Yuxarı

Polis-vətəndaş münasibəti: Qarşılıqlı etimad, yoxsa?

Polis-vətəndaş münasibəti: Qarşılıqlı etimad, yoxsa?

Vətəndaşlara xidmət və müraciətlərə həssas münasibət polis orqanlarının fəaliyyətində əsas prinsiplərdən biridir. Son vaxtlar bu prinsiplərin qorunmasında kifayət qədər problemlər yaşanır. Belə ki,  polislə vətəndaş arasında qarşılıqlı münasibət bəzən təhqir, qarşılıqlı inamsızlıq və etibarsızlıqla nəticələnir. Bu isə ciddi problemlərə yol aça bilir. Məlumdur ki, vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət polis orqanlarının fəaliyyətində rəhbər tələblərdən biridir. Bu fəaliyyətin əsasında bir tərəfdən vətəndaş məmnuniyyəti, digər tərəfdən isə həyata keçirilən dövlət siyasəti dayanır.  Polisin ilk vəzifəsi ictimai asayişin, sabitliyin qorunması, vətəndaşların əmin-amanlıq içində yaşamaları üçündür. 

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev "Cümhuriyət” qəzetinə bildirib ki, hansı cəmiyyətdəki qanunlara hörmət var, orada insanların da bir-birlərinə rəğbəti olur:

"Polis bəzən öz qanuni fəaliyyətini, cinayətkarlıqla mübarizə siyasətini həyata keçirərkən onun qanuni çağırışına, hərəkətinə digər tərəf tabe olmayanda orada artıq problem yaranır. Bütün bunlar hamısı qanuni tərəfə tabe olmayanın özünün zəifliyindən və qanunlara hörmətsizliyindən irəli gəlir. Yəni, polisin səlahiyyətləri adi vətəndaşa nisbətən daha yuxarıdır. Onun vətəndaşla münasibəti gərginləşəndə kobudluq etməyə məcbur qalır.

Mən burada polisi müdafiə etmirəm. Beynəlxalq normaların tələbinə görə belədir. İctimai təhlükəsizliyi təmin edərkən bütün vasitələr tükənəndən sonra zor tətbiq etmək olar. Yəni zor tətbiq edən ana qədər digər vasitələrdən istifadə edilməlidir. Bunlar mümkün olmasa, doğrudan da digər tərəfin hərəkətində qanunazidd hallar varsa, bu zaman polis vətəndaşa qarşı bilavasitə təhlükəsizliyinin təmin olunması məqsədilə zor tətbiq edə bilər. Onu götürüb ərazi üzrə polis şöbəsinə apara və bununla bağlı məruzə edə bilər. Hər şey bundan yaşanır. Məsələn, mən düz 50 dəqiqə "Azəriqaz”ın qaynar xəttinə zəng vurmuşam. Səhər tezdən qaz yoxdur. Mən telefonla danışa bilmədim. Yanvardan bu yana bu təkrarlanan eyni haldır. Hər dəfə də deyilir ki, filan yerdə qəza baş verib. Nə bilim, filan yerdə qaz xətti dəyişdirilir. Sanki bu, adət halına çevrilib. Heç  kim heç yerə müraciət etmir. Yəni, bu məsələ ilə bağlı vətəndaşın hüququdur ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Amma bu gün təhlükəsizliyin təmin olunması, şəxsiyyətin toxunulmazlığı, mülkiyyətin müdafiəsi, dövlət mülkiyyətinin mühafizəsi kifayət qədər önəm kəsb etdiyindən bu bilavasitə şüurlu cəmiyyətlə təmasda olan digər qüvvəni həyata keçirir”.

QHT sədrinin sözlərinə görə, polis vətəndaşı təhqir edirsə, vətəndaşın ixtiyarı onunla bağlı Daxili İşlər Nazirliyinə və ya Baş Prokurorluğa müraciət etməkdir:

"Bunun böhtan olub-olmamasıyla bağlı təbii ki, xüsusi ittiham qaydasında müraciət olunur. Əgər rəhbərlikdən alınan cavab onu qane etməzsə, hər iki tərəf məhkəməyə müraciət edə bilər. Araşdırmalar nəticəsində tutaq ki, vətəndaşın dediyi təsdiqini taparsa, aidiyyatı orqanlar polis haqqında müvafiq tədbirlər görə bilərlər. Məsuliyyətdən kənar edə, polis orqanlarından kənarlaşdıra və ya digər təbdirlər görülə bilər. Bilirsiz, il ərzində nə qədər polis əməkdaşları müvafiq qaydada tənbeh olunurlar? Onlara müxtəlif cəzalar tətbiq olunur. İl ərzində bununla bağlı çox sayda materiallar prokurorluğa araşdırma üçün göndərilir”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları