Yuxarı

Ölkə mənzərəsi: Xaricə "beyin axını”

Ölkə mənzərəsi: Xaricə

Bu gün daimi yaşamaq üçün xarici ölkələrə üz tutanların sayı artıb. Ölkədən gedənlər arasında xüsusiilə, gənclər əsas yer tutur. Onlar da əsasən təhsil arxasınca gedəndən sonra yaşayış yerini dəyişirlər. Çünki öz ölkələrində normal gəlirli iş tapacaqlarına, karyera quracaqlarına inanmırlar.

Miqrasiya dalğası...

Son iki il ərzində ölkədən gedənlərin sayında daha çox artım müşahidə edilir. Rəsmi qurumlar bununla bağlı dəqiq rəqəmlər və məlumatlar səsləndirməsələr də, bu sahə ilə məşğul olan ekspertlər durumun ciddiliyindən xəbər verirlər. Əsasən isə bu məsələni son illərdə ölkədə baş verən iqtisadi proseslər nəticəsində ağırlaşan sosial durumla əlaqələndirirlər. Kimisi qanuni yolla miqrant kimi, kimisi də qeyri-qanuni işçi kimi müxtəlif ölkələrdə yaşamlarını qururlar. 

Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir ki, təkcə ötən il qardaş ölkəyə Azərbaycandan mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Hesabata əsasən Türkiyədə yaşamaq icazəsi alan xarici ölkə vətəndaşlarının sayı 423 min nəfərə yaxındır. Ötən il Türkiyədə yaşamaq icazəsi alanların sayı əvvəlki ilə nisbətən 9 faiz artıb. Türkiyədə yaşamaq icazəsi alanlar arasında İraq vətəndaşları birinci yerdədir, onların sayı 56 min nəfərə yaxındır. Suriya vətəndaşları isə 49 min nəfər olmaqla ikinci yerdədir. Azərbaycan vətəndaşları iraqlılardan və suriyalılardan sonra Türkiyədə yaşamaq icazəsi alan xaricilər arasında üçüncüdür. Onların sayı 39 min 200 nəfərə yaxındır.

Hesabatda göstərilir ki, Türkiyəyə mühacirət edən Azərbaycan vətəndaşlarından 7 min 377 nəfəri bu ölkədə ailələri ilə birlikdə uzunmüddətli yaşayış icazəsi alıb. Belələrinin sayına görə Azərbaycan vətəndaşları birinci yerdədir. Azərbaycandan gedənlərin 10 min 528 nəfəri isə təhsil almaq üçün yaşayış icazəsi alıb. Hesabata görə 5 min 102 Azərbaycan vətəndaşı Türkiyədən "insani səbəblərlə və insan ticarəti qurbanı kimi” uzunmüddətli yaşamaq icazəsi alıb.

2015-ci ilin statistikasına əsasən, 1557 nəfər Azərbaycanı tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə gedib. 2016-cı ildə isə bu rəqəm artaraq 1711 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, onlardan 1474 nəfəri MDB ölkələrinə, 237 nəfəri isə digər xarici ölkələrə üz tutub. Daimi yaşamaq üçün ABŞ-a gedənlər 28, Almaniyaya 22, Belarusa 61, Estoniyaya 2, Gürcüstana 27, İsrailə 10, Qazaxıstana 502, Qırğızıstana 12, Latviyaya 2, Moldovaya 12, Özbəkistana 23, Rusiyaya 816, Türkiyəyə 97, Türkmənistana 19, Ukraynaya 29, digər xarici ölkələrə isə 49 nəfər təşkil edib. 

Ölkədən "beyin axını” axın edir...

Ciddi narahatlıq yaradan məsələlərdən ən başlıcası savadlı kadrlarımızın ölkəni tərk etməsidir. Ölkədən "beyin axını”nın getməsi heç də yaxşı hal deyil. Ekspertlər bu məsələdə ciddi həyəcan təbili çalır və bildirirlər ki, bu proses davam edərsə, Azərbaycanın inkişafı sual altına düşə bilər. Bu baxımdan problemi indidən çözmək lazımdır, bunun üçün də hökumət qabaqlayıcı tədbirlər həyata keçirməlidir. İlk növbədə isə mütəxəssislərimizin öz vətənində normal işləyib yaşaması üçün münbit şərait yaradılmalıdır. Bundan əlavə elm, təhsil və yaradıçılıqla məşğul olan insanların daha yaxşı işləmələri üçün şəraitin yaradılması dövlətin birbaşa borcudur. Bunun üçün müvafiq proqramlar nəzərdə tutulmalıdır. Həmin proqramlarla intellektual gənclərimizin yetişməsi və ölkədə fəaliyyətini davam etdirməsinə çalışmaq, bununla da cəmiyyətə fayda verəcək işlərə yönəltmək lazımdır. 

Ekspertlərin fikrincə, ölkədə miqrasiya dalğasının bir səbəbi də Azərbaycanda ali təhsilin bahalı və keyfiyyətsiz olmasıdır. Tələbə istər-istəməz ondan tələb olunan rüşvəti təhsil ocağına ödəyəndən sonra, rahatlaşır və oxumaq istəmir. Düşünür ki, pulumu ödəyirəmsə, niyə oxuyuram? Xarici ölkələrdə isə bunun tam əksidir. Xaricdə təhsil alan tələbə heç bir rüşvət ödəmədən ixtisası üzrə mükəmməl təhsil alır, mütəxəssis kimi yetişir.

Bundan əlavə Azərbaycanda normal iş yerləri mövcud deyil. Mövcud olan iş yerlərində isə əməkhaqqı həddindən artıq azdır. Elə mütəxəssislərimiz var ki, illərlə özlərinə iş tapa bilmirlər. Halbuki təcrübə və peşəkarlığı onların daha yüksək postlarda çalışmasına imkan verir. Bəzən iş yerlərində azərbaycanlı mütəxəssislə eyni işi görən əcnəbiyə daha yüksək əməkhaqqı verilir. Onların gördükləri iş bərabər tutulsa da, aldıqları maaş eyni qiymətləndirilmir. Azərbaycan vətəndaşlarına qoyulan bu ayrıseçkilik də gəncləri vətənindən ayrı salır.

Dünyada köç statistikası..

Məlumat üçün qeyd edək ki, dünyada miqrantların sayı 258 milyonu ötüb.Bu BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məruzəsində əks olunub.Hesablamalara əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49% artıb, onlardan 26 milyonu qaçqınlardır. Hazırda ən çox miqrant ABŞ-da yaşayır - 49,8 milyon nəfər. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada bu rəqəm 12 milyon, Böyük Britaniyada - 9 milyon təşkil edir.Ölkələrini tərk edənlərin sayına görə Hindistan liderlik edir ki, bu da 17 milyon təşkil edir.İkinci yerdə Meksika qərarlaşıb, bu ölkəni13 milyon insan tərk edib. Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan 6 milyondan 11 milyonadək insan köç edib.

Digər bir məlumata əsasən bu ilin yanvar-oktyabr ayları ərzində daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2599 nəfər Azərbaycana gələn, 1579 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1020 nəfər təşkil edib.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları