Yuxarı

Dəyişən nəsə olacaqmı?

Dəyişən nəsə olacaqmı?

Ermənistanda cinayətkar bir hakimiyyət devrildi.

Cinayətkar Sarkisyan və onun 20 illik xuntası hakimiyyətdən uzaqlaşdırıldı. İstefaya getdiyini açıqlayan Serj Sarkisyanın səlahiyyətləri yenidən 6 gün öncə onu əvəzləyən Karen Karapetyana keçdi. 

Hadisələrin başlanğıcından Ermənistanda Sarkisyanın xuntasının devrilcəyi gözlənilirdi. Amma hərbi-polis diktaturasının köməyilə hakimiyyəti zəbt edən Sarkisyanın qan tökərək yenə də öz iqtidarını qoruyacağı da istisna olunmurdu. Bu dəfə alınmadı. Və budur- bir neçə günlük dirəniş nəticəsini verdi. Paşinyan adında bir deputatın çağırışı ilə əvvəlcə 200-300 nəfər küçəyə çıxdı. "Sarkisyan istefa verməlidir" şüarı  gündəmə gəldi. Etirazlar dayanmadıqca, etirazçıların sayları artdı və nəticəyə nail oldular. 

Onda işimiz yox ki, bu artım nəyin hesabına, necə oldu. Bizi bu halda ən çox düşündürən sual bu idi ki, əli azərbaycanlıların qanına batan uşaq qatili Sarkisyanın sonu çatacaqmı?

Əlimizdən dua etməkdən, xəbərləri dinləməkdən və yaymaqdan başqa heç nə gəlmirdi. Allah da dualarımızı eşitdi. Ermənilər bu cinayətkarı nəhayət ki, hakimi-mütləqlikdən devirdilər. Hakimiyyətdən qovdular. Nə yaxşı!!! 

Sarkisyan bununla canını ermənilərdən qurtara bilər. Amma azərbaycanlılar ondan əl çəkməlidirlərmi? Məncə, yox. Nə mümkünsə, onu etmək gərəkir ki,  uşaq qatili olan Sarkisyan öz cəzasını alsın. Beynəlxalq hüquq və qanunlar qarşısında cavab versin. Xocalıda törədilən soyqırımın hesabını sormaq zamanı çatıb. Sarkisyanın acı sonluğu elə bir dərs olmalıdır ki, bundan belə Ermənistanı yönətənlər bu sonu yaşamaq istəməsinlər.

İndi gözləyək görək, Ermənistan hansı yolu seçəcək. İnqilab lideri Paşinyan və adamları bu qələbəni kiminləsə bölüşəcək, yoxsa iqtidar olmağı təkbaşına yaşayacaq? "Qarabağ kartı"ndan necə istifadə edəcək? 

Proseslərin gedişi göstərirdi ki, Sarkisyan devrilənə qədər baş verənlərin əsas qayəsi məhz onun sonunun çatmasını ehtiva edir. Çünki onun çağırışına, "Qarabağ kartı"ndan istifadə taktikasına bu dəfə nə xaricdəki erməni diasporu, nə də Rusiya isti yanaşdı. Rusiya tərəfi baş verənlərin Ermənistanın daxili işi olduğunu bildirdi. Deməli, Sarkisyanın "torbası tikilmişdi” və hərbi xuntanın sahibi getməliydi, özü də belə - biabırcasına.  

Bəs bundan sonra necə olacaq? Qarbağla bağlı nikbin ola bilərikmi? Rusiyadan gələn ilk mesaj bu nikbinliyi şübhə altına alır. Rusiya Xarci İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sarkisyanın istefası xəbəri yayılan kimi öz "Facebook” səhifəsində yazıb: "Ermənistan, Rusiya həmişə səninlədir”. Bununla kifayətlənməyən Lavrovun sözçüsü yazdığı statusda erməni xalqını da xeyli tərifləyib. 

Zaxarovanın statusu və Sarkisyanın ardınca baş nazir kreslosuna yiyələnən Karen Karapetyanın da Qarabağ ermənisi olması bu ümidlərə şübhə toxumu səpir. Xatırladaq ki,  Karapetyan 14 avqust 1963-cü ildə Xankəndində anadan olub. İndi necə olacaq? Ermənistan demokratiya yoluyla irəliləyəcək, müharibə ritorikasından və işğalçılıq siyasətindən imtina edəcək, yoxsa hazırkı siyasəti və separatçılığı davam etdirəcək? Baxaq... Ancaq əsas məsələ həm də Sarkisyanın cəzalandırılmasına nail olmaqdır. Belə olarsa, yeni erməni hakimiyyəti gələcəyindən qorxuya düşüb, işğalçılıq və separatçılıq siyasətindən imtina edə bilər...

Rəfail Becanov





Həftənin ən çox oxunanları