Yuxarı

Mətbuatın "reket” bəlası

Mətbuatın

Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının iclasından sonra adlarının "qara siyahı”ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı qara piar kampaniyasına start verilib. Bu kampaniyaya adları "qara siyahı”da yer alan bəzi informasiya orqanlarının qoşulması da diqqət çəkməkdədir. 

Bildirilir ki, MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir. Komissiya rəyə gələrkən həmçinin peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayət(lər) doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları əsas götürüb. "Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək, layiqli cəzasını alacaqdır. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcəkdir. Buna hər kəs əmin olsun, xəbərdarlıqdan düzgün nəticə çıxarsın”.

Filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli "Cümhuriyət” qəzetinə bildirib ki, "Reket jurnalist”lər əvvəllər də olub və yəqin ki, bundan sonra da olacaq. Qulu Məhərrəmli Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı mübarizəsinin effekti olacağına inanmır:

"Bu problemlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bu, birbaşa polisin, prokurorun fəaliyyət sahəsinə aid olan məsələdir”. 

Deokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, sözügedən kampaniya əslində yeni deyil:

"Neçə müddətdir ki, Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının iclasları keçirilmirdi. Ona görə də yeni kampaniya kimi təəssürat yaratdı. Amma bu, yeni kampaniya deyil və bu davamlı bir işdir. Mətbuat Şurasının Şikayətlər Komissiyası var. Ora mütəmadi daxil olan şikayətlər əsasında həmin rəylər formalaşır. Hər hansı bir KİV haqqında bir neçə dəfə şikayət olunarsa, həmin mətbu orqanı dəfələrlə jurnalistlərin peşə davranışı kodeksinin müvafiq bəndlərini pozarsa, biz onu "Reket jurnalistika”ya qarşı mübarizə komissiyasına tövsiyyə edirik. Həmin komissiya məsələyə baxır və yekun qərar yenə də İdarə Heyətinin toplantısında verilir. Ötən dəfə belə bir toplantı oldu və 9 KİV orqanının adı həmin "qara siyahı”ya təklif edilib. Bu, ictimai qınaq məqsədi daşıyan bir kampaniyadır. Mətbuat Şurasının administrativ hüquqi statusu yoxdur. Sadəcə, biz ictimai qınaq formasında onları təqdim edə bilirik və cəmiyyət də bislin ki, bunlar jurnalistika ilə məşğul deyillər”.

Ekspertin sözlərinə görə, jurnalistika prinsiplərindən kənar fəaliyyət göstərən, özlərini "jurnalist” adlandıran şəxslərə və KİV-lərə qarşı mübarizə aparılır: "Mətbuat çox kəsərli silahdır. Bu silahdan cəmiyyətin inkişafına yox, öz şəxsi mənafelərinə, koorporativ maraqlarına uyğun istifadə edirlər. Bu da yolverilməzdir. Bu baxımdan biz həmin şəxslərin reketçiliklə - təhqir, təhrik, şantaj yollarını seçməklə jurnalistika ilə məşğul olmaları və pul qazanmalarına qarşıyıq. Onlar bu fəaliyyətləri ilə həm də qanunu pozurlar. 

Hesab edirik ki, bu işlə daha çox hüquq-mühafizə orqanları və aidiyyatı orqanlar məşğul olmalıdır. Ona görə də məsələni ictimailəşdiririk. Təbii ki, bunların nəticəsi var. Hər halda biz simvolik qara siyahı müəyyənləşdirmişik. O siyahıda adı olan KİV-lərlə hər hansı bir qurumun və ya vətəndaşın əməkdaşlıq etməsini istəmirik. Beləliklə də həmin KİV-lə müəyyən qədər təcrid olunurlar. Hər halda, belə bir islah xarakteri var”. 

Yeganə Oqtayqızı
Alçina Amilqızı





Həftənin ən çox oxunanları