Yuxarı

Zəlzələ Bakıda hansı binalar dağıla bilər?

Zəlzələ Bakıda hansı binalar dağıla bilər?

Cahangir Qocayev: "Bina qəzalı vəziyyətdədirsə, onlar sökülməli, insanlar təhlükəli binalardan köçürülməlidir”

İranda 7,3 bal gücündə baş verən zəlzələ güclü dağıntılara səbəb. Yeraltı təkanlar ölkə daxilində yaşayış binalarının zəlzələyə davamlı olmadığını göstərdi. Hətta dağılan evlərə və binalara baxış keçirən İran prezidenti Həsən Ruhani də açıqlamasında bunu etiraf edib. O, dağıntıların çox olmasında əsas səbəb kimi sabiq prezident Mahmud Əhmədinejadı günahlandırsa da, faktiki olaraq İranda keyfiyyətsiz binaların mövcudluğunu dilə gətirib. 

Məsələ Azərbaycanda evlərin, binaların zəlzələyə davamlılığı mövzusunu gündəmə gətirib. Qeyd edək ki, Azərbaycanda tikintinin keyfiyyətinə nəzarəti həyata keçirən struktur hələ yaradılmayıb. Bu strukturun olmaması binaların keyfiyyətli, yaxud keyfiyyətsiz səviyyədə tikilməsini bilməyə imkan vermir. Məlumdur ki, paytaxt Bakı 9 ballıq zəlzələnin baş verə biləcəyi bir seysmik zona hesab olunur. Bu mənada güclü və dağıntılarla müşayiət olunan zəlzələnin baş verməsi hər an mümkündür. Bundan əlavə bina yerləşən ərazinin iqlim xüsusiyyətlərini də nəzərə almaq lazımdır. 

Ekspertlərin fikrincə, Azərbaycanda yaşayış binalarının zəlzələyə davamlılığını yoxlamaq üçün dəqiq ekspertiza aparılsa və tikilən binalarla bağlı laborator rəy verilsə, məlum olacaq ki, yeni binaların 90%-i sökülməlidir. Ona görə ki, binalar başdansovdu tikilir. Eyni zamanda, seysmik davamlılığını dəqiq müəyyən etmək üçün inventarizasiya aparılımır və binalar pasportlaşdırılmır. 

Maraqlıdır, ölkədə güclü zəlzələ baş verərsə, hansı binalar dağıla bilər?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, memar Cahangir Qocayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan bu məsələdə bir dəfə sınaqdan keçib: "Bakıda 2000-ci ildə baş verən zəlzələdə bir dənə də olsun bina dağılmadı. Çünki çoxları elə bilirdi ki, Sovet vaxtı tikilən binaların əksəriyyəti davamlı deyil. Amma onlar zəlzələyə tab gətirdilər. Amma indiki dövrdə mövcud olan tikililərin zəlzələyə davamlılığını bilmək üçün onların hər birini müayinə etmək lazımdır. İnsanlar müayinədən keçdiyi kimi, binalar da müayinədən keçməlidir. Məhz ondan sonra demək mümkündür ki, hansı bina zəlzələyə davamlıdır, hansı bina isə texnogen prosesə davamlı deyil. Yəni binanın yanından traktor keçəndə tikili çat verəcək. Binaların ucalığı ilə zəlzələnin davamlılığını ölçmək düzgün deyil. Tikinti zamanı müəyyən normalar var ki, onlar gözlənilməlidir. Həmin normalar gözlənilsə, heç nə olan deyil”. 

Cagangir Qocayev hesab edir ki, ölkədə bütün binalar pasportlaşdırılmalıdır: "Məsələn, teleqüllə və yaxud bayraq dirəyinin hündürlüyünə nəzər salın. Görün, onlara bir şey olur? Hər halda binaların tikintisində şəffaf hesabatlar aparılır. O hesabat müəyyən qədər qorxu hissini aradan götürür. Layihələr dövlət ekspertizasından keçirilib. Faktiki o necə tikilir, bunu yalnız inşa edənlər və nəzarət edənlər bilir. Bu gün Bakıda qəzalı binaların da sayı çoxdur. Binanın başqa sahələrdən fərqi var. Bina qida məhsulu deyil ki, onun yararlıq müddəti olsun. Bina köhnələndə onu cari və əsaslı təmir edirlər. Hətta rekonstruksiya edirlər. İstənilən halda tikiliyə, onun dayanıqlığına, keyfiyyətinə yalnız inşaatçı qiymət verə bilər. Əgər bina qəzalı vəziyyətdədirsə, onlar sökülməli, insanlar təhlükəli binalardan köçürülməlidir”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları