Yuxarı

Xəstəxanaların "çekap” bazarlığı

Xəstəxanaların

Heç kimə sirr deyil ki, həkimlərimizin və tibb müəssisələrimizin bəzisi insanların sağlamlığını və özlərini alver öbyektlərinə çeviriblər. İnsanların sağlamlığı üzərində min oyuna əl atır, fırıldaqçılıq edir, bununla da külli miqdarda pul qazanırlar. Qazanılan pullar isə birbaşa xəstəxanların baş həkimlərinin əsas gəlir mənbəyinə çevrilir.

Son zamanlar bir çox səhiyyə ocaqları, əsasən də özəl tibb müəssisələri müxtəlif tip kampaniyalar təşkil etməklə əhalinin xəstə təbəqəsini belə üsullara yönəltməyə çalışırlar. Təşkil edilən kampaniyaların cəlbediciliyi və daha çox ucuz qiymətlərlə müayinə, müalicə elanları istər-istəməz insanların marağını çəkir. Məsələn, xəstəxanalardan birində 20 manata kardioloji "çekap” kampaniyası təşkil edilir. Kampaniya ilə bağlı müraciət edən xəstə həmin məbləği ödəyib kardioloji müayinədən keçir. Həkim müayinə yazanda isə əlavə analizlər və müayinələrə ehtiyac olduğunu deyir. Guya analizlərsiz müalicə yaza bilməz. Xəstə məcbur olub həmin analiz və əlavə müayinələrdən də keçir. Beləliklə də kampaniya çərçivəsində təşkil olunan çekap xəstəyə baha qiymətə başa gəlir və pasiyent aldadılır.

Qeyd: Xəstəliklərdən qorunma və erkən diaqnoz məqsədi ilə edilən analizlər toplusuna "chek-up" (çekap) deyilir. "Çekap” vasitəsi ilə hər il dünyada xərçəngin erkən diaqnozu qoyularaq, daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur. Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən "çekap" vasitəsi ilə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə, "çekap” erkən diaqnoz məqsədilə edilən müayinə, laboratoriya, rentgen və bütün testlərin bütünüdür.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Cümhuriyət” qəzetinə bildirib ki, özəl tibb sektoru kommersiya xarakterli müssisələrdir:

"Əslində onların işləməsi, bütün fəaliyyəti, tibb təchizatı təbii ki, öz hesabına maliyyələşir. Bunlar bazar iqtisadiyyatı şəraitində çalışırlar. İndiki qiymətlərin bahalığı şəraitində bu klinikaların həyatda qalması çox çətindir. Yəni bunu tam səmimi deyirəm. Düzdür, bu tip reklam və kampaniyalar gedir. Amma bu reklamlar heç də qeyri-səmimi deyil. Doğrudan da orada müəyyən güzəştli qiymətlər tətbiq olunur. Əlbəttə işin gedişi boyu müraciət olunan xəstənin digər bir müayinə olunmaq zərurti çıxır. Həkim onu məcbur edə bilməz, tövsiyyə edə bilər. Əslində bu qanunla qadağan olunan bir məsələ deyil. Qanunla qadağan olunan məsələ elektron KİV-lərdə, televiziyada ayrı-ayrı şəxslərin reklamı olmalıdır. Təəssüf ki, buna heç kim reaksiya vermir. Xüsusilə də bəzi məlum verilişlərə ki, insanlar saatlarla oturur, o verilişlərə baxır. Orada ayrı-ayrı klinikaların, şəxslərin az qala dünyada bir nömrəli ad ilə reklam olunması qətiyyən yolverilməzdir. Dərmanların reklam olunması düzgün deyil. Dərman əmtəə deyil, dərman həkim tərəfindən təyin olunan tibbi vasitədir. O baxımdan hesab edirəm ki, daha qlobal məsələlərin üzərinə getməliyik. Əslində tibb müəssisələrinin müxtəlif tip kampaniyalarının əhali üçün təhdid və ya qorxusu yoxdur. Bu daha çox reklama hesablanır. Hər bir klinikanın, xəstəxananın nöqsanları olur. O baxımdan KİV-də klinikaların bütün parametrləri üstələyərək, ideal klinika kimi reklam olunması, camaata təqdim olunması əslində insanları bir növ aldatmaq xarakteri daşıyır. Bu məsələlərin üzərinə getmək daha vacibdir”.

Professorun sözlərinə görə, xəstə həyat üçün təhlükəli olan bir situasiyada belə cərrahiyə əməliyyatından da imtina edə bilər:

"Xəstə istənilən prosedurdan imtina edib gedə bilər. Heç kim onun qolundan tutub hansısa prosedura məcbur edə bilməz. İnsanlar öz hüquqlarını bilməlidirlər.Digər tərəfdən, xəstələr bu məsələyə bir qədər ayıq başla yanaşmalıdırlar. O ki qaldı hansısa müayinə "çekap”ına, tutaq ki, kardioloji "çekap”dı, bunun içərisində konkret müayinə üsulları var. Ürək damarının daralması və bu kimi hansısa əlavə müayinə ortaya çıxa bilər. Ona qalsa, biz hanssa xəstəni əməliyyata götürürüksə, müayinə olunmursa, hansısa bir defekt ortaya çıxır.Bildiririk ki, bu müayinələrin olunması vacibdir. Əgər deməsək, xəstə bizdən tələb edə bilər ki, siz bunu niyə görməmisiz... O baxımdan həkim tövsiyyə edə bilməz, məcbur edilə bilməz. Ola bilsin ki, bir çekap müayinəsindən sonra ümumi durum tam müəyyənləşməsin və müalicə yazılması real olmasın.Təbabətə bir riyaziyyat kimi baxılması düzgün deyil.Bütün bu problemlər ona görə ortaya çıxır ki, bütün yük əhalinin öz çiyninə düşsün.İcbari tibbi sığorta olsa, təbii ki, bu cür problemlərlə üz-üzə gəlmərik.İnsanlar ildə bir-iki dəfə "çekap” müayinəsindən keçərlər, onunla da problem bitmiş olar”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları