Yuxarı

AXCP sədri Razi Nurullayevin qadınlarla möhtəşəm görüşü

AXCP sədri Razi Nurullayevin qadınlarla möhtəşəm görüşü

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu gün qadınlarla görüş keçirib. Tədbir Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında baş tutub.

AXCP sədrinin müavini Mehriban Sadıqova tədbiri giriş sözü ilə açdıqdan sonra, sözü AXCP sədri Razi Nurullayevə verib.

Partiya sədri tədbir iştirakçılarını salamlayıb, qadınların üzləşdiyi bir sıra problemlərə toxunub:

"Çox hörmətli xanımlar, analar və bacılar! Hər birinizi burada görməkdə şadam və salamlayıram. Qadınlarımız tarix boyu Azərbaycan dövlətinin yaranmasında, böyük bir məmləkətə çevrilməsində hər zaman öndə olublar. Azərbaycan qadınları bu gün də bu rolu həyata keçirməkdədir. Ancaq bu gün Azərbaycan qadının sosial durumu bizi qane etmir. Daha çox əzab-əziyyət içindədir. Onlar daha çox məhrumiyyətlərə rast gəlirlər. Avropadan qayıdan zaman bir epizod mənə çox pis təsir etdi. Alman, fransız qadınları normal vəziyyətdə növbəyə durub, təyyarəyə minirlər. Ancaq müsəlman dünyasından olan qadınlar, içərisində kifayət qədər azərbaycanlı, türk, iranlı qadınlar var idi, - onlar əllərində çoxlu yüklərlə təyyarəyə minmək istəyirdilər. Yəni, Azərbaycan qadını ailəsinin yükünü azaltmaq üçün əzaba qatlaşır. Beləmi olmalıdır? Azərbaycan kifayət qədər varlı ölkədir. Azərbaycan qadını sosial problemlər üzündə acınacaqlı həyat yaşayır.

Bəzən görürük ki, kişi ailəsinin üzünə baxmağa utanır, işsizdir. Çünki aldığı əmək haqqı ilə ailəsini dolandıra bilmir. Azərbaycan cəmiyyətində hər zaman ən böyük yük Azərbaycan qadınının üzərinə düşür. Azərbaycanda sosial həyat o qədər ağırdır ki, kimsə pensiya yaşına çatmır. Ancaq normalda qadınlar 55 yaşında pensiyaya çıxmalıdır. Biz bununla bağlı təkliflər hazırlamışıq və arxasında duracağıq ki, bu təklif həyata keçsin. Mövcud siyasət dəyişsin.

Azərbaycan qadını hər zaman ailəsini saxlamaq üçün əziyyətli həyat yaşayır. Burada oturanların bir çoxu yolsuz, qazsız evlərdə yaşayır. Bu yaşayış deyil. Azərbaycan qadınına hər bir şəraitin yaradılması üçün imkanlar var. Hər bir Azərbaycan qadını neft gəlirlərindən öz ailəsində görmək istəyir. Biz 2018-ci ildə prezident seçkilərində son damla qanımıza qədər mübarizə aparacağıq. İstəyirik ki, heç olmasa, hər bir ailənin hesabına 10 min manat vəsait ayrılsın. Bunun üçün axı bizim imkanlarımız var.

Biz Azadlıq meydanlarına insanları yığanda, müstəqil olanda, asfaltın qızıldan olacağını, daha yaxşı yaşayacağımızı söz verdik. Bəs niyə baş vermədi? Biz haqqımızı tələb etməyi öyrənməliyik. Bilməliyik ki, yerin altında və üstündə olan bizlərindir. Ona görə də, bu təbii sərvətlər də bərabər bölünməlidir.

Azərbaycanda uşaq olanda hər kəs sevinir, ancaq sonradan o qədər problem yaşanır ki, bu sevinc gözə görünmür. Niyə hər yeni doğulan uşağa ən az 1000 manat pul vermirlər? Axı buna bu ölkənin imkanları var”.

AXCP sədri əlavə edib ki, qadınların sosial problemlərini həll etmək üçün bu dövlətin imkanları var, ancaq heç bir dəstək vermir. R.Nurullayev bildirib ki, AXCP bu siyasətin dəyişməsi üçün mübarizə aparır:

"Park tikirlər və dünyanın bir çox ölkələrindən mərmər gətirib parklara döşənir. Buna böyük miqdarda vəsaitlər ayrılır. Azərbaycanın hər bir rayonunda 5 min ailəlik binalar tikmək olar və insanların gücü çatacaq şərtlərlə kreditə vermək olar. Yoxsa bir nəfər bankdan 1000 manat pul götürür, bank isə ondan 5000 tələb edir. Bəs bu dövlət xalqın arxasında dayanmamalıdırmı? Bu gün quldar yolunu oynayan banklarla vətəndaşlar üz-üzə qalıb. İnsanlar intihar edirlər. Çünki insanlar 300 manat maaş ala bilmir 700 manatı banka necə ödəsin.

Azərbaycanda pulsuz xəstəxana yoxdur. Siz də, mən də dünyaya rüşvətlə gəlmişik. Xəstəxanalarda bütün doğuşlar pulla həyata keçirilir. Öləndə də 2000-3000 verib yer alırıq. Ancaq biz bu dövləti buna görə müstəqil etmədik.

Biz bu siyasətin dəyişməsinə görə mübarizə aparacağıq. O, zamana qədər ki, xəstəxanalar pulsuz olacaq və insanlar müalicə üçün xaricə getməyəcək. Doğrudur, həkimlər də yeməlidir, içməlidir. Ancaq bu da bərabər bölünməlidir. Əməliyyatın qiyməti qoy olsun 50 manat, amma hər kəs arasında bərabər bölünsün. Niyə dövlət bunu tənzimləmir? Bunu tənzimləmək üçün şəxsən mənə 1 saat vaxt lazımdır. Bu gün qanundan qorxmaq, dəmir yumruğa ehtiyac var. Buna güzəşt olmamalıdır”.

R.Nurullayev hesab edir ki, qadınlarımız həm də özləri evdə, çöldə öz hüququnu da bilməlidir:

"Kişilər qapalı məkanlarda, xanımlar olan yerdə siqaret çəkir. Müsəlman qadını o demək deyil ki, döyülməlidir, əziyyət verilməlidir, atılmalıdır. Bilirəm ki, dövlətin imkanı var, qanunlara sahib çıxmalıdır. Əgər çölə atılan qadına dövlət dayaq durmursa, işləmirsə, evi yoxdursa, öz qadınlığını necə qoruya bilər? Bunun məsuliyyəti dövlətin üzərindədir. Qadına layiq olduğu hörmət hər yerdə qoyulmalıdır. Hesab edirəm ki, Azərbaycan qadını elə yaşamalıdır ki, bütün müsəlman qadınlara örnək olsun.

Ailədə təhsil birinci növbədə qız övlada verilməlidir. Azərbaycan mentalitetini tənqid etmək istəyirik. Qızı özgə malı kimi görürük. Bu doğru yanaşma deyil. Əgər kimsə ev verəcəksə, onu ilk növbədə qızına, bacısına verməlidir. Kişilər hər bir şəraitdə özünü saxlaya bilir. Bu nümunəni istəyərdim ki, hər kəs öz ailəsində təmin etsin. Günlərlə, saatlarla danışarıq, Azərbaycanın problemi qurtarmaz. Nə də, mən danışmaqla problemlər həll olunacaq. Ancaq bunun üçün biz mübarizə aparırıq. AXCP-nin mübarizəsində ilk yerlərdə duran məsələlərdən biri də, məhz qadınlardır. Bunun üçün sizin də bizə dəstək verməyiniz lazımdır. Biz onsuz da mübarizəmizi aparacağıq. Biz Azərbaycan qadınını heç bir problem olmayan, kübar geyinən, sosial təminatı olan görmək istəyirik. 2018-ci ilin hər kəsin həyatında müsbət dəyişiklik ili olsun. Suallarınız olarsa, cavablamağa da hazırıq. Biz hər zaman qadınlara önəm vermişik. Buradan da bəyan edirəm ki, bu gün artıq AXCP sədrinin müşaviri Mehriban Sadıqovanı partiyanın müavini təyin etmişəm”.

Daha sonra tədbirdə iştirak edən xanımlar yaşadıqları problemlər haqqında danışıblar. Üzləşdikləri problemlərlə bağlı AXCP sədri Razi Nurullayevdən kömək istəyiblər.

Tədbirdə iştirak edən qadınlardan Solmaz Abbasova xanımların üzləşdiyi problemlər haqqında danışıb: 

"Bu gün qadınlar çox ciddi problemlərlə üzləşir. Mənim artıq neçə illərdir yaşadığım problemləri həll edə bilmirəm. Düşünürəm ki, tək mən yox, qadınların əksəriyyəti eyni vəziyyətdədir. Mən dəfələrlə dövlət qurumlarına müraciət etsəm də, heç bir problemim həll olunmayıb".

Elmirə İsmayılova isə Qubadlı rayonundan məcburi köçkün olduğunu və artıq 20 ildən çoxdur ki, acınacaqlı vəziyyətdə yaşadığını deyib: 

"2 uşağı tək böyüdürəm. Yaşadığım ev bərbad vəziyyətdədir. Dəfələrlə müraciət etsəm də, heç bir yardım göstərilməyib. Yaşadığım evdə qaz yoxdur. Yalnız işıqdan istifadə edirik. Bu problemlə yaşayan tək mən deyiləm. Bilirəm ki, bu gün kifayət qədər qadınlar bu cür əzab-əziyyət içində yaşayır".

Firəngiz Mahmudova isə həyat yoldaşından ayrıldıqdan sonra hələ də aliment ala bilməməsindən şikayətlənib: 

"Bu gün aliment problemi ilə üzləşən çox qadın var. Mən özüm artıq bir neçə ildir ki, aliment ala bilmirəm. Məhkəmə qərar versə də, bu qərarlar icra olunmur. Burdan aidiyyəti qurumlara səslənirəm ki, bu problemi həll etsinlər. Çünki həqiqətən bu gün qadınların əksəriyyəti bu problemdən əziyyət çəkir".

Tədbirdə AXCP sədrinin müavini Ehtiram Mehtiyev də çıxış edib:

"Məndən öncə çıxış edən xanımları dinləmək bir kişi üçün çox ağırdı. Əbəs yerə deməyiblər ki, qadın böyük qüvvədir. Biz buna bu gün bir daha şahid olduq. Şərqdə ilk dəfə qadına seçmək və seçilmək hüququ verən dövlət, məhz Azərbaycan olub. 1988-ci ildə ölkədə cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə çiyin-çiyinə mübarizə aparırdılar. Biz hər zaman Azərbaycan qadınını güclü görmək istəyirik. Təəssüflər olsun ki, Azərbaycan qanunvericiliyində qadın və kişilərin hüququ bərabər olsa da, reallıqda bunu görə bilmirik."

Vilayət Muxtar





Həftənin ən çox oxunanları