Yuxarı

Seçkiyə "bayram olmayacaq”

Seçkiyə

Mart ayında Novruz bayramı ilə əlaqədar olaraq 8 gün iş olmayacaq. 8 Mart - Qadınlar günü də qeyri-iş günüdür. Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür. Yəni, mart ayında ümumilikdə 8 gün qeyri-iş günü olacaq. Məlumdur ki, 11 apreldə ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təsdiq olunan qeyri-iş günləri isə prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası ilə üst-üstə düşür.

Maraqlıdır, bu necə tənzimlənəcək? Qeyri-iş günləri seçki kampaniyasına necə təsir edəcək?

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, hüquq müdafiəçisi Azər Həsrət "Cümhuriyət” qəzetinə şərhində qeyri-iş günlərinin seçki prosesinə heç bir təsir göstərməyəcəyini deyib: "Təbii ki, prezident seçkiləri və digər bu kimi proseslərdə təbliğat kampaniyası qeyri-iş günlərinə düşməsinə baxmayaraq seçki komissiyaları işləyir. Ümumiyyətlə, təbilğat və təşviqat müddətində bütün seçki ilə əlaqəli qurumlar işləyir. Bayram günlərinə düşməsə belə, seçki komissiyaları bazar günləri də fəaliyyət göstərirlər. Ona görə də 8 günün qeyri-iş günü olması da narahatçılığa əsas yaratmır. Bu çox vacib seçki kampaniyasıdır. İnsanlar burada işləməlidir”. A.Həsrət bildirib ki, Əmək Məcəlləsində bu cür məsələlərin tənzimlənməsi var: "Yəni, qeyri-iş günlərində işləyənlərin əmək haqqı adi günlərdən fərqli olaraq 2 dəfə çox hesablanır. Bu məsələ gündəmə gələ bilər. Mərkəzi Seçki Komissiyasının bu məsələni nəzərə alıb-almadığından xəbərim yoxdur. Amma 8 qeyri-iş günü ərzində işləyən seçki komissiyalarında çalışan şəxslərin əmək haqqının 2 dəfə artırılması gündəmə gətirilməlidir. Amma seçki kampaniyasını dayandırmaq, başqa günə keçirmək, təxirə salmaq mümkün olmadığından məcburiyyət qarşısında hər kəs qeyri-iş günlərində də işləməlidir”.

Ekspert qeyd edib ki, təbliğat-təşviqat kampaniyası könüllülük prinsipi üzərində qurulur: "Qeyri-iş günləri namizədlərin təbliğat kampaniyasına heç bir təsir göstərməyəcək. Prezidentliyə iddialı şəxslər nəzərdə tutulmuş müddət ərzində qeyri-iş günü nəzərə alınmadan təbliğat kampaniyası aparırlar. Burada əsas məsələ könüllülük prinsipidir. Çünki təşviqat aparan da, o, prosesdə iştirak edən seçicilər də kampaniyada könüllü şəkildə iştirak edirlər. Kimsə desə ki, bayramdı, gedib heç bir namizədin mitinqində, tədbirində iştirak etmirəm, heç kim onları məcbur etməyəcək. Könüllülük prinsipi olduğu üçün burada da narahatçılığıa heç bir əsas yoxdur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları