Yuxarı

Boş qalan Novruz xonçası

Boş qalan Novruz xonçası

Bayram gözəl əhval-ruhiyyədir, gülmək, əylənmək, şənlənməkdir. Təəssüf ki, indi heç kimin çöhrəsindən novruzqabağı sevinc, həyəcan hissini sezmək olmur. Bunun da cavabı hər kəsə bəllidir, insanlar maddi problemlər məngənəsində sıxılır. Manatın devalvasiyası, gəlirlərin, iqtisadi aktivliyin azalması,  ölkədə baş verən 150 faiz bahalaşma insanların alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsinə səbəb olub.

Odur ki, adi günlərdən fərqli olaraq, bayram günlərində orta statistik azərbaycanlını "Süfrəmi necə dadlı təamlarla dolduracağam?” sualı narahat edir.

Bunun üçün əvvəllər kənd təsərrüfatı yarmarkaları olardı. Azərbaycanın müxtəlif bölgələrindən gətirilən ərzaq, qida məhsulları münasib qiymətə satışa çıxarılardı. Amma indi təəssüf ki, qiymətlər baha, alıcı isə yoxdur.

İndi yarmarkalar əsasən metro stansiyalarının qarşısında yaradılıb. "Gənclik”, "Nərimanov”, "28 May”, "İnşaatçılar”, "Nizami” və "Koroğlu” metrostansiyalarının yaxınlığında çadırlar qurularaq meyvə, çərəz və digər bu kimi insanların Novruz bayramı ərəfəsində ən çox istehlak etdikləri məhsullar satışa çıxarılıb. Bildirildiyinə görə, yarmarkaların təşkil olunmasının səbəbi odur ki, Bakının hər yerində hərə bir bazar açmasın, küçə ticarəti məhdudlaşsın, anti-sanitariya olmasın və vahid qiymətlər tətbiq edilsin. Məlumat üçün bildirək ki, yarmarkalar martın 25-nə qədər fəaliyyət göstərəcəklər.

Böyük marketlərdə və bazarlarda qiymətlər bayram günlərində baha olub və bu heç kimə sirr deyil. Bəs yaxşı, görəsən, yarmarkalarda qiymətlər necədir?  Ən əsası bu qiymətlər böyük marketlərdə satılan eyniadlı məhsulların dəyəri ilə müqayisədə ucuzdur? Suallarımıza cavab tapmaq üçün öncə yollanırıq "Nizami” metrosu yaxınlığındakı satış yarmarkasına. Alıcıların az olduğu, yarmarkada meyvə-tərəvəzin və çərəzlərin üzərinə yazılan qiymətlərə baxırıq. Məlum olur ki, burada hər hansı bir ucuz qiymətdən söhbət gedə bilməz. Onu da deyək ki, yarmarkalarda, bütün növ çərəzlərə rast gəlmək olar. Meyvə çeşidi isə elə də zəngin deyil. Satıcı bildirdi ki, növbəti günlərdə meyvə çeşidini artıracaq. Sonra da əlavə etdi ki, insanların alıcılıq qabiliyyəti çox aşağıdır.

"Çünki çox bahalıqdır. Daha çox qoz, fındıq, badam ləpəsi ilə maraqlanırlar. Onun qiyməti də gördüyünüz kimi xeyli bahalaşıb. Amma böyük marketlərlə müqayisədə biz daha insaflıyıq”, - deyən satıcı gülür.

Daha sonra yollanırıq insanların sız olduğu "28 May” metrosu yaxınlığındakı satış yarmarkasına. Burada isə əksinə, alıcılar çoxdur. Səməni, qoz-fındıq, badam, çərəzlər və meyvələrlə bol olan yarmarkada "Gəl, ay müştəri” – deyə səslənən satıcıya yaxınlaşırıq. Samir adlı satıcı bildirir ki, martın 2-dən burada çadır qurublar:

"Şükür, pis deyil, al-ver pis getmir. Bayrama 1 həftə var, bir azdan burada adam əlindən tərpənmək olmayacaq. Biz müştəri məmnuniyyətinə üstünlük veririk. Səməni 50 qəpikdən başlayır. Yəni hər cibə uyğun məhsul almaq mümkündür”.

Məhsulların qiymətinin mağazalardakı qiymətlərlə fərqinə gəlincə isə onlar aşağıdakı kimidir:

Qoz ləpəsi – 18-22 AZN

Qabıqlı qoz – 7-15 AZN

Fındıq ləpəsi – 14-15 AZN

Badam ləpəsi –  26 AZN

Qaysı qurusu – 10-11 AZN

İydə –  5-18 AZN

Əncir qurusu – 14.90 AZN

Xurma müxtəlif qiymətlərə var – 6.69, 22.99, 23.93 AZN

Kişmiş –  4.99, 14.79 AZN

Albuxara –  8.99 AZN

Ananas qurusu –  7.99 AZN

Qovrulmuş fındıq ləpəsi – 14.50, 16.50 AZN

Araxis – 3.80 AZN

Badam – 9.50 AZN

Şabalıd – 11-16 AZN

Xurma – 1.50 AZN

İnnab – 4.50 AZN

Meyvələrin qiyməti:

Yaşıl alma – 1.50 AZN

Naringi – 2-3 AZN

Kivi – 2.80 AZN

Armud – 4.30 AZN

Heyva  – 3.50 AZN

Ananas – 5.50

Portağal – 2,50 AZN

Banan – 3 AZN

Səməni – 50 qəpikdən 10 manata qədər.

Novruz ruzi, bərəkət deməkdir. İnanca görə, bayram süfrəsinin bol olması qarşıdan gələn ilin bolluq, ruzi-bərəkət içində keçməsinə bir işarədir. Təqribi hesablasaq, belə bir nəticəyə gəlmək olar ki, Novruz bayramı üçün alış-veriş etmək və süfrələri bəzəmək üçün minimum 200-250 manat lazımdır. Süfrələrinizin hər zaman bol, arzularınızın hər zaman həyata keçməsi diləyi ilə... Qarşıdan gələn Novruz bayramınız mübarək!

Aytən Həsənova






Həftənin ən çox oxunanları