Yuxarı

Adı var, özü yox bələdiyyələr

Adı var, özü yox bələdiyyələr

Bələdiyyələrin səlahiyyətlərinin artırılması yenidən gündəmə gəlib. Qeyd edək ki, Azərbaycanda 1999-cu ildə yaradılan və ilk dəfə seçkilər keçirilən bələdiyyələr tam səlahiyyətli qurum sayılmır. Yerli özünüidarəetmə səlahiyyəti verilsə də bələdiyyələr icra hakimiyyətlərinin əlavəsi kimi fəalliyyət göstərir. Ötən gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlament komitələrinin gələn ilin büdcə zərfinin birgə müzakirəsi zamanı yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətini məhdudlaşdırdığını deyib. 

"Bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra etsin. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın? 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri icra olunmayıb. 2018-ci ildə isə ümumiyyətlə, bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu laqeydlikdirmi? Bu nə deməkdir?”- Arif Rəhimzadə deyib.

Ümumiyyətlə, bələdiyyələrin işlək quruma çevrilməsi üçün hansı addımların atılması zəruridir? 

Bələdiyyə üzrə ekspert Abil Bayramov "Cümhuriyət” qəzetinə şərhində yerli özünüidarəetmə orqanlarının işlək quruma çevrilməsi üçün ciddi   islahatların aparılması  vacibdir:

"Yerli icra hakimiyyətləri və bələdiyyələrin üzərinə düşən səlahiyyətlər konkretləşdirilməlidir. O, cümlədən, yerli problemlərlə bağlı bütün məsələlərin həlli yerli özünüidarə qurumlarının səlahiyyətinə verilməlidir. Təbii ki, bunu mərhələli şəkildə də həyata keçirmək mümkündür. Digər tərəfdən, bələdiyyələrin maliyyə potensialı gücləndirilməlidir. Hazırda bələdiyyələr məqsədsiz dotasiyalar alır. Nəzərdə tutulan 5.2 milyon manat da məqsəqsiz dotasiyadır. Başqa ölkələrin təcrübəsinə nəzər yetirsək, yerli özünüidarə qurumları məqsədli transfertlər də alırlar. Təbii ki, məqsədli transfertlərin verilməsi imkan verir ki, bələdiyyələr müəyyən layihələri həyata keçirə bilsin. Digər tərəfdən, bələdiyyələrə dayanıqlı maliyyə mənbələri verilməlidir. Hal-hazırda bələdiyyələr onlar üçün tanınan maliyyə mənbələrinin hamısından istifadə edə bilmirlər. Məsələn, bələdiyyələr yerli əhəmiyyətli tikinti materiallarından mədən vergisi almalıdır. Amma heç də bütün bələdiyyələrin ərazisində yerli əhəmiyyətli tikinti materialları yoxdur. Hansı ərazilərdə varsa, orada da bələdiyyələr bundan tam şəkildə yararlana bilmirlər. Son illərdə bu istiqamətdə həyata keçirilən 1 müsbət dəyişiklik qeyd etmək olar ki, bu da əmlak vergisinin hesablanmasına edilən dəyişikliklə bağlıdır. Əvvəllər bu əmlakın inventar dəyəri ilə hesablanırdısa, 2015-ci ildən etibarən bu əmlakın sahibinə görə hesablanır. Bir çox əmlakların inventar dəyərini müəyyənləşdirmək mümkün olmadığı üçün bələdiyyələr bu vergini toplaya bilmirdi. Bu istiqamətdə islahatlar aparılmalıdır ki, bələdiyyələr dayanıqlı maliyyə mənbələrinə çıxış əldə bilsinlər. Hal-hazırda ayrılan dotasiyaların miqdarı isə çox aşağıdır. Çünki bütün ölkə üzrə 5 milyon manat çox aşağı məbləğdir. Təbii ki, dotasiyanın miqdarını artırmaq bələdiyyələrin maliyyə imkanlarının genişləndiriməsi yollarından biridir”.

Ekspert bir müddət öncə gündəmə gələn Mənzil İstismar Sahələrinin (MİS)  ləğv olunaraq, səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsinə də toxunub. A.Bayramovun sözlərinə görə, hazırkı Mənzil Məcəlləsinə görə "JEK”-lərin fəaliyyətinin heç bir hüquqi əsası yoxdur:

"Söhbət "JEK”-lərin fəaliyyətinə bu gün ehtiyacın olub-olmamasından getmir. Yeni Mənzil Məcəlləsi qəbul olunub və həmin Məcəlləyə istinad etsək, hazırda "JEK”-lərin fəaliyyət göstərməsinin heç bir hüquqi əsası yoxdur. Əslində çoxmənzilli binaların idarə olunması ilə bağlı bir sıra formalar nəzərdə tutulub. Onların da dünya praktikasında ən çox yayılmış forması olan, Mənzil Sahiblərinin Müştərək Cəmiyyəti vasitəsilə çoxmənzilli binaların idarə olunmasıdır. Burada da Müştərək Cəmiyyətin təşkili ilə bağlı bələdiyyələrə müəyyən rol tanınıb. Hesab edirəm ki, əslində bələdiyyələr bu prosesdə tənzimləyici rolunda çıxış etməlidir. Bələdiyyələrə geniş imkanlar tanınmalıdır ki, ən müxtəlif xidmət sahələri ilə bağlı müstəqil sifarişlər verə, müqavilə bağlaya bilsinlər. Məsələn, tullantıların daşınması ilə bağlı bələdiyyələrin səlahiyyəti birbaşa tanınıb, ancaq bu işlə bilavasitə yeri icra qurumları məşğul olurlar. Məsələ ondadır ki, tək mənzillərin idarə olunması yox, yerli səviyyədə ictimai xidmətlərin də göstərilməsi səlahiyyətləri birmənalı olaraq bələdiyyələrə verilməlidir ki, müstəqil səlahiyyət göstərə bilsinlər”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları