Yuxarı

İmtahandan kəsilən Azərbaycan təhsili

İmtahandan kəsilən Azərbaycan təhsili

Əjdər Ağayev: "Axı biz nə öyrətmişik ki, bu qədər imtahan edirik?”

Bu gün ali və orta təhsilli şəxslərin işə qəbulunda imtahanların tətbiq olunması ciddi narazılıqla qarşılanır. Əgər ali təhsil ocağına qəbul olmuş şəxs oranı 4-5 il ərzində bitirirsə və ali məktəb bu şəxsi diplomla təmin edirsə, o zaman onun işlə təminatında imtahana çəkilməsi nəyə gərəkdir? Belə çıxır ki, təhsil verən orqan olaraq Təhsil Nazirliyi öz verdiyi təhsilin və hazırladğı kadrının keyfiyyətinə şübhə ilə yanaşır.Çünki tələbəyə təhsil verən də, imtahan edən də Təhsil Nazirliyidir. Diplomlu şəxsə şübhə ilə yanaşan Təhsil Nazirliyi əslində bunun hesabını tələbədən deyil, ali məktəbdən sormalıdır. Bu gün isə tam əksinədir.

Müəllim, həkim, hüquqşünas, vəkil və digər ixtisaslarda təhsil alıb, diplom almış şəxslər yenidən imtahan edilir.Halbuki sovet dönəmində belə bir sistem mövcud deyildi.Ali təhsil ocağını bitirmiş şəxsin əvvəlcədən aidiyyatı üzrə işə təyinatı verilirdi.Bununla da şəxs mütəxəssis kimi deyil, kadr kimi təyinatı verilmiş yerə təhkim olunaraq çalışırdı və peşəkarlıq nümayiş etdirirdisə, işini davam etdirirdi.

Diplomlu şəxslər yenidən niyə imtahan edilir?

Məsələ ilə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, insan şəxsiyyətinə və təhsil haqqında qanunların icrasına hörmət baxımından ali təhsilli, diplomlu insanların yenidən imtahan edilərək işə qəbul edilməsi məntiqsiz görünür:

"Mənim aləmimdə bu, məntiqsizlikdir. Heç bir insan ali məktəbdə istər 4, istərsə də 5 il oxusun, o ixtisasa mükəmməl yiyələnmir. Nəzəri və praktiki hazırlığı olur.Maşın işlədikcə açıldığı, hər hansı mexanizm çalışdıqca itiləşdiyi kimi insan da işlədikcə təcrübə qazanır, təkmilləşir.Söhbət müəllimlikdən gedir. Mənim oxuduğum illərdə ali məktəbi bitirənləri diplomsuz təyinatla hər hansı bir məktəbə işləməyə göndərirdilər. Bir ildən sonra məktəb xarakteristika verirdi ki, bu insan özünü müəllim kimi necə formalaşdırdı, necə təqdim etdi.Buna uyğun olaraq hamı təkmilləşirdi.Təbii ki, o zaman yüksək təhsil verilirdi və diplomları 1 ildən sonra verirdilər. Əgər insanın peşəkarlıq səviyyəsini yoxlamaq, onun nə dərəcədə müəlim olaraq gərəkliliyini bilmək istəyirlərsə, onlara 1 il heç olmasa praktik hazırlıq vaxtı verməlidirlər. Ali məktəbi bitirən kimi imtahan etmək, sən yarayırsan, yaramırsan sözünü demək düzgün deyil.Ona görə düzgün deyil ki, hətta bu işin təşkilində belə qüsurlar var. Yəni bu imtahanı keçirən adamlar özləri mütəxəssis, peşəkar olmalıdır.Amma bəzən görürsən ki, pedaqoji işə dəxli olmayan istiqamətdə tələbədən imtahan götürürlər.Demək ki, imtahan götürənlərin özlərinin də peşəkarlığı yerində olmalıdır.Təhsil haqqında qanunda da belə bir maddə var. Müəssisə hazrıladığı, diplom verdiyi kadrın keyfiyyətinə cavabdehdir.Bu günə kimi hansı ali məktəbi məsuliyyətə cəlb ediblər ki, siz diplom vermisiz, ancaq kadr keyfiyyətsizdir. Etməyiblər... Deməli, qanunun tələbini yerinə yetirməyib”.

"Ali məktəblə hesablaş, onun məzunu ilə niyə hesablaşırsan?”

Ekspertin fikrincə, bu məsələlərə müasirlik baxımından yanaşmaq lazımdır:

"Məsələn, söhbət əsnasında müasir ideologiyalar, məntiqi təfəkkür, düşüncə və s kimi məsələlər yoxlanıla bilər, daha indiki kimi ciddi imtahan qorxusu ilə yox...Onu yoxlayan adamlar da təsadüfi şəxs deyil, mütəxəssis olmalıdır. Ali təhsilli şəxslərin işlə təminatı üçün yenidən imtahan edilməsini məqbul hesab etmirəm. Bəzi ölkələrdə guya belə bir şey var. Amma o ölkələrdə bu sistem əlavə iş lisenziyası almaq üçün gərəkdir. Burada diplomdan əlavə iş lisenziyası var. Bu ona görə lazımdır ki, onun ixtisasına yaxındır, tam ixtisas sahibi deyil, amma işləyə bilər. Elə məsələlər var ki, şəxsin gedəcəyi iş sahəsi indiyədək ali məktəb proqramında olmayıb. Pedaqoji tələblərlə yanaşmaq lazımdır. Hər kəs öz təsəvvürü ilə yanaşır ki, mən bunu edim, onu edim... Bu da böyük narazılıq yaradır, inamı öldürür. Mənə sual verirlər ki, niyə kişi müəllimlər müəllimliyə getmir. Ona görə ki, keçmişdə müəllimliyə gələn insanlar müəllim olaraq işləyirdilər və çalışaraq vəzifə tuturdular.Keçmişdə raykom katibləri müəllimlər idi.Amma indi müəllimi elə küncə sıxıblar ki, o, işinə də zorla qəbul olunur.Müəllimi bu qədər gözüm çıxdıya salmaq olmaz, ona bu dərəcədə inamsızlıq yaratmaq olmaz.Müəllim də cəmiyyətin strateji hərəkət qüvvəsidir.Ona belə inam varsa, müəllim özünə inanmırsa, cəmiyyətin ona inamına inanmırsa, o zaman cəmiyəti nə ilə inkişaf etdirmək olar?Bu adamda küskünlük yaradır, əhval-ruhiyyə yüksək olmur.Buna görə də təlimin, tədrisin keyfiyyəti aşağı düşür. Çünki ruhsuzdur... Bir-biri ilə bağlı o qədər məntiqi, psixoloji və pedaqoji məsələlər var. Heyf ki, təhsillə məşğul olan adamlar bunun eybini bilmədiklərinə görə ona yanaşmaları da düzgün qurmurlar.Bu imtahan-imtahan oyunundan başqa bir şey deyil. 1-ci sinifdə qəbul imtahan, 4-cü sinifdə imtahan, siniflərarası imtahan, 9-cu sinifdə imtahan, 11-ci sinifdə imtahan, ali məktəbə yenə də imtahan... Axı biz nə öyrətmişik ki, bu qədər imtahan edirik?İmtahan şərti şeydir.Uşağı kamil insan kimi formalaşdır, özü hər şeyə nail olacaq.Bütün bu məsələlərə küllihalında yanaşmaq lazımdır ki, dediklərimiz orada öz həllini tapsın və insanları narahat etməsin.İxtiyar versinlər, onun təhsil almaq hüququ var, təhsilini və diplomunu da alıb.Sən nə haqla ona inanmırsan? Elə isə ali məktəblə hesablaş, onun məzunu ilə niyə hesablaşırsan?"

Alçina Amilqızı






Həftənin ən çox oxunanları