Yuxarı

Abid Şərifovun müəmmalı Bayıl açıqlaması

Abid Şərifovun müəmmalı Bayıl açıqlaması

Baş nazirin müavini Abid Şərifov sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu bəyan edib. O bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib. İstər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Qadağa həmçinin bir müddət əvvəl sürüşmə təhlükəsi yaşayan Bayıl zonasına da aiddir. Baş nazirin müavini deyib ki, bütövlükdə Bayıl zonasında tikinti aparmaq olmaz. 

Ancaq məsələnin digər maraqlı bir tərəfi də var ki, hazırda Bayıl ərazisində irimiqyaslı tikinti işləri aparılır. Köhnə, uçuq-sökük binalar sökülür, yerində müasir və hündürmərtəbəli binalar inşa edilir. Həmin o hündürmərtəbəli müasir binaların təməli sonuncu sürüşmə hadisələrindən əvvəl atılıb. Bir neçəsinin tikintisi isə artıq başa çatmaq üzrədir.

Məlumat üçün qeyd edək ki, Bayıl zonasında "ParkBayıl" və "Mahal MTK"şirkətləri xeyli sayda hündürmərtəbəli binalar tikiblər. Hazırda da tikinti işləri davam edir. 

Maraqlıdır, Nazirlər Kabineti tərəfindən hələ 3 il əvvəl sürüşmə zonası kimi təsdiq edilən və tikinti aparılması qadağan olunan Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi nə dərəcədə düzgündür? Ümumiyyətlə, Abid Şərifovun məlum bəyanatı bayılda hansı əraziləri əhatə edəcək?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Cebhe.info açıqlamasında deyib ki, hələ 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası tərəfindən albomlar tərtib olundu: "Yəni, Azərbaycan və ayrılıqda Abşeronla bağlı iki albomumuz vardı. Həmin dövrü əhatə edən məlum sürüşmə ərazilərinin konturları və coğrafi koordinatları göstərilməklə onlar atlasda öz əksini tapır. Bu atlaslar Nazirlər Kabineti tərəfindən təsdiq olunub və müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına paylanıb. Həmin konturlar daxilinə düşəcək ərazilərdə hər hansı bir infrastruktur, fərdi ev,yol çəkilişi, başqa kommunikasiya xəttlərinin tikintisi aparılacaqsa, hökmən Fövqəladə Hallar Nazirliyinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq arayışı olmalıdır. Bu arayış ona görədir ki, sürüşmə ərazisi olduğuna görə ora xüsusi layihələr hazırlansın. Bu da gələcəkdə istifadə olunacaq materiallar, armature seçimində, bünövrə işində nəzərə alınsın. Onu deyə bilərəm ki, şəxsən mən işlədiyim quruma hər hansı bir müraciət olunmayıb”.

Hazırda Bayıl ərazisində irimiqyaslı tikinti işlərinin aparılmasına gəlincə, Əziz Qaralov məsələyə tikinti işlərinə rəy verənlərin cavabdeh olduğunu bildirib: "Sürüşmə təhlükəsi təyin olunan ərazilərlə bağlı tərtib olunan atlaslarda çəkilən konturlar o demək deyil ki, təhlükə həmin xətlər daxilindədir. Sürüşmə ərazisi təbiət olaraq genişlənə və sərhədlərini dəyişə bilir. Eyni zamanda yeni sürüşmə zonaları əmələ gəlir. Təbii ki, bununla bağlı bizə vaxtında müraciət olunmalıdır ki, vətəndaşlara ziyan dəyməsin, əziyyət çəkməsinlər. Kimlərsə hansı yollarlasa tikirlər, sabahkı gün isə xoşagəlməz proseslər baş verir. Vətəndaş ziyana düşür və müraciət edir dövlətə ki, kömək olunsun. Əlbəttə ki,bunu tikintiyə başlamazdan əvvəl düşünmək lazımdır. Müvafiq qurumlardan lazım olan arayışı almaq lazımdır ki, ərazidə ev tikmək olar, ya olmaz. Yaxud yamacı kəsmək olar, olmaz. Tərtib edilən o atlasdan müvafiq qurumlarda da var. Tərtib olunan atlasdan sonra hər hansı tikintiyə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası rəy verməyib”.

Əziz Qaralov onu da əlavə edib ki, Bayıl sürüşməyə meylli ərazidir: "Bu, yeni baş verməyib. Sürüşmə XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. İlk dəfə 1847-ci ildə Bayılın müxtəlif yerlərində sürüşmələr  və çökmələr olub. 2000-ci ildə baş verən sürüşmə zamanı Şəhidlər Xiyabanında ucaldılan abidənin divarlarında çatlar yaranmışdı. O vaxt geoloji işlər dövlət tərəfindən bizə tapşırıldı. Həmin ərazini Qanlı Göldən başlayaraq Yasamal ərazisinə qədər biz işlədik. Bu gün prosesin baş verdiyi ərazini təhlükəli zona kimi konturlarla bir yerdə hökumətə təqdim etmişik. Orada göstərilib ki, ərazidə tikinti aparmaq  və yamacı kəsmək olmaz. Hələ bu, 2004-cü ildə olan hesabatımızda da öz əksini tapıb. Amma gördüyünüz kimi, bu gün həmin yamac kəsilib, müəyyən evlər  tikilib və nəticəsi də məlumdur. Ümumiyyətlə, Bayıl zonası sürüşməyə meylli ərazi hesab olunur”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları