Yuxarı

Orta təbəqəyə yaşıl işıq?

Orta təbəqəyə yaşıl işıq?

Kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq.Bunu ötən gün jurnalistlərə açıqlamasında vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq:

"Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb".

Nazirin sözlərinə görə, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır:

"Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir.Bu da bir tərəfdən onların rəqabət qabiliyyətliliyini, digər tərəfdən vergi ödənişlərinin sabitliyini və büdcədən müəyyənləşdirə bildiyini və nəhayət dövlət büdcəsinin müvafiq gəlirlərin zəmanəti olacaqdır ki, bu da öz növbəsində dövlətin sosial infrastruktur cari xərclərinin vaxtı-vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq.Sadə dillə desək, vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq”.

Maraqlıdır, Milli Məclisdə vergi yükünün azaldılması barədə qanun layihəsi hazırlanırmı?

Millət vəkili Tahir Mirkişli "Cümhuriyət” qəzetinə bildirib ki, hələlik Milli Məclisə vergi yükü azaldılması barədə qanun layihəsi daxil olmayıb. Sahibkarlara hansı güzəştlərin nəzərdə tutulmasına gəlincə, deputata qeyd edib ki, vergilər naziri Mikayıl Cabbarov öz çıxışında kiçik və orta sahibkarlığın vergi yükünün azladılması barədə fikir bildirib:

"Böyük ehtimalla hökumət bunun üzərində işləyir. Hər halda qanun layihəsi Milli Məclisə daxil olandan sonra müzakirə ediləcək”.

Ümumiyyətlə, vergi yükü necə azaldıla bilər?Sadələşmiş vergini və ya mənfəət vergisini azaltmaq olarmı?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Cümhuriyət” qəzetinə bildirib ki, vergilərin azaldılması, yaxud ödənişlərdə müəyyən sadələşmələrin həyata keçirilməsini görüb danışmaq daha asan olardı:

"Əgər vergilər naziri bu fikirləri səsləndirirsə, deməli, hər hansı bir layihənin hazırlanmasından söhbət gedir. Çox güman ki, yaxın günlərdə o layihənin təqdimatı olacaq.Bu zaman hər birimiz məlumatlı olacağıq.Çünki söhbət konkret hansısa vergi yüklərinin azaldılmasından gedir.Məlumdur ki, bəzi müəssisə və təşkilatların, o cümlədən özəl qurumların vergi borcları yığılıb qalıb. Digər bir məqam ondan ibarət olabilər ki, həmin borcların bir qisminin silinməsi və yaxud da ödəniş vaxtının uzadılması ilə bağlı güzəştlər tətbiq edilsin. Həmçinin vaxtında ödənilməyən vergilərə görə cərimə sanksiyalarının hesablanmaması kimi güzəştlər də ola bilər. Sadaladığımız bütün bu ehtimallar iş adamlarına, müəssisələrə olunacaq güzəştlərdir. Ümumiyyətlə, vergi yükünün azaldılması ilə bağlı hansısa bir sənədin təqdim edilməsi haqqında konkret məlumatlı deyiləm.Əgər vergilər naziri bəyan edibsə, deməli, təşəbbüs var və yaxın zamanlarda bu layihə hazırlanıb parlamentə təqdim ediləcək. Bu zaman konkret tanış ola biləcəyik ki, söhbət hansı vergi yükünün azaldılmasından gedir. Bu, vergi dərəcələrinin azaldılması, vaxtında ödənilməyən vergilərə görə tətbiq olunan cərimələrin azaldılması, yaxud da yığılıb qalmış vergi borclarının silinməsi və ya bağışlanması da ola bilər”.

Vergi yükünün azaldılması kiçik və orta sahibkarlığın inkişafına necə təsir göstərəcək?

Ekspert hesab edir ki, əgər vergi yükü azalırsa, sahibkarlığın da yükü azalır:

"Sahibkarın öz işini genişləndirmək şansı daha çox olur. Vergi yükünün azaldımasının müsbət məqsədləri var. Vergilər dövlət xəzinəsinə yığılır.Dövlət xəzinəsinin xərcləri isə parlament tərəfindən qanun çərçivəsində təsdiqlənir.Vergi yükünün azaldılmasında konkret məqsəd azad sahibkarlığın inkişafını təmin etməkdir.Azad sahibkarlıq nə qədər yaxşı inkişaf etsə, büdcəyə daha çox gəlir gələr.Ancaq vergi yükü çox olanda təbii ki, sahibkarlar müəyyən qədər çətinlik çəkir, ödənişlərdə problemlər yaşanır və.s.Görünür, böyük monitorinq keçirilib və vergi yükünün azaldılması zərurəti əsaslandırılıb ki, vergilər naziri də bu təşəbbüslə çıxış edib.Hesab edirəm ki, atılacaq bu addımlar sahibkarlığın inkişafına bir təkan olacaq”.

Vergi yükünün azaldılması Azərbaycanı nə qədər cəlbedici edir?

Fikrət Yusifovun sözlərinə görə, Azərbaycanda olan güzəştlər paketi xarici investorları çox maraqlandırır:

"Ola bilsin ki, yeni təkliflərdə xarici investor üçün daha maraqlı olan güzəştlər tətbiq edilsin. Bu da nəticə etibarilə Azərbaycan iqtisadiyyatına daha çox investisiya axını təmin edə bilər.Hesab edirəm ki, növbəti dönəmlərdə hökumət bu istiqamətdə müəyyən işlər görəcəkdir”.

Y.Oqtayqızı





Həftənin ən çox oxunanları