Yuxarı

Yüz minlərin problemi parlamentdə

Yüz minlərin problemi  parlamentdə

Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova 2018-ci il yaz sessiyasının Qanunverici işlər planına salınması üçün qanunsuz tikililərlə bağlı təklif səsləndirib.

Deputat öncə bildirib ki,Milli Məclisin 2018-ci il üzrə yaz sesiyasının Qanunvericilik işlər planı yüksək səviyyədə hazırlanıb. Daha sonra o, təkliflə çıxış edib:

"Qanunverici İşlər planına salınması üçün mənim bir təklifim var. Bu aktual və bir çox vətəndaşı narahat edən kənd təsərrüfatı əhəmiyyətli ərazilərdə kütləvi şəkildə salınan qanunsuz tikililərlə bağlıdır.

Bildiyiniz kimi, illər öncə respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə xeyli sayda yaşayış məntəqələri inşa edilib. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, övladlarını böyüdürlər, oğul evləndirib, qız köçürürlər. Qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra hakimiyyətləri tərəfindən sənədlər verilib. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə "kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər”.

Elmira Axundova deyib ki, bu problemi imkan qədər tez həll etmək lazımdır:

"Ya üzərindəki tikililər sökülərək, torpaqlar kənd təsərrüfatı məqsədləri üçün istifadəyə qaytarılmalı, ya da kateqoriyası dəyişdirilərək, həmin torpaqlar "yaşayış məntəqələrinin torpaqları” olaraq yenidən qeydə alınmalıdır.

Kütləvi söküntüyə dövlətimiz heç zaman getməz, çünki bu, bir tərəfdən iqtisadi cəhətdən səmərəsizdir. Digər tərəfdən, minlərlə vətəndaşımızın uzun illər həmin evlərdə yaşadığını nəzərə alsaq, bu həm də sosial problem yarada bilər.

Qalır ikinci variant - torpaqların təyinatının dəyişdirilməsi və beləliklə, vətəndaşların öz evlərinə qeydiyyata düşmələrinə imkan verilməsi.

Qanunsuz da olsa, illər öncə salınmış bu yaşayış məntəqələrinin torpaqlarının təyinatı, kateqoriyası dəyişdirilərsə:

vətəndaşlar uzun illər yaşadıqları evlərə mülkiyyət hüququ əldə etməklə, öz evlərinə qeydiyyata düşə biləcəklər;

Minlərlə tikililər dövlət qeydiyyatına alınacaq, bu da daşınmaz əmlak bazarında ciddi canlanma yarada bilər;

Qeydiyyata alınmış tikililər əmlak vergisinə cəlb olunacaq;

Və ən nəhayət, uzun illər davam edən ciddi bir problemin öz həllini tapması ilə vətəndaş məmnunluğu təmin olunacaq”.

Bunları nəzərə alan Elmira Axundova təklif edib ki, həmin yaşayış məntəqələri torpaqlarının təyinatı və kateqoriyasının qismən də olsa dəyişdirilməsi üçün müvafiq qanunda, - bu, Torpaq Məcəlləsi və ya digər qanun da ola bilər - dəyişikliyin edilməsinə yaz sessiyası dövründə baxılsın.

"Əgər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədirsə, onda bu qurum qaldırılan məsələyə ciddi münasibət bildirməlidir. İnanın ki, bu problemin həlli minlərlə ailənin sevincinə səbəb olacaq. Xahiş edirəm ki, nəzərə alasınız”.