Yuxarı

Ucuz taksi dövrü başa çatır?

Ucuz taksi dövrü başa çatır?

"UBER” taksi xidmətinə ödənişlər Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb olunur. Bununla bağlı Vergilər Nazirliyində müzakirə aparılıb. Belə ki, Vergi Məcəlləsində dəyişikliyə əsasən, elektron ticarət əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub.

Bu çərçivədə "UBER” də daxil olmaqla taksi xidməti göstərən qeyri-rezidentlər ƏDV-yə cəlb olunacaq. Qərara alınıb ki, kart-prosessinq mərkəzləri müvafiq texniki sazlama işləri yekunlaşdırdıqdan sonra "UBER” və s. kimi qeyri-rezidentlərə məxsus taksi şirkətlərində elektron ticarət qaydasında aparılan kart ödənişlərindən ƏDV tutulsun.

"Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ondan xəbər verir ki, artıq ölkədə ucuz xidmət göstərən bir şirkətin qiymətlərində artım olacaq.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında deyib ki, ödənişlər 18 faiz ƏDV-nə cəlb olunur: "Yalnız plastik kartla ödəniş olsa, o zaman 18 faiz ƏDV tutulacaq. Tutaq ki, 10 manatlıq yol gedibsə, hardasa bu məsafəyə görə 11 manat  80 qəpik ödəniləcək. Bu, əlbəttə müştəriyə təsir edir və onlar da bu şəkildə ödəniş etmək üçün ya nağd ödənişlərə keçəcəklər, ya da həmin taksi xidmətlərindən istifadə etməyəcəklər. Çünki Azərbaycanda yerli taksi şirkətləri çoxalıb və günü-gündən də yenilənir. Hesab edirəm ki, hər halda müştərilər üçün  başqa seçimlər var”.

Ekspertin fikrincə, Azərbaycanda bütün ödənişlərin elektron kart vasitəsilə aparılması mümkün deyil: "Neçə illərdir ki, insanların plastik kart vasitəsilə ödəniş etməsilə bağlı müzakirələr gedir. İndiki halda isə taksi xidmətinin ƏDV-yə cəlb olunması və ödənişlərin plastik kart vasitəsilə ödənilməsi müəyyən qədər anlaşılmazlıq yaradır . Ola bilər ki, bu məsələ ilə bağlı onların da hansısa əsaslandırmaları var. Bunun səbəbləri müxtəlif ola bilər. Amma istənilən halda insanların başqa seçim imkanları da var. Əgər yerli şirkətin qiymətindən istifadə etsələr, yenə də həmin qiymətlər olacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları