Yuxarı

Modul məktəb: Kimlərə tikilir?

Modul məktəb: Kimlərə tikilir?

Azərbaycanda modul tipli məktəblərin inşası davam etdirilir. Artıq bu tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda 44 modul məktəblər inşa olunub. Daha sonra 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi də nəzərdə tutulur. Bu il isə 137 modul məktəbin quraşdırılması nəzərdə tutulub.

Bir sıra ekspertlər hesab edir ki, modul tipli məktəblərin inşası artıq məsrəfdir.Amma buna baxmayaraq məhdud resurslardan daha effektli istifadə baxımından qısa müddətdə vəziyyətdən çıxış yolu uğurlu bir yanaşmadır.Azərbaycanda bu istiqamətdə atılan addımlarla bağlı müşahidə olanlar onu deməyə əsas verir ki, bu sahədə müəyyən uğurlar əldə olunsa da, bütövlükdə infrastrukturun qurulmasında bəzi çatışmazlıqlar və problemlər var. Maraqlıdır, modul tipli məktəblər hansı prinsiplər əsasında seçilir və quraşdırılır? Hər bir modul məktəb üçün hazırda ayrılan vəsaitə daha geniş imkanlı, çoxfunksiyalı, texnoloji imkanları geniş olan məktəblər quraşdrımaq olmazdımı ?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə deyib ki, hazırda ölkədə 4500 -ə qədər orta məktəb fəaliyyət göstərir ki, son 15 il ərzində onların 3 mindən çoxu təmir olunub və ya yenidən inşa edilib.

Son iki ildə modul tipli məktəb binası adı altında tikilib istifadəyə verilmiş məktəblərin hər biri əslində modul tipli məktəb binası deyil. Onlar ənənəvi xarakter daşıyan, adi məktəb binasıdır:

"Avropa və Amerikada, inkişaf etmiş ölkələrdə istifadə olunmuş modul tipli məktəb binası tamam başqa formadadır. Azərbaycanda mindən çox qəzalı vəziyyətə düşmüş, uzun müddət istifadə olunaraq yararsız hala düşmüş məktəb binaları var. O məktəblərdə təhsilin aparılması insanların həyatı üçün təhlükəlidir.Ona görə də, yeni məktəb binalarına ehtiyac var. Amma adi məktəb binasını modul tipli məktəb adı ilə vermək lazım deyil. Modul tipli məktəb binası rahatlıqla sökülüb yığılır, başqa yerə daşınması , köçürülməsi mümkündür. Qeyd etdiyim kimi, Azərbaycanda, xüsusilə də regionlarda, dağ kəndlərində qəzalı vəziyyətə düşmüş məktəb binaları hələ qalır.

Təhsil Nazirliyi ilk növbədə onların təmiri və yenidən qurulması ilə bağlı təklifi irəli sürür.

"Məhz seçilmiş rayonlar da onlardır.İlkin olaraq çox qəzalı vəziyyətə düşmüş və təhlükəli olan məktəb binaları yeniləri ilə əvəz olunacaq.Bu çox vacib addımdır”.

Ekspert vurğulayıb ki, modul tipli məktəb binası daha çox yüngül tikinti materialları və bitişdirmə rekonstruksiyaları tətbiq edilməklə hazırlanır:

"Bundan əlavə, bu tipli məktəb binası tikilən zaman maliyyə sərfiyyatı açıq şəkildə ortaya qoyulur. Məktəb binalarının tikintisi üçün tender elan olunub, ən sərfəli şərtləri irəli sürənlər iş icraçısı olur. İndiyə qədər tikilib istifadəyə verilmiş məktəblərə sərf olunan vəsait barədə məlumat yoxdur.

Ancaq bu məqsədlə dövlət başçısı tərəfindən ayrılmış vəsaitin məbləği barədə məlumat var. Hesab edirəm ki, təhsilin inkişafı üçün bütün məktəblərdə normal şəraitin yaradılması vacibdir.Şagirdlər üçün tam təchiz edilmiş məktəb binası istifadəyə verilməlidir.Yoxsa bəzi yerlərdə təzə tikilmiş məktəb binası qısa müddət sonra yenidən qəzalı vəziyyətə düşür.Bu onu göstərir ki, burada sadəcə, şəffaflığın təmin edilməsində problemlər var”.

A.Amilqızı






Həftənin ən çox oxunanları