Yuxarı

Bayram yoxsa narazılıqlar günü?

Bayram yoxsa narazılıqlar günü?

[caption id="attachment_917" align="alignleft" width="346"]5 oktyabr2 Məktəb direktoru: "Qara gəlsin müəllimlər gününü"[/caption] Oktyabrın 5-də "Beynəlxalq Müəllimlər günü"dür. Hər il bu təqvim günü yaxınlaşdıqca, ölkənin bəzi ümumtəhsil orta məktəblərində müəllimlərin təbrik edilməsi üçün şagirdlərdən pul yığılması haqda fikirlər dolaşmağa başlayır. Bəzi valideynlər iddia edirlər ki, bu il də bir həmin “ənənə” davam etdirilir. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlər onu göstərir ki, paytaxt məktəblərində şagirdlərdən məcburi şəkildə müəllimlər günü üçün pul yığılır. Hətta ötən illərdən fərqli olaraq, bu il müəllimlərini təbrik etmək üçün şagirdlərdən yığılan pulun məbləği də artırılıb. Belə ki, bir şagirdə öz müəllimlərini təbrik etmək 20-70 manata başa gəlir. Məsələ ilə əlaqədar paytaxtın bir neçə orta məktəbinin direktorun münasibətini öyrəndik   “Qara gəlsin bu müəllimlər günü” Nəriman Nərimanov rayonu Novruzov qardaşları adına 36 saylı ümumtəhsil məktəbin ibtidai sinfində Beynəlxal Müəllimlər Günü ilə əlaqədar sagirdlərdən adambaşına sinif rəhbərləri üçün 30 manat, fənn müəllimləri üçün isə 10 manatdan pul yığılır. Məktəbin direktoru İradə Babayeva  “Cumhuriyət”in “məktəbinizdə pul yığılırmı” sualına qəribə tərzdə reaksiya verdi: “Allah, sən saxla! Pul yığırlar? Belə bir şey ola bilməz. Bu qədər yalan deyib, adamı niyə əsəbiləşdirirlər axı. Mənim başım seçkilərə qarışıb. Heç Müəllimlər Günü yadımda deyil. Ümumiyyətlə, bu gün ləğv olunsun. İnsan nə qədər hirslənər? Mənim adım İradədirsə, belə bir şey ola bilməz. Bu faktı deyən çıxsın ortaya, mən ərizəmi yazıb işdən çıxmağa hazıram”. Özündən çıxan direktor hətta əsəbi halda ”Qara gəlsin bu müəllimlər günü” deyə cavab verdi.   “Onda mən milyaner olaram ki...” Suraxanı rayonu Səməd Abdullayev adına 290 saylı orta məktəbdə də I sinif şagirdlərindən məktəb rəhbəri və fənn müəllimləri üçün ayrı-ayrılıqda pul yığıldığı haqda məlumatlar var. Konkret desək, şikayətlərə görə. şagirdlərdən direktor üçün 10 manat, sinif rəhbərləri üçün isə 20 manat pul yığılır. Məktəbin yuxarı siniflərində oxuyan şagirdlərdən isə 25-30 manat məbləğində pul tələb edilir. Məktəbin direktoru Rahidə İsimxanova belə bir faktın olmasını inkar etməklə yanaşı, bu cür məlumatı verənlər haqda informasiya verməyimizi israr etməkdən də çəkinmir: “Siz mənə deyin görüm bu faktı sizə kim deyib? Mən də bir direktor kimi xəbərim olsun. Konkret ad çəkin, mən həmin şəxslə danışım və ondan pul istəyən müəllimi cəzalandırım. Niyə mənim adım hallansın”? I siniflərin onun üçün ayrıca pul yığılmasına gəlincə, direktor “məktəbdə 20 dənə I sinif var, hər uşaq 10 manat versə, onda mən milyaner olaram ki... “ deyə istehza ilə cavab verdi.   “Hardan bilim ki, özünüzü düzgün təqdim etmisiniz” Binəqədi rayonu 283 saylı orta məktəbdə ibtidai sinif şagidlərindən adambaşına 20-40 manat civarında pul yığılması haqda şikayətlər var. Məktəbin direktoru Tünzalə Zeynalova bizim suallarımıza kobudcasına cavab verərək, mətbuat işçisi olduğumuzdan şübhələndi: “Mən hardan bilim ki, özünüzü düzgün təqdim etmisiz. Mən sizi tanımıram. Nə şikayətiniz varsa, bizə yaxınlaşın və burada rəsmi məlumat göstərin. Bir də ki mən bu məktəbə yeni təyin olunmuşam. Sinif rəhbərləri ilə birgə günün bütün saatlarında məktəbi mühafizə edirəm. Əlimdə rəsmi məlumat yoxdur”.   Müsbət jest... Suraxanı rayonu 280 saylı məktəbin direktoru Rövşən Qasımov  bayramla əlaqədar pul yığılması barədə faktdan xəbərsiz olduğunu desə də, digər məktəb rəhbərlərindən fərqli olaraq müsbət bir jest etdi. O, dərhal məsələni araşdırmaq və gizli pul yığımı barədə maraqlanmaq uçün ona möhlət verməmizi və sonra əlaqə saxlamağımızı istədi. Biz də onun dediyi kimi elədik. Az sonra aldığımız cavab belə oldu:  “Mən bu məsələ ilə dərhal maraqlandım. Müavinlərlə danışdım və məktəbin sifariş lövhəsi üçün elan hazırlatdım. Bütün fənn müəllimləri həmin elana imza atdılar. Pul yığılması prosesini kim həyata keçirsə və ya buna cəhd eetsə,  tərəfimdən tədbirlər görüləcəcək.   Bir şagirddən 75 manat pul yığılır Səid Rüstəmov adına Xarici Dilli Təmaüllü Litseydə övladları təhsil alan valideynlərin məlumatına görə isə orada pul ylğılması barədə vəziyyət dözülməzdir. Belə ki, ibtidai sinif şagirdlərindən sinif rəhbərləri üçün 50 manat, digər fənnləri tədris edənlər üçün isə 25 manat gətirmələri tələb olunub. 9, 10, 11-ci sinif şagirdlərindən isə 30 manat pul yığılır. Məsələ ilə bağlı direktorla əlaqə yaratmağa çalışsaq da, cəhdimiz baş tutmadı.   Nazirlikdən heç vaxt səs çıxmır... Qeyd olunan məsələ ilə bağlı valideyn şikayətlərini və suallarımızı Təhsil Nazirliyinə də ünvanladıq. Nazirliyin aparıcı mütəxəssisi Billurə Hacızadə bildirdi ki, suallarımızı nazirliyin [email protected] elektron ünvanında təqdim etməliyik və sorğu dərhal cavablandırılacaq. Deyildiyi kimi də elədik. Gün ərzində həmin ünvana göndərdiyimiz suallar cavabsız qaldı. Qeyd edək ki, dünyanın yüzdən çox ölkəsində oktyabrın  5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edilir. Alçina Amilqızı  





Həftənin ən çox oxunanları