Yuxarı

Erkən nikahlarla bağlı SOS: Susqun və laqeyd Dövlət Komitəsi

Erkən nikahlarla bağlı SOS: Susqun və laqeyd Dövlət Komitəsi

Azərbaycanda erkən nikah problemi ciddi narahatlıq doğurur. Hətta ölkəmizin iri şəhərlərində erkən nikaha yol verən kifayət sayda ailələr var. Bu günlərdə Sumqayıtda 13 yaşlı qız ailəsi tərəfindən zorla ərə verilib. Buna bənzər hallar zaman-zaman bölgələrimizdə, hətta paytaxtın özündə belə yaşanıb. Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və 17 yaşından kiçik qızların ailə qurması və birgə yaşamasıdır. Azərbaycanda belə ailələrin sayı rəsmi açıqlanmasa da, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, müstəqil ekspertlərin dilə gətirdikləri narahatlıqlar bu məsələdə statistikanın hədsiz çox olduğunu deməyə əsas verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsl vəzifəsi nədir?

Araşdırmalara görə ölkədə hər 6 nəfərdən biri 18 yaşına çatmadan ailə qurur. Demək ki, bu sahədə vəziyyət kritik həddədir. Amma nə yazıq ki, kritik durumun real mənzərəsi ölkənin aparıcı və aidiyyatı qurumlarını maraqlandırmır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti hələ də heç kəsə bəlli deyil. Bu komitənin isə adı var, özü yoxdur. Ekspertlər də bu düşüncədədirlər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məhz fəaliyyətsizliyi ucbatından Azərbaycanda erkən nikah kimi ciddi problemlərin sayı artıb. Bu komitənin məşğul olduğu heç bir problem yoxdur. Ona görə də ad xatirinə fəaliyyəti heç kimə lazım deyil və ləğv olunması daha məqsədəuyğun hesab edilir. Digər tərəfdən aidiyyatı üzrə məsələləri həll etməyən qurumun boş-boşuna mövcud olması nəyə gərəkdir ki? Onsuz da, ölkədə onların işini görəcək bir çox qeyri-hökumət təşkilatları var. Həmçinin, bu qurum mövcud olmasa, cəmiyyətin də bu istiqamətdə gözləntiləri olmayacaq.

Zaman-zaman uşaqların hüquqlarının pozulması, zorakılığa və təcavüzə uğramaları, qadınların qətlə yetirilməsi, qızların erkən nikaha məcbur edilmələri və bu kimi digər hadisələrə biganəlik nümayiş etdirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsl vəzifəsi, məqsəd və məramı nədən ibarətdir? Uzun illər fəaliyyət göstərən bu komitə hansı uğurlu layihəsini həyata keçirib? 

Erkən nikah sosial vəziyyətlə bağlıdır...

Sosioloq Cavid Şahmalıyev "Cümhuriyət” qəzetinə şərhində bildirib ki, erkən nikaha səbəb olan başlıca amillərdən biri sosial faktorlardı: "Bir şeyi bilməliyik ki, erkən nikah uşaq nikahıdır. Erkən nikah göstəriciləri, Azərbaycan bölgələrində bir az yüksək, bir az aşağı olmaqla bütün ölkəni əhatə edir. Bu elə bir sosial fenomendir ki, faktiki olaraq nə region tanıyır, nə var dövlət tanıyır, demək olar ki, bütün ailə tiplərində rast gəlinir. Bəzən qızlar ailədə evliliyə məcbur edilir. Hesab edirəm ki, cəmiyyətdə sosial vəziyyət düzələndən, erkən nikahların da sayında azalmalar olacaq. Digər tərəfdən sonra Azərbaycan reallığında bəzi mental adət-ənənələr var ki, qız erkən yaşda ərə gedərsə, onun uşaq dünyaya gətirmək qabiliyyəti daha yuxarı olar, ailə daha davamlı olar. Bu kimi stereotiplər var. Tədqiqtlar göstərir ki, erkən yaşda nikaha girmiş şəxslər çox hallarda bir sıra problemlərlə üzləşirlər. Valideynlər birdəfəlik anlamalıdırlar ki, qanunvericiliyə zidd hərəkət edə bilməzlər. Bununla yanaşı, Azərbaycanda erkən nikahla bağlı məlumatlandırma zəifdir. Valideynlər erkən nikahın fəsadlarını başa düşmür. Vaxtaşırı qadınların həyat hekayələri paylaşılsa, maarifləndirmə işləri aparılsa, o zaman valideynlər də bu kimi addımlar atmaqdan çəkinərlər. Ümumiyyətlə, valideynlər evlilik məsələsində övladlarını zorakı yollarla ailə münasibətlərinə cəlb etməkdən çəkinməlidirlər. Azərbaycan dünyada yeganə ölkələrdən biridir ki, erkən nikahı qadağan edib və nikah yaşını 18-dən müəyyənləşdirib. 2011-ci ilə qədər Azərbaycanda 17 yaşında nikaha daxil olmağa icazə verilirdi. Amma sonradan bu da qadağan olundu. Yerli icra orqanları vətəndaşlarla birgə işləməli, vaxtaşırı valideynlərlə, uşaqlarla məktəblərdə maarifləndirmə işləri, xeyir-şər evlərində geniş təbliğat söhbətləri aparılmalıdırlar”.

Bu qurumlar birgə işləməlidir...

Sosioloq onu da əlavə edib ki, Azərbaycanda erkən nikahla bağlı ilbəil statistika verilir: "Ümumiyyətlə, erkən nikahla bağlı statistika ona görə çətindir ki, bu nikahlar rəsmi qeydiyyata alınmır və statistikaya da o üzdən düşmür. Təbii, burada yalnız ortalama rəqəm çıxarmaq mümkün olur. Bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və bu kimi vətəndaş cəmiyyəti ilə əlaqəli olan digər aidiyyatı qurumlar birgə əməkdaşlıq etməlidirlər. Uşaq müdafiəsi ilə bağlı mexanizm olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda uşaq hüquqlarını effektiv müdafiəsi üçün mexanizm hələ tam yararlı vəziyyətdə deyil. Bu yaxınlarda Azərbaycanda çox güman ki, Uşaq Məcəlləsi qəbul olunacaq və bu kimi məsələlər orada öz əksini tapacaq. Bu da erkən nikahların birbaşa azalmasına təsir edəcək”.

Valideynlər niyə cəzalanmır?

Maraqlıdır, erkən yaşda ailə münasibətinə məcbur edilməyə görə valideynlərə hansı cəza verilir? Qanunvericilik nə deyir?

Hüquqşünas Ağamirzə Bağırovun sözlərinə görə, qanunvericilikdə bununla bağlı konkret maddə yoxdur: "Ailə Məcəlləsində nikah yaşı deyilən bir anlayış var. Nikah yaşı əgər tamam deyilsə, təbii ki, orada artıq məsuliyyətlər var. 18 yaşına çatan hər bir azərbaycanlı gənc nikaha daxil ola və eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikah yaşı 1 il endirilə bilər. Bu yaş endiriləndə erkən nikah sayılmayacaq. Çünki burada bəlli səbəblər var. Nikahı biz hüquqi tərəfdən tanıyırıq. Qanun onsuz da erkən nikahı tanımayacaq. Valideynlər tərəfindən məcburi ərə verilmələr rəsmi dövlət qeydiyyatına alınmayanlardı. Valideynlər buna könüllü gedirsə, buna nəzarət edən lazımdır. Əslində hər bir rayonun icra hakimiyyətində yetkinlik yaşına çatmayan komissiyası var. Həmin komissiyalar bu məsələyə nəzarət etməlidir. Digər tərəfdən, bu məsələyə birbaşa cavabdeh olan orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bundan əlavə polis orqnlarında yetkinlik yaşına çatmayan məsələlərlə bağlı şöbə fəaliyyət göstərir. Bu komissiyalar ilk növbədə bu məsələni nəzarətdə saxlamalı, fakt varsa, hüquq-mühafizə orqanları qarşısında vəsadət qaldırmalıdır. Hüquq-mühafizə orqanları da məsələni araşdırıb lazımi hüquqi qiymət versinlər. Nə dərəcədə hüquqi qiymət verilməsi isə təhqiqat və istintaq gedişatında ortaya çıxacaq”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları