Yuxarı

Qarabağ münaqişəsində yeni mərhələ: Erkən seçki sülh gətirəcək?

Qarabağ münaqişəsində yeni mərhələ: Erkən seçki sülh gətirəcək?

Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilərin gözlənilmədən vaxtının dəyişdirilməsinin səbəbi də artıq məlumdur. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) mətbuata bildirilib ki, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Azərbaycanda cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır. Qeyd edək ki, bu il Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin, Azərbaycan Xalq Cühmuriyyətinin yaranmasının və Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində tədbirlər keçiriləcək.

Qarabağ münaqişəsində yeni mərhələ

Artıq hakimiyyətin gözlənilməz vaxt dəyişikliyi ilə bağlı iddialar da səsləndirlir. Bir sıra mənbələr bunun Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi üzrə gedən danışıqlarla bağlı olduğunu bildirirlər. Mətbuata sızdırılan məlumatlara görə, seçkiləri aprel ayında keçirmək qərarı verən rəsmi Bakı irəli sürülmüş yeni plan üzərində danışıqlar prosesini sürətləndirməyi planlaşdırır. Həmin plan barədə dəqiq məlumat olmasa da, xarici işlər naziri Elmar Məmmədyarov bir müddət əvvəl Qarabağ problemi ilə bağlı kreativ təklifin olduğunu və yaxın bir ay ərzində (yanvar ayı nəzərdə tutulurdu-müəllif) dəyişkliyin ola biləcəyini açıqlamışdı.

"Qarabağ üzrə güzəştlərlə bağlıdır”

Deputat Rasim Musabəyov da Rusiyada fəaliyyət göstərən "Kafkazskiy uzel” saytına açıqlamasında bildirib ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır. Deputat hesab edir ki, səbəb həm də Ermənistanda 2018-ci il aprelin sonunda dövlət başçısının artıq prezident deyil, parlament çoxluğunun təyin etdiyi baş nazirin olması nəticəsində ali hakimiyyətin formatının dəyişməsi də ola bilər: "Yəni, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərindən sonra həyata keçirmək daha yaxşıdır. Əgər Qarabağ probleminin həlli ilə bağlı vacib qərarların qəbul edilməsi ilin sonuna təxirə salınsa, danışıqların tempi aşağı düşə və sülh tənzimlənməsi prosesi yenidən nəticəsiz qala bilər”.

"Maydan sonra prosesin gedişində dönüş yarana bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında seçkilərin vaxtının dəyişdirilməsinin danışıqlar prosesini sürətləndirəcəyini deyib. Politoloq bundan sonra Qarabağ danışıqları üzrə yeni dönəmin başlayacağını da istisna etməyib: "Azərbaycanla yanaşı, mart ayında həm Ermənistanda, həm də Rusiyada prezident seçkiləri keçiriləcək. Əlbəttə, aprel ayında Azərbaycanda da seçkilərin keçirilməsi, 2018-ci ilin növbəti mərhələsi üçün danışıqlar prosesin intensivləşməsinə şərait yaradacaq. Faktiki olaraq, münaqişə tərəflərinin heç birində qeyri-müəyyənlik olmayacaq. Siyasi hakimiyyətlər danışıqların davam etdirilməsində və ya hansısa qərarların qəbul edilməsi istiqamətində müvafiq addımlar ata biləcəklər. Seçkilərdən əvvəl heç bir siyasi hakimiyyət bir sıra məsələlərlə bağlı qərar verə bilmir. Ciddi qərarlar müəyyən prosesdən sonra - dinamik proseslərin mövcud olmadığı şəraitlərdə verilir. Əlbəttə, bu baxımdan, danışıqlar üzrə prosesin intensivləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına ehtiyac var idi. Hesab edirəm ki, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlar intensivləşəcək”.

Elçin Mirzəbəyli hər 3 ölkədə keçiriləcək seçkilərdən sonra status-kvonun müəyyən edilməsi üzrə ciddi irliləyişlərin olacağını da istisna etmir: "Mən 3 ölkənin adını təsadüfən çəkmədim. Məlumdur ki, danışıqlar prosesinin 3 əsas iştirakçısı var: əraziləri işğal edilmiş Azərbaycan, işğal prosesində icraçı rolunu oynayan Ermənistan, de-fakto işğal prosesini dəstəkləyən və işğal prosesini qoruyub-saxlayan Rusiya. Hesab edirəm ki, status-kvonun müəyyən edilməsi prosesi bu ölkələrdə mühüm siyasi proseslərin müəyyən mərhələsinin başa çatmasından sonra yeni mərhələyə keçə bilər. Hər 3 ölkədə seçkilərin başa çatmasından sonra bunun əyani şahidi olacağıq. Bu baxımdan, ATƏT sədrinin Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanmasında yeganə format olmadığını bildirməsi təsadüfi deyil. ATƏT sədri tərəfindən bu faktın dilə gətirilməsi  önəmli faktordur. Çox güman ki, bunu açıq formada may və iyun aylarından sonra görəcəyik”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları