Yuxarı

Bazar özbaşınalığında son 25 gün

Bazar özbaşınalığında son 25 gün

Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət edib.

Agentlik istehsalçıları öz fəaliyyətinizi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırıb: "İstehsal etdiyiniz qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən  və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha nəzərinizə çatdırırıq. Eyni zamanda, önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk".

Müraciətdə deyilir ki, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir: "Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.

Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması, sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün olmuşdu”.

Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstərilməsi barədə təminat verir: "Cari il iyulun 1-dən öz səlahiyyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək.

Agentlik qanunvericiliklə ona verilmiş səlahiyyətlərin icrasını həyata keçirməklə yanaşı, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasını, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılması ilə yerli sahibkarların dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasını yaxından dəstəkləyir. Həmçinin Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, "Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqda maraqlıdır”.

Maraqlıdır, sahibkarlara 1 ay fürsət vermək lazım idimi?

"Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı "Cümhuriyət” qəzetinə bildirib ki, sahibkarlar nəinki bir ay sonra, hər vaxt standartlara uyğun keyfiyyətli məhsul istehsal etməyə borcludurlar: "Dövlətin bütün qanunları, eləcə də standartları keyfiyyətli məhsul istehsal etməyi tələb edir. Əgər sahibkar məhsul istehsal edirsə, bu, bütün standartlara cavab verməli və təhlükəsiz olmalıdır. Müəyyən reallıqlar var. Azərbaycanda yoxlamaların dayandırılması işbazlara bazarı saxta və keyfiyyətsiz məhsullarla doldurmağa şərait yaradıb. Bu, rəqabət mühitini zəiflətməkdən əlavə haqsız rəqabət şəraiti yaradır. Kimsə keyfiyyətli məhsul buraxır, maya dəyəri 10 manata başa gəlir, kimlərsə də keyfiyyətsiz məhsul istehsal edir, maya dəyəri 8 manata başa gəlir. Bu isə satışda keyfiyyətli məhsulları üstələyir”.

Ekspert hesab edir ki, Qida Təhlükəsizlik Agentliyi yeni yaradıldığından ölkədə iri yoxlamalar apara bilməz: "Buna Agentliyin maddi-texniki bazası, kadr potensialı və.s imkanları çatmaz. Agentlik bazarda real vəziyyətdən xəbərdardır. Nöqsanların aradan qaldırılması üçün istehsalçılara 1 ay vaxtın verilməsini bir şərtlə qəbul etmək olar. Belə ki, standartlara məhəl qoymayan istehsalçılara çox sərt cəzalar tətbiq olunmalıdır. Cəza adekvat olmalıdır. Tutaq ki, bir istehsal obyekti keyfiyyətsiz, saxta məhsullar buraxır. Həmin işbaz burdan təqribən ayda 100 min manata qazanır. Qanunsuz əməli aşkar olunan həmin istehsalçıya 5-10 min cərimə yazılır. Bu məbləğ onun qazancının yanında heç nədir. Cəzalar son dərəcə ağır olmalıdır ki, buna cəhd etmək barədə heç kim düşünməsin. Əgər istehsalçı dövlətin tətbiq etdiyi normativ aktlara əməl edə bilmirsə, müəssisəni bağlayıb getməlidir. O, əhalini zəhərləməli deyil, bu, ən ağır cinayətdir”.

Elçin Bayramlı onu da vurğulayıb ki, bir halda Agentlik istehsalçılara bir ay vaxt verib, zəhmət çəkib bu müddət başa çatandan sonra ölkə üzrə xəbərdarlıq etmədən yoxlamalara başlasın: "Yoxlamaları birbaşa satış şəbəkəsindən aparmaq lazımdır. Yoxlamanın vaxtını bilən sahibkar həmin gün yaxşı məhsul istehsal edir. O, lisenziyanı əldə edəndən sonra başlayıb keyfiyyətsiz və ucuz başa gələn məhsullar buraxmağa. Onların məhsulları istənilən satış mərkəzindən götürülüb müayinə olunmalıdır. Qanun pozuntuları aşkar olunarsa, sərt cəza tətbiq olunmalıdır. Çünki ərzaq təhlükəsizliyi həddən artıq strateji məsələdir. Bu, genetik fondun dağıdılması deməkdir. Buna imkan vermək olmaz”.

Müsahibimiz ölkə başçısının yoxlamaların dayandırılması ilə bağlı göstərişinin məqsədindən də danışıb. O bildirib ki, bu sərəncam ölkədə sahibkarlığın inkişaf etməsi və bu sahədə irəliləyiş xarakteri daşıyırdı: "Amma bəzən sahibkarlar bundan süi-istifadə etdi. Dövlət görür ki, bu sahədə olunan güzəştlər və göstərilən yumşaqlıq gözlənilən nəticəni vermir. Normal cəmiyyətdə bu belə effekt verməli deyil. Yoxlamaların dayandırılması məhsulun keyfiyyətinə təsir göstərməməlidir. Amma bəzən sahibkarlar bundan öz məqsədləri naminə istifadə edirlər. İnanmaq istəyirəm ki, QTA-yi dediyini edəcək və bir aydan sonra bazarda əsas tələbat məhsulları üzrə bütün istehsalçıların mallarını yoxlayacaq. Əgər Agentliyin xaricdən ölkəyə gətirilən malları yoxlamaq səlahiyyəti varsa, onları da yoxlamalıdır. Məlumdur ki, gömrükdə yoxlamırlar, yəni laboratoriya olmadığı üçün yoxlama zəifdir. Hesab edirəm ki, həm ölkədə istehsal olunan, həm də ölkəyə idxal olunan bütün məhsullara Agentlik cavab verməlidir”.

Elçin Bayramlı sonda onu da qeyd edib ki, deyilən müddət başa çatandan sonra bir qrup QHT-lərlə birlikdə monitorinq aparacaq: "Əgər bu istiqamətdə faktlar aşkar olunarsa, bu, QTA-nin necə işlədiyini göstərəcək. Yəni, dövlətin ona verdiyi səlahiyyətlərdən necə istifadə etdiyini, nəyi dəyişə bilib və.s kimi məsələlər təftiş olunacaq. Ərzaq təhlükəsizliyinə nəzarət etmək Agentliyin üzərində dövlət tərəfindən qoyulmuş borcudur. Həm ictimaiyyət, həm də media tərəfindən buna nəzarət olunacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları