Yuxarı

Generalları Mahmudovu ələ verdi

Generalları Mahmudovu ələ verdi

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunacaq. Xatırladaq ki, prokuror çıxışında E.Quliyevin 15 il, A.Mehdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də istənilib. Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də mülki iddiasının təmin olunmasını tələb edib.

Elçin Quliyevdən əvvəl MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı. Qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edildi. Bundan başqa, hökmə görə, Səlim Məmmədov 11 il, Orxan Osmanov və Akif Əliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edildi.

Mahmudov həbs edilir?

A.Çovdarovdan sonra E.Quliyevə hökmün oxunması ilə MTN işinin bağlanacağı ehtimalının gündəmə gəldiyi bu günlərdə bu qurumun keçmiş başçısı Eldar Mahmudovun Respublika Baş Prokurorluğunda dindirilməsi halları çoxalıb. Artıq iki dəfə istintaqa ifadə verən E.Mahmudov haqda yeni məlumatlar yayılmağa başlayıb. Bu məlumatlar işin daha da genişlənəcəyini xəbər verir. Mahmudovun istintaqa ifadələri barədə ictimaiyyətə açıqlama verilməsə də bunun Elçin Quliyev, Akif Çovdarov və MTN-nin həbsdə olan digər keçmiş əməkdaşlarının Eldar Mahmudovla bağlı bir sıra gizlinləri açmaları ilə bağlıdır. E.Quliyev və A.Çovdarovda E.Mahmudovun həbsinə səbəb olacaq dəlillərin olduğuna şübhə yoxdur. Məsələ də budur ki, gizli gedən istintaqda Çovdarov və Quliyevin Mahmudov barədə olan bir sıra faktları açıqladıqları bildirilir. Keçmiş MTN başçısının son günlərdə tez-tez  ifadə vermək üçün çağırılmasının əsas səbəbi də budur. Bunların hansı məlumatlar olmasına gəlincə, qeyd edilir ki, Çovdarov və Quliyevin ortaya çıxardığı faktlar ictimaiyyətə təqdim edilməsə də, yaxın günlərdə bu məlumatlar əsasında Eldar Mahmudovun həbs ediləcəyi artıq dəqiqləşməyə başlayıb. Bunun növbəti dindirilmə zamanı baş verəcəyi də istisna deyil.

Mənsur





Həftənin ən çox oxunanları