Yuxarı

Saxta profillərə də cərimə gəlir?

Saxta profillərə də cərimə gəlir?

Yeni internet cərimələri tətbiq olunacaq.Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsində əlavələr etməyə hazırlaşır.Təkliflər parlamentin müvafiq komitəsinə təqdim edilib.Belə ki, internet informasiya ehtiyatının və domen sahibinin yayılması qadağan edilən informasiyanı yaymasına, informasiyanın yayılmasının qarşısını almamasına cərimə cəzası tətbiq edilə bilər. İlk növbədə tətbiq ediləcək cərimələr internet  xuliqanlığının qarşısını almaq məqsədi daşıyır. 

Təklif edilən maddə qadağan edilən informasiyanın internetdə yayılmasına görə, fiziki və hüquqi şəxslərin cərimə edilməsini nəzərdə tutur. Fiziki şəxslərin 500 manatdan 1000 manata, vəzifəli şəxslərin 1000 manatdan 1500 manata, hüquqi şəxslərin isə 1500 manatdan 2000 manata qədər cərimə edilməsi təklif olunur. Cərimələrin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək. İnternet informasiya ehtiyatı hansısa informasiya "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edilirsə, həmin bilgi internet resursunda varsa, dərhal ona müraciəti məhdudlaşdırmalıdır. Əks halda host provayder və internet provayderlər vəzifəli şəxslər üzrə 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcəklər. Qeyd olunan müddəa o halda tətbiq ediləcək ki, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmasın.  Sosial media mütəxəssisi Orxan Rzayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, onlayn medianın tənzimlənməsi ilə bağlı Azərbaycanda hələ ki, qanunvericilik yoxdur:

"Amma cərimələrin tətbiqi müəyyən qədər işə yarıya bilər. Cərimələrin olması insanları son dərəcə ehtiyatlı olmağa vadar edə, yanlış, saxta  və şantaj xarakterli informasiyaları yaymaqdan çəkindirə bilər. Avropa ölkələrində və ABŞ-da onlayn media haqqında qanunvericilik formalaşıb.Azərbaycan isə texnoloji mövzularda bir qədər geriləyir.Ona görə də lazımi proseslərə uyğunlaşa bilmirik.İlk növbədə sözügedən qanun qəbul edilməlidir.Bu qanun olmasa, problemlər hələ də qalacaq.Çünki məsələnin tənzimlənməsi çox çətin prosesdir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları