Yuxarı

DİM imtahan qiymətlərini artıra bilər

DİM imtahan qiymətlərini artıra bilər

"2019/2020-ci tədris ilə əlaqədar buraxılış və qəbul imtahanları ilə bağlı nəzərdə tutulan dəyişikliklərin modeli ictimaiyyətə təqdim olunub. Lakin modeldə nəzərdə tutulan yenilikləri tətbiq etmək üçün "Təhsil haqqında” Qanuna da dəyişikliklər edilməli, hüquqi tənzimlənmələr aparılmalı, maliyyələşdirmə məsələləri nəzərə alınmalıdır".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə həm buraxılış, həm də qəbul imtahanlarının nəticələri rol oynayacaq:

"Buraxılış və qəbul imtahanlarının modeli dəyişsə də, imtahanların maliyyələşmə məsələsi müzakirə mövzusudur. Maliyyə məsələləri ilə əlaqədar qaydalar müəyyən edildikdən sonra biz ümumi qaydaları elan edəcəyik. Məhz buna görə biz iki il əvvəl Təhsil Nazirliyi ilə yeni qəbul modelinin hazırlanması məsələsinə başladıq. Çünki belə məsələlərdə prosedurlar çox mürəkkəbdir. Daxili razılaşmalar, daxili qaydaların uyğunlaşdırılması vaxt aparır. İmtahanların keçirilməsi zamanı daim texnoloji yenilikləri tətbiq etmək lazım gəlir. Bunun üçün bizə avadanlıqlar, texnoloji qurğular, proqram təminatı lazımdır. Texnoloji qurğular müəyyən müddət işlədikdən sonra təmirə ehtiyac yaranır, bəziləri sıradan çıxır. Yeni texnoloji avadanlıqların alınması üçün bizə yenə də maliyyə vəsaiti lazım olur. Bu avadanlıqların alınması, eyni zamanda proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir. Təbii ki, bizim məqsədimiz insanların maddi vəziyyətinə təsir göstərməməsi üçün daha uyğun variantların seçilməsi, bütün metodiki və təşkilati işlərin optimallaşdırılmasına nail olmaqla hamı üçün uyğun olan imtahan qiymətinin müəyyən edilməsidir".

DİM sədrinin açıqlaması növbəti qiymət artımından xəbər verir. Maraqlıdır, imtahan qiymətləri nə qədər artırıla bilər? Ümumiyyətlə, bu narazılığa səbəb olacaqmı?

Təhsil eksperti Kamran Əsədov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan prezidentinin 11 aprel 2016-cı il Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək, yerində Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs yaradılıb:

"Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilirdi. Lakin, 2017-ci ilin yanvarın 1-dən dövlət TQDK-nın (DİM) işçilərinə maaş vermədi. Onlara sadəcə, 1 milyon pul ödəniləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başladı. Bundan sonra DİM əməkdaşlarının əmək haqları və digər xərclərini göstərdiyi xidmətlərə görə əldə etdiyi vəsaitlərdən ödəməyə başladı. Amma DİM tərəfindən həyata keçirilən imtahanlar zamanı müəyyən edilmiş qiymətlər Azərbaycan insanı üçün çox yüksək idi. Belə ki, bütün əhalinin sosial vəziyyəti bərabər olmadığı üçün hər kəsin imtahanda iştirak etməsi sual altında idi. Düşünürəm ki, gələcəkdə imtahan qiymətlərinin artırılması təhlükəli nəticələrə səbəb ola bilər. Belə ki, yüksək xidmət haqqını ödəyə bilməyən şəxslər ya qəbul imtahanları verməkdən imtina edə bilərlər, ya da imtahansız, birbaşa qəbul həyata keçirən xarici ölkələrin universitetlərinə üz tuta bilərlər. Hesab edirəm ki, xidmət haqlarını artırmaq olmaz. Əksinə, düşünürəm ki, DİM-in müəyyən etdiyi imtahan qiymətlərinə yenidən baxılmalı və qiymətlər azaldılmalıdır. Əks halda təhsildə böyük problemlər yaranacaq. Düzdür, xaricdə universitetlərin əksəriyyətinə müraciət ödənişlidir. Hər universitetin qəbul komissiyası var və o komissiya müraciət edən tələbələrin sənədlərini araşdırmaq üçün ödəniş tələb edir. Bu ödənişlər universitetdən asılı olaraq, 80-100, 150-200 dollar arasında dəyişir. Bundan əlavə, universitetlər müəyyən bilik və bacarıqları ölçmək üçün GRE, GMAT, SAT, IELTS, TOEFL, LSAT kimi standartlaşdırılmış imtahanların nəticələrini universitetə göndərməyi tələb edir. Bu imtahanlara girmək isə bir neçə yüz dollardır. Həmçinin, bir imtahanın nəticəsini bir neçə universitetə göndərmək də ödənişlidir. Amma o ölkələrdə orta aylıq əmək haqqı, universitetə müraciət edəndən sonra qəbul faizi və ümumilikdə o universitetlərin təhsili, beynəlxalq reytinqi yüksəkdir”.

Ekspert onu da qeyd edib ki, DİM imtahanları təşkil etmək üçün böyük məbləğlərdə vəsait xərcləyir:

"Elektron xidmətlər və imtahanların təşkili üçün vəsaitə ehtiyac var. Amma bütün xərcləri imtahan iştirakçısı ödəməməlidir. Dövlət tərəfindən bu məsələyə ciddi dotasiya ayrılmalıdır ki, insanlar kütləvi şəkildə xarici ölkələrə üz tutmasınlar. Ali məktəblərə qəbul imtahanları üçün tələb olunan yüksək xidmət haqqı Azərbaycan gənclərinin xaricdə təhsil alması istiqamətində mühüm artıma səbəb olacaq. Çünki buna qədər imtahanda iştirak edənlər, indi heç imtahana girməyib birbaşa xarici ölkələrdə təhsillərini davam etdirməyi düşünəcəklər. Çünki çəkilmiş xərc böyük ehtimalla itirilmiş məbləğ hesab olunur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları