Yuxarı

"Cəbiş müəllim”siz qalan məktəblər

Orta məktəblərdə kişi müəllimlər çatışmır

Bu, hansı problemlərə yol açır?

Azərbaycan məktəblərində kişi müəllimlərin sayının azalması müşahidə olunur. Xüsusən, şəhər məktəblərində qadın müəllimlərin çoxluğu gözə çarpır.Kişi müəllimlər isə bölgə və ucqar kəndlərdə daha çox üstünlük təşkil edir. Son vaxtlar müəllimlərlə yanaşı qadın məktəb direktorlarının sayında artım var. Kişilər qazanclı iş dalınca getməyə məcbur olduğu üçün məktəblərdə qadın müəllimlər üstünlük təşkil edir. Maraqlıdır, müəllim fəaliyyəti kimi kişi kontingentinin son illər ərzində azalması hansı nəticələrə səbəb ola bilər?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəbində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir:

"Biz 1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı. Kişi müəllimlər kütləvi şəkildə bu sahədən uzaqlaşdı.Kişi ailənin başçısıdır.Ailəni dolandırmalıdır.Ona görə də ixtisasca müəllim olan kişilərin əksəriyyəti başqa sahələrə getdilər.Bu səbəbdən də qadınlar boş qalan müəllim yerlərini də tutdular.Buna görə də məktəblərdə qadınların sayı artır. 200 manatla kişi ailəsini dolandıra bilməz. Xatırladım ki, sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, sovet hakimiyyəti sosializm idi, indi isə kapitalizm dövrüdür.Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb”.

Ekspert hesab edir ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır:

" Bundan başqa dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır.Fikrimcə, azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir.Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiram göstərilməlidir, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik.Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.

Kamran Əsədov qeyd edib ki, məktəblərdə kişilərin sayının artırılmasının dünya təcrübəsində yolları var:

"Məsələn, Türkiyədə təxminən 20 il əvvəl ali məktəblərdə pedaqoji fakültələrə qəbul olunanların təqaüdü müəllimin aldığı maaşın məbləğinə qədər çatdırılıb. Çoxlu ali məktəb məzunu müəllimliyə qəbul olunub və ali məktəbi bitirən kimi də işlə təmin olunublar. Beləliklə, orada kişi müəllimlərin sayı qadın müəllimlərin sayı ilə mütənasibdir. Azərbaycanda da belə bir iş görmək olar. Doğrudur, Təhsil Nazirliyi ali pedaqoji məktəblərə yüksək balla qəbul olunanlara tələbə təqaüdündən əlavə 100 manat təqaüd ayırıb. Bunun müəyyən qədər təsiri var, amma 100 manat məsələni həll etmir. Bu gün ali məktəblərin ibtidai sinif müəllimliyi fakültəsində oxuyanların 30-u qızdır 2-si oğlan. Kimya-biologiya, Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat və s. oğlan tələbələrin sayı yavaş-yavaş artır. Amma kütləvi şəkildə deyil.Təsəvvür edin ki, filologiya fakültəsininin 1 ci kursunda 54 tələbənin 53- ü xanımdır.

Düzdür, son illərdə Azərbaycan respublikasının prezidenti müəllimlərin əmək haqqının artırılması ilə bağlı tədbirlər görüb.Müəllimlərin maaşının müəyyən qədər artdığını görüb qayıtmaq istəyənlər də var. Amma azdır. Buna kişi müəllimlərin yenidən kütləvi şəkildə məktəblərə qayıtması kimi baxmaq olmaz. Müəllim məktəbə qayıdandan sonra istədiyi nəticəni əldə edə bilməsə, yenidən öz peşəsindən ayrıla bilər.İnsanı inkişaf etdirən təsirlərin balansı düz olmalıdır.Yəni ana qadın olaraq tərbiyə edir, uşaqlarda hissləri, duyğuları formalaşdırır.Onu əzizləyir, yedizdirir. Amma kişi uşaqlara iradə, əzmkarlıq, zabitəlilik aşılayır. Kişi xasiyyətinin kişilik xüsusiyyətləri, qadın xasiyyətinin zəriflik xüsusiyyəti var. Amma indi bizim uşaqların hamısı məktəbdə zərif qadın tərbiyəsi görür və oğlanlarda da zəriflik xüsusiyyəti yaranır.Bu mənada məktəblərdə kişi müəllimlərin sayının artırılmasına ehtiyac var”.

Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə 2016/ 2017-ci tədris ilinin əvvəlinə görə dövlət və qeyri-dövlət tədris müəssisələrinin növləri üzrə pedaqoji işçilərin sayı 179159 nəfər təşkil edib ki, onlardan 135770 nəfər qadın, 43380 nəfəri isə kişi müəllimlərdir. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları