Yuxarı

Əbülfəz Elçibəyin silahdaşının anım mərasimi keçirilib

Əbülfəz Elçibəyin silahdaşının anım mərasimi keçirilib

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Milli Azadlıq Hərəkatının və Xalq Cəbhəsinin mərhum  fəalı, Azərbaycanın sabiq prezident Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri olmuş Şamil Quliyevin 70 illik yubleyi qeyd olunub. 

Cebhe.info xəbər verir ki, tədbiri açan KXCP sədrinin müavini, Şamil bəyin silahdaşlarından olan Xəzər Teyyublu  mərhumla xatirələrini bölüşüb, onun Milli Azadlıq Hərəkatındakı fəalliyyəti haqqında  iştirakçılara məlumat verib. Qeyd edib ki, Şamil Quliyev xalq hərəkatının fədakar fəallarından biri olub, Elçibəy hakimiyyəti dövründə Bakı şəhər Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı kimi əhəmiyyətli bir vəzifədə işləyib. Əbülfəz Elçibəy hakimiyyətinin ən ləyaqətli, vicdanlı kadrlarından olub:  

 "Şamil Quliyevin 1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatında əvəzsiz xidmətləri var. 1980-ci illərin sonu, 90-cı illər çox çətin dövr idi. Şamil bəy bu mübarizə illərində çoxlarına örnək oldu. Bu tədbirdə Şamil Quliyevin keçmiş iş yoldaşları, dostları iştirak edir. Bu gün mərhumun məzarını ziyarət etdik, ailəsi ilə görüşdük. Şamil Quliyevin 50 illik yubileyi də təntənəli qeyd olunmuşdu. Yubiley tərbirində mərhum liderimiz Əbülfəz Elçibəy də  iştirak etmişdi. Şamil bəy xaraktercə də fərqli insan idi. Yadda qalan replikaları, hadisələrə münasibəti ilə fərqlənirdi”.

Daha sonra çıxış edən  KXCP sədri Mirmahmud Mirəlioğlu Şamil Quliyevlə bağlı xatirələrini bölüşüb:

"O, həm də Elçibəyn tələbəsi, onun əsas silahdaşlarından olub. Elçibəy hakimiyyətinin də seçilən simalarından idi”. 

Şamil Quliyevin silahdaşlarından biri,  Azərbaycan Xalq Partiyasının lideri, sabiq baş nazir Pənah Hüseyn də səbəbkar haqda xatirələrini bölüşüb: 

"Şamil Quliyev Azərbaycan Xalq Cəbhəsi,  xalq hərəkatının mühüm simalarından biri olub. O zamanın icra başçıları arasında da ən yaddaqalanı idi. Özünəməxsus müsbət aurası, enerjisi ilə seçilirdi. Şamil Quliyev həm də o zamanın inqilabçı simalarından biri olub”.

AXC Nərimanov rayon şöbəsinin keçmiş qurucularından biri, hazırda Azadlıq Partiyasının sədri Əhməd Oruc Şamil Quliyevi fədakar bir hərəkatçı kimi xarakterizə edib.

Şamil bəyin digər silahdaşları- "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli,  Bəybala Ədil, Loğman Abdullayev, Hacı Zakir, Zaur Əkbər də çıxış edərək mərhum haqqında xatirələrini bölüşüblər. 

Nigar





Həftənin ən çox oxunanları