Yuxarı

Xərçəngi əngəlləyən ən ucuz vasitə Azərbaycanda

Xərçəngi əngəlləyən ən ucuz vasitə Azərbaycanda

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, yaxın bir neçə ildə qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar və xərçəng xəstəliklərinə tutulma halları artacaq. Proqnozlara görə, 2025-ci ilədək dünyada 20 milyon insan xərçəngə yoluxacaq. Yeni yoluxanların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəlirli ölkələrdə qeydə alınacaq. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng faktı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq. Azərbaycanda əsasən ağciyər, yoğun bağırsaq, süd vəzi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə rast gəlinir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 40 minə yaxındır. Ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib. İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfəri qız uşaqlarıdır. 2015-ci ildə 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Həmin il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlardır. 2014-cü ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan 9543 nəfərdən 81 nəfərini 13 yaşadək uşaqlar təşkil edib. 2013-cü ildə 92 uşağa, 2012-ci ildə 73 uşağa, 2011-ci ildə 71 uşağa, 2010-cu ildə 65 uşağa bədxassəli şiş diaqnozu qoyulub. Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları da artıb. Rəqəmlərdən görünür ki, 2015-ci ildə əhalinin hər 100 000 nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1 nəfərinə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulub. 

Xərçəng bunlardan yaranır 

Dünya əhalisinin bəlaısna çevrilən, ölüm hadisələrində payı getdikcə artan xərçəng xəstəliyi ilə bağlı aparılan son araşdırmalar ona yoluxmamaq və qarşısını almaq üçün maraqlı nəticələr ortaya çıxarıb. Amerika Onkoloji Cəmiyyətinin mütəxəssislərinin apardıqları son araşdırmalar bu sahədə olduqca faydalı hesab edilən məlumatları üzə çıxarıb. Araşdırma göstərib ki, xərçəngə yoluxmanın ən birinci səbəbi doğru olmayan həyat tərzidir. "Cümhuriyət” qəzeti xəbər verir ki, araşdırmanın nəticələri "Zmescience” jurnalında dərc olunub. Amerikalı mütəxəssislərin gəldiyi ortaq nəticəyə görə, xərçəngə yoluxmamaq üçün doğru həyat tərzi keçirmək bəzən kifayət olur. Bu nəticəni əldə etmək üçün mütəxəssislər Xərçəngə Nəzarət və Profilaktika üzrə Mərkəz, eyni zamanda Milli Xərçəng İnstitutundan əldə etdikləri məlumatları analiz ediblər.

Minlərlə xərçəngə yoluxma hadisəsi ilə bağlı aparılan araşdırma göstərib ki, xəstəliyə tutulmanın əsas səbəbləri arasında aktiv və passiv siqaret çəkmə, alkoqoldan istifadə, həddən artıq emal olunmuş ət istehlakı, artıq çəki və fiziki aktivliyin olmaması əsas səbəblər sırasındadır. Araşdırmalara görə, siqaret çəkmə xərçəngin yaranmasında xüsusi rola malikdir. Belə ki, xərçəngə tutulmanın 19 faizi məhz bu zərərli vərdişdən yaranır. Xərçəngdən ölümlərin 28,8 faizinin səbəbi də məhz siqaret olur. Artıq çəki xərçəng yaradan səbəblər arasında ilk yerlərdədir- 7,8 faiz.Xərçəngdən vəfat edənlərin 6,5 faizində də səbəb kimi məhz piylənmə göstərilir. Amerika mütəxəssislərinin araşdırmasına görə, bu zərərli vərdişlərdən imtina və doğru həyat tərzi keçirməklə xərçəngdən qorunmaq mümkündür. Sadəcə, insanlar buna o qədər də ciddi yanaşmır və siqaretsiz həyatı təsəvvür etmirlər. Mütəxəssis araşdırmasına görə, doğru qidalanma və fiziki aktivlik xərçəng riskini böyük ölçüdə azaldır. 

Xatırladaq ki, bundan əvvəl aparılan araşdırmalar xərçəngi yaradan səbəblər arasında həddən artıq çox ət istehlakının olduğunu da göstərib. Söhbət emal edilmiş ətdən gedir. Bu əti istifadə edənlərdə daha çox bağırsaq xərçənginə rast gəlinir. Bu sırada ilk yerdə kolbasa və sosiska dayanır. Bu iki qida məhsulu tütün qədər insan orqanizmi üçün təhlükəlidir. Onları hətta havaya atılan çirkli tozlar, yanacaq tullantıları qədər təhlükəli hesab etmək olar. 

Dəniz xiyarı ölümü önləyir

Qeyd edək ki, Kardiff Universitetinin mütəxəssisləri də ölümcül xərçəngi yaradan səbəblərlə bağlı araşdırma aparıb. Onlar anomal, ölümcül qan xərçəngini yaradan T-hüceyrələrini məhv etməyə qadir olan üsullar üzərində işləyir. Bu sırada düzgün qidalanmaya xüsusilə, diqqət yetirilir. Rusiyalı alimlərin də aralarında olduğu beynəlxalq mütəxəssislər qrupunun araşdırması göstərib ki, dəniz xiyarının istehlakı şiş hüceyrələrinin azalmasında yardımçı olur. Hətta dəniz xiyarının istifadəsi şiş hüceyrələrini tamamilə öldürmək qabiliyyətinə də malikdir. Bu nəticəyə mütəxəssislər xərçəng hüceyrələri üzərində apardıqları araşdırma nəticəsində gəlib. Məlum olub ki, boloji aktiv frondozid A birləşməsi xəstəlik yarada biləcək, p53 proteinini istehsal edə bilməyən toxumaların inkişafını ləngidir. Araşdırmanın ən maraqlı tərəfi odur ki, frondozid hətta kimya terapiyasına davamlı olan xərçəng hüceyrələrinə belə qalib gəmək iqtidarındadır. Mütəxəssislər bildirir ki, dəniz məhsulları öz müdafiələri üçün olduqca yüksək səviyyədə formalaşmış quruluşa və tərkibə malikdirlər. Bunları onların öz dərmanları da adlandırmaq olar. 

Xərçəngi önləyən meyvə Azərbaycanda

Söhbət xərçəngi önləyəcək qidalardan düşmüşkən, Azərbaycanda da bu məhsullardan var. Həm də hər birimizin süfrəsindən əskik olmaya bilər. Britaniya və norveçli alimlər xərçəng hüceyrələrini məhv edən həmin məhsulun adını açıqlayıb- nar. İki ölkə alimlərinin gəldiyi ortaq rəyə görə, nar xərçəng hüceyrələrinin yaranmasını əngəlləmək üçün ən yaxşı qida məhsuludur. Həmçinin mədə-bağırsaq xəstəliklərini önləmək üçün nar olduqca faydalı hesab edilir. "Nature Communications” dərgisində nəşr olunan məqaləyə görə, araşdırmanı Böyük Britaniyanın Uoriksk Universitetinin mütəxəssisləri aparıb. Onlaırn gəldiyi ümumi nəticəyə görə, nar, qırmızı üzüm, armud, göbələk, soya və yaşıl noxud, mərcimək mədə-bağırsaq xəstəliklərinin müalicəsində effektiv rola malikdir. Onlardan nar isə həm də xərçəngi əngəlləyən meyvə kimi istifadə edilə bilər. Bu meyvə autofagiya mexanizminə müsbət təsir göstərir.

Qeyd edək ki, 2016-cı ildə tibb üzrə Nobel mükafatına autofagiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yesinori Osumi layiq görülüb. Yapon bioloqu hüceyrədaxili parçalanma prosesinin tədqiqi ilə iyirmi ilə yaxın bir müddətdə məşğul olub. Tədqiqatlar nəticəsində alim tərəfindən mayada autofagiyaya cavabdeh olan genləri ayırmaq və digər orqanizmlərin hüceyrələrində oxşar prosesləri təsvir etmək mümkün olub.Alimin tədqiqatları müxtəlif fizioloji proseslərin (aclığa adaptasiya, yoluxmaya reaksiya) hissələri kimi autofagiya anlayışında yeni istiqamətin əsasını qoyub. Osuminin tədqiqatları elmi mühitdə autofagiyanın populyarlaşmasına gətirib çıxarıb. İndi isə məlum olub ki, nar autofagiyaya da müsbət təsir göstərirmiş. Mütəxəssislərin qənaətincə, normal autofagiya mexanizminə təsir edən səbələri öyrənməklə xərçəngə qarşı mübarizə aparmaq mümkündür. Belə ki, Kenny zülalı prosesin dövrülü ilə birbaşa əlaqəlidir. Autofagiya normal getməyəndə bu zülal iltihab prosesini sürətləndirir. 

Aspirinin bilmədiyimiz qabiliyyəti

Xərçəngin qarşısını almaq üçün mütəxəssislərin məsləhət gördüyü daha bir vasitə aspirindir. Bir neçə ölkənin mütəxəssislərinin birgə araşdırması bunu üzə çıxarıb. Araşdırma nəticəsinə görə, aspirinin uzun müddət qəbulu xərçəngə yoluxma ehtimalını 47 faizədək azaldır. "EurekAlert”də dərc olunan nəticələrə görə, araşdırmada 600 mindən çox insan iştirak edib. Mütəxəssislər onlara uzun müddət aspirin qəbulunu tövsiyə edib. Bu müddət 6 aydan 7,7 ilə qədər olub. Nəticələrin təhlili göstərib ki, uzun müddət aspirin qəbulu ciyərdə xərçəngə tutulmanı 47, mədədə 38, mədəaltı vəzidə 34, bağırsaqlarda isə 24 faizə qədər azaldıb. Aspirin laykemiyanın da profilaktikasında təsirli olub. Həmçinin ağciyər və prostat vəzi xərçəngində də aspirinin təsiri olduqca yüksəkdir. Həzm sistemi ilə bağlı xərçəng xəstəlikləri Avropda bütün xərçəng xəstəliklərinin dörddə birini təşkil edir. Bu xəstəliklərdən ölüm halları isə bütün hadisələrin üçdə biri qədərdir. Qeyd edək ki, bundan əvvəl amerikalı alimlər də aspirinlə bağlı apardıqları araşdırmada maraqlı nəticələr əldə etmişdilər. 

Sevil Ağazadə






Həftənin ən çox oxunanları