Yuxarı

Dövlətin prioritetlərindən biri: Sosial müdafiə

Dövlətin prioritetlərindən biri: Sosial müdafiə

Ölkə başçısı İlham Əliyevin iştirakı ilə avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi mərasimi keçirilib. Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərasimdə məlumat verib ki, nazirlik "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alınıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilib.

Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı təqribən 4 minə yaxın insanın növbədə olduğunu bildirərək "Mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”,- deməklə yaxın gələcəkdə daha bir qrupun mənzil məsələsinin həll ediləcəyini söyləyib. 

Bir gün sonra, avqustun 2-də isə prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bu isə sözügedən məsələnin qısa zamanda reallaşması üçün atılan addımdır. 

Ümumiyyətlə, dövlət başçısı çıxışlarında dəfələrlə sosial təminata ehtiyacı olan ailələrin daim diqqət mərkəzində olduğunu və onların mənzil şəraitinin yaxşılaşdırılması üçün iş aparıldığını bildirib, bunu dövlətin prioritet sahələrindən biri elan edib. Demək olar ki, ölkənin bir çox regionlarında dövlət tərəfindən qaçqın və məcburi köçkünlər, müharibə veterenları və iştirakçıları, şəhid ailələri və digər sosial təminata ehtiyacı olan şəxslər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Qeyd edək ki, təkcə 2015-2017 ci illər ərzində Goranboy və Samux rayonlarında 25-dək fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Bundan əlavə, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilib. Bu siyahını kifayət qədər uzatmaq olar. Hövsan qəsəbəsində əlillər, Qobuda məcburi köçkün ailələri üçün yaşayış kompleksi salınıb və bu istiqamətdə tədbirlər davam etdirilir. 

Prezidentin son çıxışı və ardınca verilən sərəncam isə bu sahəyə diqqət və qayğının hələ gələcəkdə də davam edəcəyini deməyə əsas verir. Ayrılan 20 milyon manatın hesabına şəhid ailələrinə və müharibə iştirakçılarına yeni evlərin tikilməsi və ya hazır mənzillərin alınıb təmir olanması nəzərdə tutulur. Dövlət bu qəbildən olan insanların üzləşdikləri çətinliklərin çevik və effektiv şəkildə aradan qaldırılması üçün daim zəruri tədbirlər görüb və bu siyasətin davamlı xarakter alması təkcə ölkə daxilində yox, beynəlxalq miqyasda da təqdir olunur. Hazırda məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilir.

Doğrudur, hələ də sosial müdafiəyə ehtiyacı olan insanlar var ki, problemləri tam həll olunmayıb. Onların sosial müdafiəsinin təminində problemlər yaşanır. Prezident İlham Əliyev 2018-ci ilin ilk ayı üzrə Nazirlər Kabinetinin iclasında da bu məsələyə toxunaraq məsələdən xəbərdar olduğunu bildirib və problemlərin aradan qaldırılması üçün aidiyyatı üzrə konkret tapşırıqlar verib. Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində aparılan ciddi dəyişikliklər problemlərin yaxın gələcəkdə aradan qaldırılacağına ümid yaradır.

Məhz Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı da sosial təminata ehtiyacı olan ailələri qısa zamanda mənzillərlə təmin olunacağına əmin edib: "Sizə isə Azərbaycan dövləti bundan sonra da qayğı və diqqət göstərəcək. Buna əmin ola bilərsiniz. Biz əlimizdən gələni edəcəyik ki, bu gün növbədə dayanan şəhid ailələri, müharibə veteranları tez bir zamanda sizin kimi mənzillərlə, maşınlarla təmin olunsunlar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları