Yuxarı

Mənzil fırıldağının qarşısı alman qaydalarıyla alınacaq

Mənzil fırıldağının qarşısı alman qaydalarıyla alınacaq

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna dəyişikliklər edildi. Belə ki, dəyişikliklərə əsasən daşınmaz əmlakın dövlət reyestri "Elektron hökumət” portalına inteqrasiya olunacaq və hüquq sahibinin (nümunə üçün evini satmaq istəyən şəxsin) istəyi olduqda dövlət reyestrindən çıxarışları notarius "Elektron hökumət” portalından əldə edə biləcək. 

Yəni, artıq daşınmaz əmlak üzərində sərəncam verməklə bağlı müqavilələrin, məsələn, alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi üçün hüquq sahibi dövlət reyestrindən çıxarışı təqdim etmədikdə də notarius özü elektron resursdan real vaxt rejimində əldə edə biləcək.Ekspertlər hesab edir ki, bu dəyişiklik bir mənzilin bir neçə nəfərə satılmasını əngəlləyəcək.Ancaq bu məsələ hələ də tam şəkildə təşkil olunmayıb və müəyyən boşluqlar hələ də qalmaqdadır.Nəzərə alsaq ki, Mənzil Tikinti Koorperativləri (MTK) tikinti tam başa çatmadan artıq satışa başlayırlar.Bu isə o deməkdir ki, həmin mənzillər yaşayış üçün lazım olan standartlara sahib olmadığı üçün heç bir dövlət qurumundan rəy verilməyib.Ona görə də həmin mənzillərin Elektron hökumət portalında qeydiyyatı aparılmır.Bu da tikinti aparan şirkətin qanuni satış aparmasına zəmin yaradır.

Digər tərəfdən, MTK-ların bir çoxu yarıtikili binaların satışını aparır və müştəriyə çıxarış verir.Məlumdur ki, binalar tam olaraq standartları yerinə yetirmədikdə, Fövqəladə Hallar Nazirliyinin (FHN) yekun rəyi olmadıqda heç bir mənzilə çıxarış verilə bilməz.Qanunvericiliyə görə MTK-lar mülkiyyətində (icarəsində, qanuni istifadəsində) olan torpaq sahələrinin üzərində təsdiqlənmiş layihə əsasında bina tikintisinə başladığı müddətdən qabaqcadan qeydiyyat apara bilər.Gələcəkdə inşa ediləcək qabaqcadan qeydiyyata alınmış mənzilin çıxarışı əsasında notarial qaydada alqı-satqı ediləməsi mümkündür.Cari qanunvericiliyə əsasən daşınmaz əmlak üzərndə sərəncamlar yalnız notarial qaydada öz təsdiqini tapmalıdır.MTK-larla bağlanmış müqavilələrin hüquqi əsası yoxdur.Çıxarış əsasında notarial qaydada olan alqı-satqılar mülkiyyətçini bir çox gələcək risklərdən qoruyur və inşa edilən mənzilinə sərəncam vermək hüququ yaradır.(Alqı-satqı edə bilər, girov qoya bilər və s.)Bütün bunlar onu deməyə əsas verir ki, MTK-ların daxili qaydalarla imzaladığı və ya verdiyi heç bir sənəd hüquqi öhdəlik vermir.Maraqlıdır, bu boşluqlar necə tənzimlənəcək?MTK-ların tikintini tam olaraq başa çatdırmadan satışa başlamasına qadağa qoymaq mümkündürmü?

Hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, qanunvericilikdə bu məsələ hələ də tam şəkildə tənzimlənməsə də, yeni dəyişikliklər tamamilə doğru istiqamətdə aparılır:

"Azərbaycanın mülkiyyət hüququ, daşınmaz əmlaka dair qanunvericiliyi Almaniyadan götürülüb. Amma bu qismən götürülüb.Ona görə də bizdə bu cür problemlər yaşanır.Məsələn, Almaniyada tam tikilməmiş binaya "kupça” verilir.Vətəndaşlar nəinki aldıqları mənzilə, binanın tikintisi həyata keçirilən torpağın üzərində də vətəndaşlar pay sahibi olurlar.Yəni, "kupça”da göstərilir ki, mənzillə bərabər torpaq sahəsinə də paylı mülkiyyətçidir.Bu isə ona görə lazımdır ki, podratçı şirkət işi sona qədər bitirməyəndə həmin mənzil mülkiyyətçiləri özləri yeni şirkət tapıb işləri davam etdirə bilərlər.Çünki torpaq onlara məxsusdur.Bizdə isə bu yoxdur.Torpaq mənzil sahibinə verilmir, bir mənzil bir neçə nəfərə satılır.

Almaniyada binanı tikən podratçı şirkətə layihənin dəyəri tam şəkildə deyil, hissə-hissə ödənilir.Podratçı şirkət tikintinin gedişatına uyğun olaraq pulunu alır.Məsələn, layihədə göstərir ki, 10 mərtəbəli binanın tikintisinə 100 min vəsait ayrılıb.İşin gedişatına uyğun olaraq ödənişlər edilir, binanın tikintisi tam başa çatdıqdan sonra isə tam ödəniş həyata keçirilir.Bizdə isə belə deyil.Tikinti şirkətləri layihənin dəyərini bütövlükdə alırlar, sonra isə aradan çıxırlar.Bilirəm ki, bu layihənin hazırlanmasına alman mütəxəssislər cəlb olunub.Amma onların dediklərindən nələrin qəbul olunduğunu bilmirik.Əgər bu layihə qismən də olsa bu istiqamətdə gedibsə, yaxşıdır.Bu həqiqətən də vətəndaşların aldadılmasının qarşısını alacaq”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları