Yuxarı

Borclu dövlət qurumları ilə məhkəmə çəkişməsi

Borclu dövlət qurumları ilə məhkəmə çəkişməsi

Hesablama Palatasının məlumatına görə, 2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 milyon manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1 faizi qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib. DSMF qarşısında öhdəliyi olan 7 dövlət qurumu var, ikisi məhkəməyə verilib. DSMF-nin borcun ödənişi ilə bağlı 4 iddiasından biri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, digəri isə "Azəriqaz" İstehsalat Birliyinə qarşı olub.

Hesablama Palatasının məlumatına görə, 2016-cı ilin eyni dövründə həmin göstəricilər, müvafiq olaraq, 2333 sığortaedən, 12,21 milyon manat və 3,8 faiz təşkil edib. Göründüyü kimi, keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə az sayda sığortaedənə qarşı məhkəmə iddiası qaldırılsa da, iddia qaldırılmış borc məbləği əvvəlki illə müqayisədə 10,68 milyon manat və ya 87,5 faiz çoxdur. Cari ilin 6 ayı ərzində əsasən böyük məbləğdə borcu olan sığortaedənlərə qarşı iddia qaldırılıb.

İddiaların 4-ü iri sığortaeənlərə qarşı (o cümlədən, 1 iddia "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı, 3 iddia "Azəriqaz" İstehsalat Birliyinə qarşı), 16-sı dövlət mülkiyyətində olan digər təşkilatlara qarşı, 1-i bələdiyyə mülkiyyətində olan təşkilata qarşı, 228-i digər hüquqi şəxslərə qarşı, 513-ü isə fiziki şəxslərə qarşı qaldırılıb.

Qaldırılmış iddia ərizələrindən 10,87 milyon manat məbləği əhatə edən 450 ərizəyə məhkəmə orqanlarında baxılıb, əvvəlki dövrlərdə qaldırılmış iddialar da daxil olmaqla 3,3 milyon manat məbləğində və ya qaldırılmış iddia məbləğinin 14,4 faizi qədər iddia məbləği təmin edilib, 7,51 milyon manat məbləğində 7 iddia ərizəsi rədd edilib, təmin edilmiş iddia ərizələri üzrə 0,11 milyon manat (23,4%) vəsaitin ödənişi həyata keçirilib. Qeyd edilənlər debitor borcların aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlərin yetərli olmaması barədə fikir söyləməyə əsas verir.

"Azəriqaz" İstehsalat Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) borcu olması bərədə iddianı rədd edib. İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, "Azəriqaz" tərəfindən yaranan ödənişlər vaxtında icra edilir və hal-hazırda vaxtı keçmiş borc qalmayıb: "Bununla bağlı məhkəmə iddiası qaldırılması ilə əlaqədar hər hansı bir məlumat "Azəriqaz" İstehsalat Birliyinə daxil olmayıb".

"Xəzər Dəniz Gəmiçiliyi" QSC də DSMF-yə borcunun olmasını inkar edib. "Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb. Qurumun mətbuat katibi Mehman Mehdiyevin sözlərinə görə, hazırda da "AXDG” QSC-nin DSMF-yə borcu yoxdur.

O bildirib ki, təkcə bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən DSMF-yə 24,7 milyon manat ödəniş həyata keçirilib: "DSMF-nin "AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyinin tabeliyində olmuş "Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə "AXDG” QSC-nin tabeliyindən çıxarılıb”.

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, dövlət qurumları arasında yaranmış ödənişlərlə bağlı mübahisələr Hesablama Palatasının apardığı audit yoxlamalardan sonra ortaya çıxdı: "Əslində, bu, işə götürəndə iş sifarişçiləri və dövlət qurumlarının həyata keçirdiyi bir sıra sənədləşmələrdə yer almış boşluqlardır. Bu boşluqlar ondan ibarətdir ki, "Azəriqaz” xüsusilə, daha çox podratçı şirkətlərlə işlədiyi üçün onlar arasında bağlanmış əmək müqavilələrində DSMF-na ödənişlərlə bağlı bir sıra faktlar ortaya çıxır. Məsələn, "Azəriqaz” qaz təsərrüfatı ilə bağlı dövlət qurumu olaraq bütün işlərini podratçı şirkətlərə tapşırır. Bu podratçı şirkətlər də öz növbəsində işçi götürürlər. Bu işçilərin hansı formada işə götürülməsi, eləcə də rəsmi qeydiyyata salınması kimi mələlərdə qarışıqlıq var. Xüsusilə sifarişçi tərəf dövlət qurumu olduğuna görə Hesablama Palatası bu qurumlar üzərində audit yoxlamalar həyata keçirdiyi üçün ortaya qanun pozuntuları çıxıb. Sifarişçi tərəf həm də dövlət qurumu olduğu üçün təkcə işin görülməsi, keyfiyyət standartları, layihədə üzərinə götürdüyü öhdəliklər deyil, eyni zamanda işçilərlə əmək müqaviləsi bağlanması və bu səbəbdən DSMF-na ödənişlərə nəzarət etməlidir”.

Ekspert qeyd edib ki, əgər nəzarət mexanizmi zəifləyirsə, yaranan qanun pozuntusunun məsuliyyətini birbaşa sifarişi verən dövlət qurumu daşıyır: "Bu gün DSMF-nun məhkəməyə müraciət etməsi normal haldır. Bir sıra biznes və təsərrüfat subyektləri, eləcə də podratçı şirkətlər DSMF-na ödənişlərin yerinə yetirməməsi ilə bağlı məsuliyyətdən yaxa qurtarmaq istəyir. DSMF qarşısında öhdəliyi olan dövlət qurumları nə qədər iddia etsə ki, borcu yoxdur, bu, heç də həqiqətə uyğun deyil. Hesab edirəm ki, DSMF iddiasında müəyyən mənada haqlı tərəfdir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları