Yuxarı

Siz də sosial şəbəkənin əsirisiniz?

Siz də sosial şəbəkənin əsirisiniz?

sosial sebekeler Sosial şəbəkə istifadəçiləri hər il artır, statistikaya görə dünyada internet istifadəçilərinin sayı 3 milyarddır. Bu isə dünya əhalisinin 42 faizi deməkdir. İnternet istifadəçisi olan 3 milyard insanın 70 faizi isə aktiv sosial şəbəkə istifadəçiləridir. Populyarlıq uğrunda mübarizə Araşdırmalara görə sosial şəbəkələrdə vaxt keçirən qadınların əksəriyyəti “Facebook” və “Twitter”ə daxil olur. Belə ki, “Facebook”un üzv sayının 57 %-i,  “Twitter” üzvlərinin isə 59 %-i qadınlardır. Amma bu statistika o qədər də real hesab olunmur, çünki başqa bir araşdırmaya görə bu üzvlərin təxminən 6 faizi saxta profillərdir. Bu hesabla “Facebook” sosial şəbəkəsində təxminən 40 milyon saxta profil var. Dünyada 1 dəqiqə içində 4 milyon insan “Google”yə daxil olur, “Facebook”da 1 dəqiqədə 2.5 milyon insan paylaşım edir, “Twitter”də isə 1 dəqiqədə 277 min üzv tvit atır. “Youtube” video izləmə platformasına da 1 dəqiqədə  100 saat video yüklənir. İşin maraqlı tərəfi də odur ki, bu rəqəmlər hər dəqiqə dəyişir.   Azərbaycan onun əsiri deyil? “Global State” statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda aktiv “Facebook” istifadəçilərinin sayı 7% azalıb. “Facebook” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı fevralın sonuna 81,57 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 21 faiz ötür. 2015-ci ilin ilk 2 ayı ərzində isə “Twitter” istifadəçilərinin sayı 52,2 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda fevralın sonuna “Twitter”in payı 8,57 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur. Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 2,38 faizlə “В контакте” qərarlaşıb. “Pinterest” - 2,08%, “Google+” - 1,94%, “Tumblr” - 1,93% və “YouTube” 0,47 faizlə sonrakı yerləri bölüşür.   Sosial şəbəklər insanları xoşbəxt etmirmiş ABŞ-ın Miçiqan Universitetinin professorlarının apardığı araşdırma “Facebook” sosial şəbəkəsi ilə bağlı maraqlı nəticələri üzə çıxarıb. Araşdırmaya görə, “Facebook” istifadəçiləri, sosial şəbəkələrdən istifadə etməyənlərə nisbətən daha az xoşbəxtdirlər. Sosial şəbəkələrin insanın ruh yüksəkliyinə mənfi təsir etdiyi bildirilib. Araşdırma zamanı alimlər “Facebook”da qeydiyyatdan keçmiş 82 nəfər gəncə 2 həftə ərzində hər gün 5 mesaj göndəriblər. Araşdırmaçılar bu şəxslərdən özlərini necə hiss etdiklərini, gün ərzində “Facebook”a nə qədər vaxt sərf etdiklərini və başqaları ilə neçə dəfə "birbaşa" ünsiyyət qurduqlarını soruşublar. Araşdırma göstərib ki, aktiv “Facebook” istifadəçiləri özlərini daha bədbəxt hiss edirlər. 2 həftənin sonunda, araşdırmada iştirak edən və bu müddət ərzində “Facebook”dan aktiv istifadə edən gənclərin özlərini daha az xoşbəxt hiss etdikləri, başqaları ilə üz-üzə görüşən və birbaşa ünsiyyət quranların isə daha xoşbəxt olduqları məlum olub. Araşdırmaçılar özlərini tənha hiss edənlərin “Facebook”da daha çox vaxt keçirdiklərini də vurğulayıblar.   Facebookda reklam verirsiniz? Kapitalizmin hökmranlıq etdiyi dünyada hər imkandan istifadə edərək pul qazanan sosial media patronları sosial şəbəkədən də külli miqdarda pul qazanır. Məsələn, “Facebook”da 1 günlük reklam 5 dollardır, bu pulu online ödədikdən sonra təyin etdiyin məlumat, şəkil bəlli bir qisim istifadəçinin əsas səhifəsinə çıxaraq reklam olunur. Əgər sən öz səhifənin üzvlərini artırmaq istəyirsənsə şəbəkə imkanlarına görə hər gün 5 dollar ödəyərək gündə 20-80 üzv qazana bilərsən. Amma ekspert Rafiq Zeynalov bu hesabların əksəriyyətinin saxta olduğunu deyir: “Məlumdur ki, Facebook hesablarının 40 milyonu saxta profillərdir, daha açıq desək, bu saxta profillər məhz bu məqsəd üçün yaradılıb. Ona görə də səhifənizi elə öz imkanlarınız hesabına artırın, dost siyahınızda olanlar, təsadüfi bəyənənlər o qədər çox üzv olmasa da saxta deyillər”.   Tvitter üzvləri üçün otel də var Təxminən 2 il öncə İspaniyada otellerdən biri yaratdığı yeniliklə müştərilərin diqqətini çəkməyi bacardı. Ölkənin turizm adası hesab edilən Malyorkada yerləşən otellərdən biri təmirdən sonrakı dizaynı ilə eynən “Tvitter”i xatırladıb. “Sol Veyv Haus” adlı otel sadəcə dizaynı ilə yox, həm də qonaq qəbul etmə tərzini sosial şəbəkəyə uyğunlaşdırıb. Belə ki, “Tvitter”-in mavi-ağ rənglərinə boyanan oteldə qeydiyyat internet vasitəsilə həyata keçirilir. Həmçinin, bu oteldə qalan insanlar bir-birləri ilə yalnız sosial şəbəkəyə daxil olaraq əlaqə qura bilirlər. Məsələn, otaq xidməti istəyən müştərilər “Tvitter”də  “#otaq” xidməti başlığının altına, otellə bağlı hər hansı problemi olanlar isə “#qeydiyyat” başlığından istifadə edirlər. Qəribə burasıdır ki, otelin müştərisi heç də az olmur.   Yaşlılar sosial şəbəklərdə arzulanmayan qonaqdır Maraqlı faktlardan biri də sosial şəbəklərdə gənclərlə yaşlı qisimin davalarının olmasıdır. Gənclər şikayət edirlər ki, sosial şəbəkə böyüklərlə və dramatik hekayələrlə dolub. Amerikada keçirilən bu sorğuda 802 valideyn, 802 yeniyetmə iştirak edib. 2 aylıq soruğu müddətində məlum olub ki, yeniyetmələr “Facebook”dan narazıdırlar. Onlar deyiblər ki, artıq “Facebook”da böyüklər çoxdur və insanlar daha çox boş-boş statuslar paylaşırlar, məsələn nahara nə yeyiblər, hara gediblər, kiminlə görüşüblər, nə müzakirə ediblər. Gəncləri ən çox narahat edən isə yaşlı qisimin öz həyat hekayəsini paylaşmasıdır. Onlar qanqaraldan belə hekayələri görmək istəmədiklərini deyiblər. Ona görə də, bu ölkədə “Facebook” istifadəçisi olan yeniyetmələr digər sosial şəbəkə istifadəçisi olan yaşıdlarından azdır. Amerikalı gənclər daha çox “Tvitter”, “İnstagram”, “Tumblr” kimi sosial şəbəkələrdə vaxt keçirməyə üstünlük verirlər. Bu fakt başqa bir araşdırmanın nəticələrini də təsdiqləyir. Belə ki, Amerika məhkəmələrində hələ də boşanma hallarında ən əhəmiyyətli dəlillərdən biri kimi “Facebook” göstərilir. Daha dəqiq desək, məhkəmədə tərəflər bir-birini “Facebook”a yüklədiyi şəkillər və bu şəkillərə yazılan rəylərə görə ittiham edirlər.  Yəni “Facebook” üzvlərinin əksəriyyəti evlidir və Amerika gəncləri üçün onlar “yaşlı”dır. ABŞ Ailə Vəkilləri Akademiyasının apardığı bu araşdırmaya görə, sosial şəbəkələrə görə ailələrin 66%-nin “Facebook”, 15%-nin “MySpace”, 5 %-nin isə “Tvitter” mesajları səbəbindən dağıldığı məlum olub. Amerikalı vəkillərin 81%-i son beş ildə məhkəmələrdə əsas dəlillərin sosial şəbəkələrdəki rəsm və mesajlar olduğunu bildirib. Lalə Mehralı





Həftənin ən çox oxunanları