Yuxarı

Ziya Məmmədovdan müflis oliqarxa vəfa borcunu qaytarır

Ziya Məmmədovdan müflis oliqarxa vəfa borcunu qaytarır

Sabiq nəqliyyat naziri Ziya Məmmədov ölkəni tərk edir. Bu iddia ilk olaraq keçmiş nəqliyyat nazirinin öz biznesinin bir hissəsini Türkiyəyə daşımasından sonra ortaya çıxdı. Proseslərin gedişatı onu göstərir ki, sabiq nazir haqqında səslənən bu iddiada böyük ölçüdə doğruluq payı var. Maraqlıdır, bəs Ziya Məmmədov niyə ölkəni tərk edir və seçim olaraq niyə məhz Türkiyə? 

Görünən odur ki, sabiq nazirin ölkədən çıxmasını şərtləndirən bir neçə səbəb var. Bunların biri Ziya Məmmədovun biznes maraqlarıdır ki, bu yöndə sabiq nazir haqqında səslənən iddialar onun keçmişinə dayanır. Belə ki, zamanında "dostluq” etdiyi azərbaycanlı milyarder, "AST” Şirkət Qrupunun rəhbəri Telman İsmayılovun Ziya Məmmədovu Türkiyəyə dəvət etdiyi haqqında məlumatlar var. Məlumdur ki, Rusiya məhkəməsi Telman İsmayılov haqqında cinayət işi açıb və hazırda azərbaycanlı milyarder beynəlxalq axtarışdadır. Məlumatlara görə Telman İsmayılov hazırda Fransada məskunlaşıb. Ancaq onun biznesi hələ də Türkiyədə fəaliyyət göstərir. Qeyd edək ki, Telman İsmayılov 2009-cu il 1.4 milyard dollara başa gələn "Mardan Palace” otelini Türkiyədə istifadəyə verərək Rusiyanın siyasi-elitasının qəzəbinə tuş gəldi. Bununla da T.İsmayılov biznesini Türkiyəyə daşımağa məcbur qaldı. Ancaq sonradan Telman İsmayılov ətrafında baş verən hadisələr onun işini çətinə saldı. Hazırda Telman İsmayılovun Türkiyədə olan biznes imperiyası "başsız qalıb”. Bu baxımdan iddia olunur ki, Ziya Məmmədov da məhz Telman İsmayılovun xahişi ilə Türkiyəyə gedib və hazırda onun biznesinə rəhbərlik edir. Sabiq nazir bir növ azərbaycanlı milyarderə vəfa borcunu qaytarır.

Təbii ki, Ziya Məmmədovun özünün də Türkiyədə şəxsi biznes imperiyası var. Hələ Məmmədov nazir postunda olanda, Azərbaycanda qurduğu biznes imperiyasının Türkiyə qolları da var idi. Sabiq nazirin biznesi təkcə Türkiyəyə deyil, Rusiyaya da uzanırdı. İddialara görə hazırda Ziya Məmmədov bütövlükdə öz biznes imperiyasını Türkiyəyə daşımağa hazırlaşır. Telman İsmayılovla Ziya Məmmədovun biznes ortaqlığına başlaması yeni xəbər olmasa da, hazırkı məqamda bu hər iki tərəfin işinə yarayır. Ziya Məmmədov uzun illər nazir nüfuzundan istifadə edərək Azərbaycanda qurduğu biznes imperiyasını (Qarant Holdinq) qorumağa çalışır. Baxmayaraq ki, artıq Qarant Holdinqə məxsus olan bir sıra hotellər, iri ticarət obyektləri müxtəlif səbəblərdən şirkətin balansından çıxarıldı. Sabiq nazir əlində qalanları qorumaq üçün hazırda ölkədən çıxmaq, biznesini Türkiyəyə daşımaq ən yaxşı çıxış yolu hesab olunur. Bu məsələdə diqqətləri cəlb edən digər bir amil isə Ziya Məmmədovun niyə məhz indi ölkədən çıxmasıdır.

Burada isə Ziya Məmmədovun qohumluq əlaqələri önəmli rol oynayır. Yeni hökumətdən kənarda qalan keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovla Ziya Məmmədovun quda olması bilinən həqiqətdir. Heydər Əsədov nazir olduğu müddətdə bir növ Ziya Məmmədovu da himayə etməyi bacarırdı. Bu baxımdan Ziya Məmmədov üzərində olan təhlükələri müəyyən qədər dəf etməyi bacarırdı. Baxmayaraq ki, Ziya Məmmədov zamanında qudasından daha çox nüfuza malik idi. Elə Heydər Əsədovun nazir postuna qədər yüksəlməsi də Ziya Məmmədovun nüfuzu ilə bağlı olan məsələdir. İndi isə Heydər Əsədov artıq nazir deyil və bu da bütün hədəfləri Ziya Məmmədovun üzərinə yönəldir. İddia olunur ki, Ziya Məmmədovun ölkədən çıxmasının bir səbəbi də məhz bu amildir. Nəzərə alsaq ki, Heydər Əsədov və ailəsinə məxsus biznes şəbəkəsi uzun illərdir məhz Türkiyədə fəaliyyət göstərir. Bu da qudaların Türkiyəyə getməsini şərtləndirən daha bir amildir.

Digər tərəfdən, Məmmədovların Türkiyədə böyük nüfuza malik siyasətçilərlə yaxın münasibətdə olduğu da bilinən həqiqətlərdəndir. Bu da onların özlərinə yeni təhlükəsizlik çəpəri qurması üçün seçdikləri ölkənin üstünlüklərindən biridir. Bütün hallarda ölkə daxilində daralan çevrə Ziya Məmmədov və tərəfdarşlarını ölkədən çıxmaq haqqında qərar verməyə məcbur edib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları