycanlıların da böyük əksəriyyəti məhz bu sahədə çalışır. Buna görə də onları orada tutub saxlayan da məhz seçdikləri seqmentlə bağlıdır”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları