Yuxarı

Xaricdə ölən azərbaycanlılar

Xaricdə ölən azərbaycanlılar

Dünyada yaşayan azərbaycanlıların statistikası bərədə həmişə fərqli rəqəmlər səslənib. Soydaşlarımızı dünyanın 5 qitəsinə məskunlaşmağa vadar edən siyasi, iqtisadi, sosial-mədəni fəaliyyət və fərqli mənəvi dəyərlər kimi müxtəlif səbəblər var. Bu gün dünyanın 70-dən çox ölkəsində milyonlarla azərbaycanlı yaşayır. Miqrasiya Siyasəti İnstitutunun (MPİ) 2017-ci ilə olan məlumatına görə 1 milyon 147 min azərbaycanlı başqa ölkələrdə yaşayır. Bildirilir ki, 767 min azərbaycanlı Rusiyada, 82 min Ukraynada, 48 min Qazaxıstanda, 20 min ABŞ-da, bir o qədər Özbəkistanda, daha 19 min Almaniyada və 17 min Türkiyədə məskunlaşıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, sadəcə, 2017-ci ilin ilk yarısında 5 min azərbaycanlı Rusiya vətəndaşlığını əldə edib. Rusiya Dövlət Statistikasının məlumatına görə, son on ildə Azərbaycandan Rusiyaya gedənlərin sayı hər il Rusiyadan Azərbaycana gələnlərin sayından ən azı 10 min adam çoxdur. Azərbaycanda isə rəsmi açıqlamalarda kimsə rəqəmlərlə danışmır. Azərbaycan rəsmi statistikası əhalinin daimi artımından və müsbət mühacirətdən xəbər verir.

Lakin mütəxəssislər təqdim olunan rəsmi statistikaya şübhə ilə yanaşırlar. Ekspertlər hesab edir ki, miqrasiya statistikasının siyasi məqsədlərə xidmət etməsi təkcə Azərbaycan üçün xarakterik deyil. Bu, bütün sovet məkanı üçün belədir. Rəsmi səviyyədə mühacirət səviyyəsinin aşağı olması bir növ iqtisadiyyatda uğurun təsdiqlənməsi deməkdir.

Mühacir sayının açıqlanmaması məsələnin başqa tərəfidir. Lakin bu gün bizi - xaricə nə məqsədlə getməsindən asılı olmayaraq mühacirətdə dünyasını dəyişən soydaşlarımızın dəfn prosesi maraqlandırır. Bəzən onların nəşi məskunlaşdıqları ölkələrdə torpağa tapşırılır. Bu zaman İslam qaydalarına nə qədər əməl olunub-olunmaması maraq doğurur.

"Türk məscidləri dəfn mərasimini həyata keçirmək üçün pul almır”

Avropada Azərbaycanın Dostları Cəmiyyətinin sədri, "Xudafərin” saytının təsisçisi Elman Mustafazadə "Cümhuriyət” qəzetinə bildirib ki, azərbaycanlı soydaşlarımız dünyadan köçəndə məskunlaşdığı ölkədə İslam qaydaları ilə dəfn olunurlar: 

"Avropada Türkiyədən olan qardaşlarımız kitabxanalar, mədəniyyət mərkəzləri açmasalar da, amma ən kiçik kəndlərdə belə məscidlər yaradıblar. Ədalət naminə demək lazımdır ki, azərbaycanlı soydaşlarımız rəhmətə gedəndə türk imamlarına müraciət edir. Türk imamları onlara olunan müraciətə böyük hörmət və həssaslıqla yanaşırlar. Onlar İslamın bütün şərtlərinə əməl edib dəfni təşkil edirlər. Azərbaycan məscidlərindən fərqli olaraq türk məscidləri elə də kasıb deyil. İbadətə gedən imkanlı insanlar var ki, məscidə ianə verirlər. Buna görə də türk məscidləri dəfn mərasimini həyata keçirmək üçün pul almır. Əksər ölkələrdə, o cümlədən, Qərbi Avropada dəfn zamanı bütün İslam qayda-qanunlarına əməl olunur”.

"Bəzi yas mərasimlərində sünni-şiə söhbəti olub”

Dəfn mərasimi keçirilən zaman məzhəb məsələsinə görə türklərlə azərbaycanlılar arasında fikir ayrılığı yaranırmı?

28 ildir qürbətdə yaşadığını deyən müsahibimiz bu illər ərzində dəfn mərasimində narazılığa rast gəlmədiyini bildirib: 

"Amma bəzi ölkələrdə yas mərasimlərində sünni- şiə söhbəti olub. Ümumiyyətlə, Avropada olan Cəfəri məscidləri imamların əksəriyyətinin toplantı yeri kimi bilinir. Nadir hallarda şiə məscidləri azərbaycanlıların yas mərasimində iştirak edir. Amma yas mərasimlərinin böyük əksəriyyətində türkiyəli imamlar iştirak edir. Onlarda bu sistem oturuşub. Qürbətdə Türkiyənin Dini İşlər üzrə Komitəsinin və özəl şəxslər tərəfindən yaradılan məscidlər var. Etiraf etmək lazımdır ki, türklər azərbaycanlılara hər sahədə güzəşt edirlər. Əgər bir soydaşımız rəhmətə gedərsə, öz yasları kimi iştirak edirlər. Çünki azərbaycanlıların qürbət tarixi cavandır. Türklərin bu istiqamətdə təcrübəsi çoxdur. Türklərlə azərbaycanlılar arasında bu məsələdə ayrımçılıq yoxdur”.

Elman Mustafazadənin sözlərinə görə, Hollandiyada qəbir yerləri 25-30 illiyinə icarəyə verilir: 

"Qəbirlərin pulunu ödəyib cənazəni dəfn edirlər. Nəzərdə tutulmuş icarə müddəti bitəndən sonra yenidən müqavilə bağlanmalıdır. Ölü yiyəsi müqavilənin müddətini  artırırsa, qəbir dağıdılmır, yerində qalır. Əgər müqavilənin müddətini artırmasalar, o zaman meyiti çıxardıb məhv edir, yerində isə başqa cənazə dəfn edirlər. Bundan əlavə Avropada bir sığorta şirkəti də var ki, insanlar orada canlarını sığortalayır. Onlar şirkətə illik pul ödəyirlər. Canını sığortalayan şəxs müqavilədə qeyd edir ki, özü və yaxud ailə üzvləri vəfat edərsə, cənazəsi öz vətəninə aparılsın”.

Cəmiyyət sədri onu da qeyd edib ki, Avropadakı qəbiristanlığın bir tərəfində müsəlmanlar üçün də yer ayrılıb:

"Hər bir qəbiristanlığın administrasiyası var. Böyük qəbiristanlıqların içərisində küçələri də var. Ölən şəxsin məzarını ziyarət etmək istəyəndə qəbiristanlığın administrasiyasına yaxınlaşıb vəfat edənin ad və soyadını verirsən. Onlar qəbirin nömrəsini, yerləşdiyi küçənin ünvanını verirlər. Böyük şəhərlərdə qəbirləri dağıtmırlar. Amma Qərb ölkələrində torpaq az olduğu üçün məzar yerləri icarəyə verilir. Dəfni xüsusi xidmət həyata keçirdir. Artıq müsəlmanları da İslam adəti ilə, amma əksər vaxtlar tabuta qoyurlar. Tabut ədəb qaydası hesab olunur.

Qərbi Avropada müharibədə həlak olmuşlar üçün xüsusi qardaşlıq məzarlığı var. Bu qəbiristanlığa xüsusi ehtiramla yanaşırlar. Hollandiya şəhərlərinin birində salınan qəbiristanlıqda 200-dən artıq əsgər dəfn olunub. Onların arasında 4 nəfər azərbaycanlı da var”.

Elman Mustafazadə sonda, soydaşlarımızın dəfnlə bağlı həssaslığından istifadə edib "şirkət” quran fırıldaqçıların da olduğunu vurğulayıb: 

"Hollandiyada bir Iğdır azərbaycanlısı yaşayır. Pul qazanmaq üçün müxtəlif yollara əl atır. Təzə gələn azərbaycanlıları da şirin dilinə salıb öz xidmətini təqdim edir. Onun yaratdığı şirkətə ayda müəyyən qədər faiz ödəyirlər ki, öləndən sonra cənazəni Azərbaycana köçürtsün. Biz onu tədbirlərdə "mürdəşir şirkəti”nin sahibi kimi təqdim edirik”.

Yeganə Oqtayqızı

P.S: Əvvəllər qoca nənə və babalarımızdan eşitdiyimiz bir bayatı var idi.

Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

Bəzən bu bayatının hikməti bizə çatmazdı. Belə düşünərdik ki, ulularımız bununla sanki "ömrü boyu xarici ölkələri gəzin, kef edin, yalnız ölənə yaxın vətənə qayıdın” - demək istəyiblər. Lakin dünyanın gedişatından az-çox hali olduqdan, xarici aləmlə aramızdakı maneələri gördükdən sonra bu bayatının mahiyyəti dəyişir...

Nəticəni özünüz çıxarın...